Fuad QULİYEV-Bir imtahandır virtual aləm

      Share

      Həyatın başdan sona bir imtahan olduğuna dair çoxumuzun şübhəsi yoxdur.

       Sahib olduğumuz bir çox şey, maddi imkanlar, zənginlik, vəzifə, iş və s. bunların bir hissəsini təşkil edir. Həmçinin bunlardan biri də bizim real yaşamımızın üstündə yer alan virtual həyat tərzimizdir ki, imtahanın ən əsas hissələrindən biri məhz burada davam etməkdədir. Məhrəm və naməhrəm xüsusların kəskin şəkildə ayırd edilərək diqqət və etina göstərilməsi son dərəcə həyati əhəmiyyət daşıyan bir məkan...

      Həyatımızın bir çox sahəsini asanlaşdıran, uzağı yaxına gətirən, insanların ortaq söhbətlər qurması və yazışma imkanlarını təmin edən bir vasitə rolunu oynayır günümüzdə internet resursları. Ancaq bununla yanaşı, bir çox problemi də bərabərində gətirməkdədir.

      İnternet resurslarından istifadə edərkən İslami dəyərlər, əxlaqi ölçülər çərçivəsindən kənara çıxmayaraq şüurlu bir şəkildə ehtiyacını qarşılaması hər bir iman sahibi insanın vəzifəsidir. İnsanlar virtual aləmdə də öz məsuliyyətlərini dərk etmək məcburiyyətindədirlər. Yaxşı, pis, savab, günah, halal, haram, doğru, yanlış, gözəl çirkin məfhumları həqiqətdə də, virtual aləmdə də keçərlidir. Necə ki, möminin həyatının hər anında yaradıcısına, ailə, qohum, qonşu, ərtafı və bütün insanlara qarşı məsuliyyətləri varsa, bu, həm real həyatda, həm də internet aləmində keçərlidir. Doğruluq və istiqamət üzrə hərəkət edərək həyatını tənzim etmək dünya və axirətimizin qurtuluşu üçün yeganə yoldur.

      Müsəlman “gözlər onu idrak edə bilməz, ancaq O, bütün gözləri görür və bilir” həqiqətini unutmamalıdır. Məhz virtual aləmin imkanlarından istifadə edərkən bu həqiqətin fərqinə varmalıdır. İman sahibi kimsə “Mən Onu görməsəm də, O, məni görür” şüuru ilə hərəkət edər. İman sahibi kimsə Kiramən-katibin mələklərinin (yazan mələklər) daim fəaliyyətdə olduğunu beynində canlı tutmalıdır. İman sahibi kimsə zərrə qədər yaxşılığın və savabın da, zərrə qədər pislik və günahın da qeyd edildiyi şüuru ilə hərəkət edərək haram olan şeydən uzaq durmağa çalışmalıdır. İman sahibi kimsə axirətdə “oxu kitabını!” deyildikdə gizli-açıq hər şeyi o kitabda tapacağının Qurani-Kərimin bizə çatdırdığı bir həqiqət olduğunu yaddan çıxarmamalıdır.   

      Hər nə olursa olsun, həyat ölçülərimizi və dəyərlərimizi mühafizə edərək yaşantımızı dizayn etmək məcburiyyətindəyik. Əks halda, istəmədiyimiz ünsürlər bizim həyatımızı istədiyi şəkildə dizayn etməyə başlayar və o zaman fərqinə varmadan “xüsran”a düşdüyümüzün şahidi olarıq. Allah mühafizə eləsin! Hər bir fərdin birinci növbədə özünü qoruması, sanki vücuduna, beyninə, qəlbinə antivirus yükləməsi lazımdır ki, özünü saf və təmiz tutaraq öz ailəsini, yaxınlarını, sevdiklərini də müxtəlif cür fitnə və fəsadlardan qoruya bilsin. Hər bir şey birinci növbədə özümüzdən başlamalıdır.

      Haramlardan, naməhrəm şeylərdən uzaq durmaq üçün Allaha dua və ibadətlər etməli, daha faydalı işlərlə zamanımızı keçirməliyik. Eyni zamanda dost-tanış mühitinin də buna görə qurulması lazımdır.

      İnternet səbəbilə boşanmaların artdığı, yuvaların yıxıldığı kimi məsələlər günümüzdə bilinən bir həqiqətdir. Buna yönəlik bəzi araşdırmalar boşanmaq istəyən hər on ər-arvaddan yeddisinin boşanma səbəbi olaraq bir-birlərindən görmədikləri sevgi və hörməti virtual aləmdə, qaynağı kim və nədən ibarət olduğu məlum olmayan ünsürlərdə görərək ailələrin dağıldığını göstərməkdədir. Ailə münasibətlərinə zərər verən istər real, istər virtual olsun, pis vərdişlərdən uzaq durulması vacibdir.

      Qadın və ya kişinin məhrəmliyini virtual aləmdə başqalarına ifşa etməsi, bunu başqaları ilə paylaşması dini cəhətdən uyğun olmayan şeylərdir. Evli kişi və qadın bir-birləri üçün hər cür çirkinliyə və harama qarşı örtü kimidirlər. Bu örtü ortadan qalxdığı zaman məhz  ailədaxili problemlər, gizli həyat tərzi və s. kimi bərpası mümkün olmayan fəsadlar özünü göstərməyə başlayar. Özü ilə yanaşı, ailəsi və övladları da bu işin acı nəticəsindən özlərinə pay alarlar. Odur ki, Allahın bizə şah damarımızdan daha yaxın olduğu həqiqətini unutmayaraq ömür yolçuluğunu sürdürmək ən vacib vəzifəmizdir.

       

      • Hits: 445 clicks

      Tecox component by www.teglo.info