Firdovsi Həsənov-Erkən solan çiçəklər (Araşdırma

      Share

      Erkən yaşda abort, nikah və uşaq dünyaya gətirmək

      Ailə Məcəlləsinə əsasən, Azərbaycanda nikah yaşı 18 yaş olaraq müəyyən edilmişdir. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən, lakin nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.  Məlumata görə, nikah yaşına çatmayan qızlar tərəfindən doğulan körpələrin sayı təsbit edilib. 2015-ci ildə nikah yaşına çatmayan, 15-17 yaşlı qızlar tərəfindən 3 minə yaxın körpə dünyaya gətirilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2015-ci ildə ölkədə 166,2 min körpə qeydə alınıb. Ötən il doğulan körpələrin 2895 nəfəri 15-17 yaşda qadınlar tərəfindən dünyaya gətirilib. Onlardan 1003 nəfəri şəhər, 1892 nəfəri isə kənd yerləri üzrə qeydə alınıb.

      Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci ildə 15-17 yaşı olan 131 qız aborta məruz qalıb. Sonrakı illərdə bu rəqəm bir qədər də artıb.2009-cu ildə 15-17 yaşında 145 qız, 2010-cu ildə isə bu yaşda 158 qız abort etdirib. 2011-ci ildə Azərbaycan üzrə yeniyetmə qadınlar arasında edilən abortların sayı 1204 olub.  Onlardan 15-17 yaş arası 135 nəfər, 18-19 yaş arası isə 1069 nəfərdir. Hər 1000 yeniyetməyə görə abort göstəricisi isə 15-19 yaş – 2,9 faiz, 15-17 yaş – 0,6 faiz, 18-19 yaş – 6,1 faizdir. Statistikada əsas diqqəti çəkən məqam yetkinlik yaşına çatmayan 15-17 yaş arası 135 nəfərin abort olunmasıdır.

      Erkən evlilik və qadın zorakılığı təkcə bizə aid bir problem deyil. Əslində bu qlobal bir xəstəlikdir ki, bütün dünya bunun əziyyətini çəkməkdədir. Xüsusilə inkişafdan geridə qalmış və müstəmləkə həyatı yaşamış ölkələrdə bu çox ciddi nəticələr meydana gətirib. Maraqlı bir faktı sizinlə bölüşmək istədim: Keniyada Umoca adında bir kənd  var və bu kəndin əsası 1990-cı ildə qoyulub. Kəndi britaniyalı əsgərlərin zorlamasına məruz qalan 15 qadın salıb və bura cinsi zorakılığa məruz qalmış qadınlar üçün sığınacağa çevrilib.  Növbəti illərdə də kəndə axın güclənib və əhalisi çoxalıb. Umoca kəndi qadınların hesabına əhəmiyyətli dərəcədə böyüyüb. Məcburi evlilikdən, fiziki və mənəvi zorakılıqdan, erkən nikahlardan və qadın sünnətindən qaçanlar bura sığınırlar. Samburu xalqının adət-ənənəsinə qarşı çıxan qadınlar Umocada təhlükəsiz şəraitdə yaşayırlar.

      “Woman Stats Project” qadın təşkilatının məlumatına görə, qadınlara təcavüz edilən ölkələr iki qrupa bölünür. Çox təəssüf ki, bu ölkələrin sıralarında, yəni birinci qrupda müsəlmanların kütləvi şəkildə yaşadıqları ölkələr də yer almaqdadır: Əfqanıstan, Hindistan, Pakistan, Səudiyyə Ərəbistanı, Yəmən, İraq, Suriya, İordaniya, Sudan və digər Afrika ölkələri. Qadınlara təcavüz edilən ölkələr arasında Çin, Vyetnam, Laos, Tayvan, Cənubi Koreya, Tayland kimi ölkələr də var.  Eyni zamanda Amerika Birləşmiş Ştatları da qadınlara ən çox təcavüz edilən ölkələr arasındadır.

      Uşaqlar arasında cinayətkarlıq

      Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, təkcə 2015-ci ilin birinci yarısında cinayət törətmiş 14-18 yaşadək olan uşaqların sayı 239 olub ki, bunun 232 nəfəri oğlan, 7 nəfəri isə qızlardır. Məlumata əsasən, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə cinayət törətmiş uşaqların sayında azalma olub. 2014-cü ilin birinci yarısında baş vermiş olan 242 cinayət hadisəsini də 14-18 yaşadək uşaqlar törədib ki, bunun da 232 nəfəri oğlan, 10 nəfəri isə qızlar idi. 2015-ci ilin birinci yarısında 142 nəfər 14-18 yaşadək olan uşaqlar məhkum edilib ki, bunların 139-u oğlan, 3-ü qızlardır. 2014-cü ilin müvafiq dövründə isə məhkum edilmiş 14-18 yaşadək uşaqların sayı 150 nəfər olub ki, bunun 148 nəfəri oğlanlar, 2-si isə qızlar olub. Bu yeniyetmələrin müəyyən bir qismi cərimə olunub, müəyyən bir qismi islah işlərinə və ictimai işlərə cəlb olunub, müəyyən bir qismi isə şərti məhkumetməyə cəlb olunub.

      Ümumi nəticəyə gələrək deyə bilərik ki, bu barədə cəmiyyətimizdə görüləsi xeyli işlər vardır. Bunların da ən birincisi maarifləndirmədir ki, bizlər gənc nəslə bunu aşılamalıyıq. Məktəblərdə, ictimai qurumlarda bu kimi halların qarşısının alınması üçün maarifləndirici silsilə tədbirlər təşkil olunmalı, təhsilin və ictimai şüurun səviyyəsinin artırılmasına daha çox səy göstərilməli və eyni zamanda da gələcəyimizin düzgün inşası üçün nə qədər məsuliyyət daşıdığımızın fərqində olmalıyıq.

      Qeyd: Yazı ilə əlaqədar olaraq bəzi mənbələrə istinad olunub

      • Hits: 454 clicks

      Tecox component by www.teglo.info