Saleh ŞİRİNOV- İslam Mədəniyyətində MƏSCİD

      Share

      Keçmişdəki məscidlərin funksiyası ilə indiki vaxtda olan məscidlərin funksiyası fərqlidir. Keçmişdə İslam şəhərlərinin ürəyi olan məscidlər, indiki vaxtda yalnız namazların əda edildiyi məkanlara çevrilmişdir: vaxt namazları, cümə namazı, bayram namazı və cənazə namazı.

      Tariximizə nəzər saldığımız zaman görürük ki, məscidlər mədəniyyətimizdə əhəmiyyətli bir ünsürdür, sanki mədəniyyətimizin mərkəzidir. Çünki mədəniyyətimizin qaynağı dindir, dinin də yayıldığı məkanlar məscidlərdir. Məscidsiz, yəni məbədsiz bir din düşünülə bilməz. Dinlər məbədlərdə öyrənilər, məbədlərdən yayılar.

      İslam mədəniyyətində məscidlərin funksiyalarını: a) Məbəd, b) İdarə mərkəzi, c) Elm və mədəniyyət mərkəzi olaraq üç qrupda mütaliə etmək mümkündür.

      a) Məbəd olaraq: Əsas etibarilə məscidlər içində ibadət edilmək üzrə tikilmişlər. Bu etibarla da qüdsiyyət qazanmış və “Allahın evi” adını almışdır. Quran bu məbədlərin Allahın adının xatırlanması üçün tikildiyini ifadə etməkdədir (əl-Cin, 72/18). İslam dini cəm halda ibadəti təşviq etmişdir. Camaatla qılınan namaz tək qılınandan 25-27 dərəcə daha üstün tutulmuşdur. Hər rəngdən və sinifdən insanın bir yerə yığışıb çiyin-çiyinə ibadət etmələri ictimai həmrəyliyin təmin edilməsində əhəmiyyətli bir faktor olmuşdur.

      b) İdarə Mərkəzi Olaraq: Hz. Peyğəmbərin (s.ə.s) peyğəmbərlik vəzifəsi ilə birlikdə dövlət başçılığı, hakimlik, komandanlıq kimi vəzifələri də vardı. Bu vəzifələr İslam dövlət başçısının vəzifələridir. Mədinədəki Məscidi-Nəbəvi Onun (s.ə.s) bu vəzifələrinə uyğun olaraq dövlətin idarə mərkəzi xüsusiyyəti daşımaqda idi. Elçilər orada qarşılanar, bəzən orada qonaq edilər, ordu orada təchiz edilib səfərə göndərilər, şikayətlərə orada baxılar, dövlətin xəzinəsi orada mühafizə edilər və sərf edilməsi lazım olan yerlərə oradan sərf edilərdi. Məscidlərin bu vəzifələri vilayətlər səviyyəsində də eyni idi. Məscidlər xalqın bir-birləriylə və dövlətlə qaynaşdığı yerlər idi.

      c) Bir Elm və Mədəniyyət Mərkəzi Olaraq: Heç bir din İslam qədər elmə əhəmiyyət verməmişdir. Özünün “müəllim” olaraq göndərildiyini ifadə edən Hz. Peyğəmbər (s.ə.s) Məscidi-Nəbəvidəki “Suffə” ilə elm ocaqlarının ilk təməlini atmışdır. Suffə yatılı bir universitet xüsusiyyəti daşımaqda idi. Hz. Peyğəmbərlə (s.ə.s) başlayan dərs halqaları fərqli elm sahələrini də ehtiva edərək əsrlər boyu məscidlərdə davam etmişdir.

      Məscidlər müsəlman bir diyarın gözətçisidir, sahibidir, sənədi və qapısıdır. Məskunlaşma yerləri məbədləriylə tanınar. Sanki məbədlər diyarların şəxsiyyətləridir.

      Məscid ilə müsəlman diyarının əlaqəsini diqqətə çatdırması baxımından maraqlı bir hekayə var. Belə ki, bir gün padşah bir səbəblə İncili çavuşu cəzalandırır və nə müsəlman, nə də qeyri-müsəlman olan bir yerə getməsini əmr edir. İncili çavuş məscidi olmayan, evləri çadırdan bir kəndə yerləşir. Bir zaman sonra İncili çavuşu hüzuruna gətirtdirən padşah niyə o kəndə getdiyini soruşur; çünki ora da müsəlmanların yaşadığı yerdir. İncili çavuş belə cavab verir: “Müsəlman desəm, məscidi yoxdur. Xristian desəm, kilsəsi yoxdur. Yəhudi desəm, sinaqoqu yoxdur. Nə müsəlman, nə də kafir olan yer olaraq çadırları tapdım”, - deyər.

      Bu hekayədə də ifadə edildiyi kimi, məscidlər müsəlmanlığımızın isbatı və simvoludur. Millət olaraq getdiyimiz hər yerə əvvəlcə məscidlər tikmişik və oraları məscidlərlə vətənləşdirmişik. Uşaqlarımızı məscidlərdən yayılan azan səsləri ilə böyütmüşük.

      Hz. Peyğəmbər zamanında fərqli ictimai məqsədlər üçün də istifadə edilən məscid bir çox müəssisənin təməlini meydana gətirmişdir. Məscidlərə sığa bilməyəcək qədər böyüyən bu müəssisələr daha sonra məscidlərin əhatəsində tikilən külliyələri meydana gətirmişdir. Zamanla məscidlər, hər kəsin oxuması üçün əsərlərinin bir nüsxəsini buralara buraxan müəlliflər sayəsində, bir kitabxana xidməti də vermişdir. Satın alınan kitablarla zənginləşdirilən bu kitabxanalar “hafizi-kütüb” adı verilən məmurlar tərəfindən idarə edilərdi. Beləcə, məscidlər ruh və maddənin inteqrasiya olunduğu bir mərkəz halında idi.

      Məscidlərdə möminlər sudakı balıqlar kimidir. Balıq susuz, mömin məscidsiz qala bilməz. Məscidlərdə başlayan həyatımız məscidlərdən yola salınmağımızla sona çatar. Heç məscidə getməyən bir müsəlman belə əvvəl-axır məscidə girmək məcburiyyətində qalır; elə isə, başqaları onu çiyinlərində məscidə gətirmədən, öz ayaqları ilə məscidə gəlmək müsəlman üçün daha doğru bir seçim olar.

      Məscidlər müsəlmanın məclisidir, məktəbidir, məbədidir. Orada toplaşar, orada köməkləşər, orada qaynaşar, orada tanış olar, orada dinini öyrənər, orada ibadət edər, orada səcdəyə bağlanar və oradan qəbrə yola salınar. 

      • Hits: 372 clicks

      Tecox component by www.teglo.info