Firdovsi HƏSƏNOV- Zərərli Vərdişlər "Özümü Şir Kimi Hiss Edirəm"

      Share

      Allah-Təala Qurani-Kərimdə belə buyurur:

      “Şübhəsiz ki, şeytan içki və qumar vasitəsi ilə aranıza düşmənçilik və kin salmaq və sizi Allahı anmaqdan, namazdan uzaqlaşdırmaq istəyir. Artıq bunlardan vaz keçdiniz, elə deyilmi?!” (əl-Maidə 91)

      Alkoqol tərkibində etil spirti olan və içildiyi zaman insana müvəqqəti kef və sərxoşluq verən, eyni zamanda vücuda zərərli təsir edən, bir çoxlarında vərdişə çevrilən içkilərdəndir. İçkisiz dayana bilməyənlərə, bədən və ruhi-mənəvi sağlamlığını, ailə münasibətlərini və sosial-iş həyatını pozacaq dərəcədə sərxoşedici içki qəbul edənlərə alkoqolik deyilir.

      Bir tanışım danışır: “Rayonların birində uzaqdan tanıdığımız  bir şəxs vardı. Gözəl xasiyyəti olmasına baxmayaraq, çox pis bir vərdişi var idi – içki içirdi. Özü də həddindən çox. Ona görə də ətrafında heç kimsəsi, demək olar ki, qalmamışdı. Ailəsi, dostları, qohum-əqrəbaları az qalmışdı ki, onu tərk etsin. Bir gün dostlarımızla bərabər qərara gəldik ki, onunla danışaq və bu pis vərdişdən qurtulması üçün ona tövsiyə verək. Günorta vaxtı idi. Həmin yoldaşı taparaq söhbət etməyə çalışdıq. İlkin olaraq çox sərt qarşıladı. Amma niyyətimizin pis olmadığını görüb bizimlə danışmaq qərarına gəldi. Ona verdiyim ilk sual belə oldu:

      - Nəyə görə içki içirsən?

      Başını aşağı salaraq, - bilmirəm, - dedi.

      - Bəs içəndə özünü necə hiss edirsən?

      - Şir kimi, - deyərək dodaqaltı mızıldandı.

      Biz ona içki içməyi tərk etməsinin öz xeyrinə olacağını, özünü “şir” kimi hiss etsə də, kənardan baxanda çox gülünc göründüyünü söylədik. Adam xəcalətindən başını aşağı salaraq pərt oldu. Heç bir şey deyə bilmədi.  İçkinin insan üçün nə qədər zərərli olduğunu ona başa salmağa çalışdıq. Yanımızdan durmağıyla getməyi bir oldu.  

      Xeyli müddət həmin adamı görmədik. Bir cümə günü namazda həmin adamla qarşılaşdıq. Təbii ki, çox sevindik. Açığı, heç nə soruşa bilmədik, sevincimizdən nitqimiz tutuldu elə bil. Bizi görüncə heç nə soruşmağa imkan vermədən bildirdi ki, hələ ki, cümə namazlarına gəlir və gələn həftədən etibarən bütün namazlarını axsatmadan daim qılacaq. İnşallah, deyib sağollaşıb ayrıldıq”.

      Alkoqolizm, spirtli içkiləri müntəzəm qəbul etmək nəticəsində yaranan və içkiyə aludə etdirən bir xəstəlikdir. Bu xəstəlik fiziki və psixi pozğunluqlar törətməklə şəxsin nüfuzuna mənfi təsir göstərir. Alkoqol əsasən beyin hüceyrələri üçün zərərlidir. Sərxoş adam ilk anlar şənlik edir, kefi durulur və s. Amma içkinin təsiri artdıqca, bütün bunlar əsəbilik, ədəbsizlik, hövsələsizlik və kobudluqla əvəzlənə bilər.

      “Bütün pisliklərin anası” olan içkinin azı da, çoxu da haramdır. Zərərli vərdişlərdən olan içkinin (şərabın) insan həyatına olan zərərləri danılmazdır. Uca Rəbbimiz bizim üçün saysız-hesabsız nemətlər yaratmış və ixtiyarımıza vermişdir. Amma təəssüflər olsun ki, bəzi insanlar  bu saysız-hesabsız  halal nemətlərdən qaçaraq harama üz tuturlar. İnsanın ağlını başından alacaq hər cür vasitə də dinimizdə haram buyurulan məhsullardan sayılır. Hədisi-şərifdə belə  buyurulur: “Çoxu sərxoş edən şeyin azı da haramdır”. (Əbu Davud, Tirmizi, Nəsai, Əhməd bin Hənbəl)

      Hədisi-şərifdə də deyildiyi kimi, nə çoxu, nə azı, əgər bir şey insanı sərxoş edirsə, deməli haramdır. Spirtli içkilərdən istifadə etməmək üçün öz sərhəddimizi idrak etməliyik. Bu sərhəddi elə dəqiqlik və tarazlıqla qorumalıyıq ki, axirətdəki mükafatımıza zəmanət qazanaq.

      Allah Rəsulu (s.ə.s) başqa bir hədisində belə buyurmuşdur:

      “Allah içkini, onu hazırlayanı, saxlayanı, məsrəf edəni, bağışlayanı, alanı, satanı, pulunu xərcləyəni, daşıyanı və içki düzəltməyə yardım edəni lənətləmişdir”.

      • Hits: 258 clicks

      Tecox component by www.teglo.info