Əziz Sultanov -HARA GEDİRSİNİZ?

      Share

      İnsan oğlu bəzən çox cəsarətli, qorxmaz, cürətkar görünsə də, bəzən çox miskin, yazıq, köməyə möhtac bir görünüşü özünə rəva bilir.

       Onun bu acizliyin təsiri ilə yumşalması üçün elə də çox böyük bir qüvvənin təzyiqi altında qalmasına ehtiyac yoxdur. Barmağına batan kiçik bir tikan belə onun ufuldaması, inildəməsi və məsum-məsum kömək gözləməsi üçün kifayət edir. Və ya onu bir səfərə çıxarkən müşahidə edəcəksiniz: Bəlkə də, gedəcəyi yer çox da uzaq deyil, qonşu rayona gedəcək, qonşu ölkəyə gedəcək, uzaq başı qonşu qitəyə keçəcək. Dünya nə boydadır ki?! Kainatın ortasında bir zərrə! Amma bir də insan oğlunun etdiyi hazırlıqlara bax: zənbillər, torbalar, ehtiyat ayaqqabıdan tut yol boyu başını qata biləcək əyləncə vasitələrinə qədər götürə biləcəyinin maksimum həddini doldurmağa çalışar. Balaca minik maşını ilə gedirsə, baqajda artıq barmaq qoyacaq boş yer qalmayıb. Yol haqqında məlumat əldə etmək üçün göstərilən səyləri demirəm!.. Əvvəla iş yoldaşlarından, sonra qonum-qonşudan, tanış-bilişdən və ən əsası da “internetdən” gedəcəyi yer haqqında dolğun məlumat əldə etməyə çalışar. Hələ naviqatoru demirəm, birdən, Allah eləməsin, səhv yola girər, gedib ayrı yerə çıxar! Yol boyu gözü lövhələrdə olar və hər döngəyə, hər yolayırıcına bir məlumatverici lövhə yerləşdirmədiyi üçün yol idarəsini qınayar... Bütün bunları əleyhinə olduğum üçün sadalamadım, əlbəttə, bunlara ehtiyacımız var ki, bu ehtiyacımızı ödəməyə çalışırıq. Əgər insan oğlu bir yol göstərənə, yol bilənə - bələdçiyə möhtac olmasaydı, onu xəlq edən Rəbbi onun üçün bir “bələdçi” göndərməzdi. Bu kiçicik dünyamızda, bizə ayrılan bu azacıq ömür müddətində hara dönməliyik, harada dayanmalıyıq, haranı minimum sürət həddi ilə keçməliyik, haraya giriş qadağandır... bunların hamısını gözə görünən, böyük hərflərlə yazılmış, yaxşı işıqlandırılmış lövhələr halında yolumuzun üstündə görmək bizim haqqımız (!) deyilmi?! Birdən əyri yola düşsək, bizim axırımız necə olar?

      Qurani-Kərimin müxtəlif adları var. Onlaradan biri də Furqandır, əyri ilə doğrunu, haqq ilə batili bir-birindən ayıran Furqan. Bu müqəddəs Furqanımızın ət-Təkvir surəsində Haqq-Təala Qiyamət səhnəsini çox incə təfərrüatı ilə açıq-açıq anladaraq hər kəsin öz əməli ilə qarşılaşacağını, bütün əməllərini gözünün qarşısına gətirərək böyük bir təlatümlə sarsılacağını bəyan edir. Bizə bu xəbəri gətirən Quranın, həqiqətən, bizə doğru yolu göstərən bir rəhbər olduğunu ifadə edir. Sonra da belə buyurur: “Elə isə (bu həqiqəti sizə bəyan etdiyim halda ondan üz döndərib) hara gedirsiniz? O, aləmlər üçün ancaq bir xatırlatmadır (sizə doğrunu və əyrini göstərərək nəsihət edir). Eləcə də sizdən doğru-düz (məqsədəuyğun yolda) olmaq istəyənlər üçün (bir bələdçidir)” (ət-Təkvir, 26-28).

      Eyni surənin baş tərəfində Qiyamət günü ən böyük peşmançılığı yaşayacaq olanlara işarə edilir: “Diri-diri torpağa gömülən qız uşaqlarına soruşulduğu zaman; axı o, hansı günahına görə öldürülmüşdü?” (ət-Təkvir, 8). Qiyamətə qədər bizə yol göstərən bir kitab və o kitabda günahsız qız uşaqlarının diri-diri torpağa gömülməsini, diri-diri məhv edilməsini ikrah hissi oyadaraq anladan, bundan şiddətlə çəkindirən bir ayə. Bu ayəni çox rahatlıqla keçmişdə yaşayan cahil, bədəvi ərəblər haqqında şərh edə bilirik, onların çirkin və qəddar adətlərini Allah Rəsulu Rəbbindən aldığı bu “zikr”lə, bu xatırlatma dolu rəhbərlə dəyişdirdi, qadına lazım olan hörmət-izzəti lazım olan həddə çatdırdı.

      Bəs günümüzün “bədəvi müsəlmanları” nə ilə məşğuldur? Qız uşaqlarını diri-diri internetin, sosial həyatın kirli girdablarında yalnız buraxan ata-ana ondan bir gün: “bu qızın günahı nə idi ki, sən ona gözəl əxlaqı, gözəl tərbiyəni verməyib onun həyatını məhv etdin?” deyə soruşularsa, nə cavab verəcək?!

      Əlbəttə ki, günah və ya nalayiq, ədəbəzidd hərəkətlər təkcə qadına aid deyil. Oğlan uşağı da eyni şəkildə valideyninin himayəsində, onun bələdçiliyində başlayır bu həyata və özünə yön seçərək yoluna davam edir. Yoldakı işarələri necə oxuyur, nə qədər başa düşərək riayət edir, Allahın göndərdiyi “bələdçi”, doğru yolu göstərən rəhbər onun üçün nə qədər istiqamətverici olur, bunları axirət inancı olan bir valideynin ciddi-ciddi düşünməsi lazımdır.

      Bir harama gözü sataşanda, o anda Allahın onu müşahidə etməyindən narahat olmayan kimsə, heç olmasa, o mənim bacım, bir yaxın qohumum ola bilərdi, düşüncəsi ilə nəzərlərini yığışdırıb özünə hakim ola bilmirsə, o insanlardan soruşmaq lazımdır: “Hara gedirsiniz?”

      • Hits: 421 clicks

      Tecox component by www.teglo.info