Home Arxiv 2016 № 121 Dekabr i.f.d Vüqar SƏMƏDOV-Bədəvi Xarakteri Qarşısında Hz.Muhamməd


    i.f.d Vüqar SƏMƏDOV-Bədəvi Xarakteri Qarşısında Hz.Muhamməd

      Share

             Bədəvilər dedikdə səhrada köçəri həyat tərzi sürən, şəhərlərdə yaşamayan ərəblər nəzərdə tutulur.

       Onların özünəməxsus adət-ənənələri və əxlaqi keyfiyyətləri vardır. Bədəvilər xarakterizə edilərkən onlarda müşahidə olunan mənfi xüsusiyyətlərdən əsasları kobudluq, həddi aşmaq və qabalıqdır. Belə ki, incə, nəzakətli, kübar davranışlar bədəvinin bilmədiyi şeylərdir. Hz. Peyğəmbərin (s.ə.s) “Kim səhrada köçəri həyat sürərsə, onda cəfa, kobudluq, qabalıq əlamətləri meydana gələr”[1] hədisində bu fikir öz əksini tapmışdır.

      Onlar bir-birlərinə, böyüklərinə və qəbilə başçılarına qışqırıb-bağıraraq, səslərini yüksəldərək birbaşa adları ilə və ya ləqəbləri ilə müraciət edər, danışarkən kübarlıq əlaməti olan hər hansı bir sayğı, nəzakət ifadəsi işlətməzdilər.[2] Hədislərdən də məlum olur ki, ümumiyyətlə, Hz. Peyğəmbərə (s.ə.s) birbaşa adı ilə edilən xitabların hamısı bədəvilər tərəfindən edilmişdir.[3] Nur surəsində belə rəftar edənlərə diqqət çəkən xəbərdarlıq var: “Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın! (Peyğəmbəri bir-birinizi çağırdığınız kimi çağırmayın. Ona “Muhamməd, nə deyirsən?” yox, “Bəli! Buyur, ey Allahın elçisi, ey Allahın peyğəmbəri!” – deyə cavab verin. Və ya Peyğəmbərin duasını öz duanız kimi hesab etməyin. Onun duası, sizinkilərdən fərqli olaraq, Allah dərgahında mütləq qəbul olunar). Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər![4]Allah Rəsuluna qarşı səsini ucaldaraq danışmaq Hucurat surəsinin ikinci ayəsi ilə də qadağan edilmişdir: “Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən əməlləriniz puç olar”.[5]

      Hüneyn qəzvəsində ələ keçirilən qənimətlərin Giranədə paylanması zamanı bədəvilər qənimətdən pay almaq üçün Allah Rəsulunu (s.ə.s) mühasirəyə almış, ona əziyyət verərək tikanlı səmura ağacına sıxışdırmış, cübbəsi ağacın tikanlarına ilişəndə də onu dartıb almışdılar. Hz. Peyğəmbər (s.ə.s) isə: “Cübbəmi mənə qaytarın! Bu iri tikanlı ağacın tikanlarının sayı qədər əlimdə qənimət dəvəsi və mal-qara olsa, mən onları aranızda bölərdim. Siz məni nə xəsis, nə yalançı, nə də qorxaq deyə ittiham edə bilərsiniz!”[6]- deyərək onları ağlı başında hərəkət etməyə dəvət edirdi.

      Ənəs bin Malik belə rəvayət edir: “Hz. Peyğəmbər ilə gedirdim. Allah Rəsulu (s.ə.s) əyninə Nəcran parçasından hazırlanmış, kənarları sərt və qalın bir xirqə geyinmişdi. Bir bədəvi Hz. Peyğəmbərə yaxınlaşıb xirqəsinin boyun tərəfindən tutdu, kobudluqla dartdı. Allah Rəsulunun (s.ə.s) boynuna qan izi düşdü. Sonra da belə dedi: “Ey Muhamməd! Əlində olan, Allaha aid mallardan mənə də verilməsini tapşır!”. Hz. Muhamməd bədəviyə dönüb təbəssüm etdi. Sonra da bir şeylər verilməsini əmr etdi”.[7] Hədisin daha geniş rəvayətlərinə görə hadisə Məscidi-Nəbəvidə baş vermişdir. Bədəvi iki dəvə ilə gəlmişdi. Dəvələri göstərərək: “Ey Muhamməd! Bu iki dəvəmə yeyəcək yüklə! Mənə nə öz malından, nə də atanın malından verirsən”, - dedi. Peyğəmbərimiz üç dəfə: “Xeyr, öz malımdan vermirəm, belə bir düşüncədən Allaha sığınıram. Amma kobudluğundan ötrü sənə qisas tətbiq edilmədikcə dəvələrini yükləmərəm”, - buyurdu. Bədəvi: “Xeyr, vallahi qisas alınmağa icazə vermərəm”, - dedi. Hz. Peyğəmbər şərtini üç dəfə təkrarladı. Amma bədəvi hər dəfə qisas aldırmayacağını deyirdi. Bunu eşidən səhabələr ayağa qalxıb irəli atıldılar. Səhabələrin bədəvini əzişdirməyindən çəkinən Hz. Peyğəmbər onlara: “Sözümü eşidənlərin mən icazə verənə qədər yerindən tərpənməməsini istəyirəm”, - dedi. Orada olan bir səhabəyə dəvələrdən birinə arpa, digərinə də xurma yükləməsini tapşırdı. Sonra da səhabələrindən dağılışmalarını istədi.[8]

      Peyğəmbərimiz bütün bu kobudluqlara baxmayaraq hər zaman əfv və islah yolunu seçmişdir. Kobud davranan birini əfv etməklə yanaşı, istədiyi malı da ona vermək böyük bir kamillik və bənzərsiz bir bağışlama nümunəsidir. Kiçikliyindən şiddət təlqinləri ilə yetişdirilən bədəvilərin hərəkət tərzinə kobudluq əks etmişdir. Sərt və kəskin təbiətinin təsiri ilə bədəvi qisas alınmasına icazə vermədi. Bədəvinin şərəf anlayışına görə bu, zillət mənasına gəlirdi. Hz. Peyğəmbərin ondan qisas tələb etməsi özü üçün deyil, bədəvinin islah olunması üçün, eqoizmini, kibrini, qürurunu başa düşməsi, mədəni insan halına gəlməsi, etika qaydalarına hörmətlə yanaşması səbəbi ilə olmuşdur.

       

       

       


      [1] Əbu Davud, Ədahi 24, 25;  Tirmizi, Fitən 69; Əhməd ibn Hənbəl  I, 764, III, 304, 443;  Heysəmi V, 443.

      [2] Cavad Ali, I, 276.

      [3] Buxari, Elm  6. Bu hədisə görə bir bədəvi Allah Rəsulu və səhabələrinin yanına gələrək  «içinizdə Muhamməd kimdir ?» demişdi.

      [4] ən-Nur, 24/63.

      [5] əl-Hucurat, 49/2.

      [6] Buxari, Zəkat  50, Cihad  24; Rəqaiq 20; Səfiyyürrəhman Mübarəkfuri, ər-Rəhiqul-Məxtum, Rabitatul-Aləmil-İslami, Məkkə, 1985, s. 472.  

      [7] Əbu Davud, Ədəb 1; Nəsai, Qəsamə 23,24; Əhməd b. Hənbəl III, 136.

      [8] Nəsai, Qəsamə 23, 24.

       

      • Hits: 199 clicks

      Tecox component by www.teglo.info