Eldar Kərimov-Psixodram Uşaqlar və Böyüklər

      Share

      Uşaqların sevmədiyi insan olmur. Sadəcə gözlərinə yad görünən insanlar olur.

       Hamı onlar üçün əzizdir. Kiçik bir şokoladla xoşbəxt olur onlar, üzlərində təbəssüm, gözlərində sevinc canlanır. Böyüklər möhtac olduqları saflığı və gözəlliyi uşaqlarda gördükləri üçün əzizləyirlər onları. Uşaqlar daha çox ağlağan görünsələr də, onlar böyüklərdən daha çox gülürlər.  Əllərində olan şeyləri almaq istədiyiniz zaman verməsələr də, bir neçə dəqiqə sonra həmin şeyləri  dəyərsiz bir əşya kimi evin bir küncündə  tapmaq mümkündür. Onlara görə əşyanın dəyəri yox, onlara verdiyi xoşbəxtlik önəmlidir. Uşaqlar ikiüzlü olmurlar, onlar hamıya özləri kimi davrandıqları üçün sevilirlər.  Uşaqları aldatmaq çox asandır, çünki onlar yalanın nə olduğunu bilmir və hər kəsə güvənirlər. Onlar başqalarına qarşı kin bəsləmirlər, nə qədər xətirlərinə dəyilsə də küsülü qalmaz, oyunlarına davam edərlər. Onlar istədikləri hər şeyi əldə etmək əzmindədirlər. Bir şeyə ehtiyac duyduqlarında özlərini sevdirməyi də çox yaxşı bilirlər.

      Adətən uşaqların otağı dağınıq olur. Onlar aldıqları oyuncaqları yerinə qoymaz, evin ortasında tərk edərlər. Həyatı dağınıq yaşamaq onların həyatına başqa rəng qatar. Onlar dağınıqlıqda yaradıcılıq taparlar. Onların hər şeyi gözlərinin önündə olar, başqalarından gizlədikləri, bəlkə də, heç bir şeyləri olmaz. Valideynlərinin başqalarına göstərməsini istəmədikləri əşyaları gətirib evlərinə ilk gələn qonağın qarşısına qoyarlar. Uşaqların heç bir sirri olmaz. Ailə haqqında istənilən məlumatı uşaqlardan tam təfərrüatlı şəkildə almaq mümkündür. Gizlilik və məxfilik sevməz onlar.

      Ən əsası da uşaqlar görərək təqlid edərlər. Ətrafındakı insanlar yaxşı olarsa yaxşı, pis olarsa da pis olmağa meyillidirlər. Valideynləri namaz qılarkən onlarla birlikdə əyilib qalxarlar. Bəlkə də, etdikləri hərəkətin mənasını belə bilməzlər, amma valideynlərinə olan bağlılıq və güvən onların həyatına bilavasitə təsir edər. Uşaqlar əvvəlcə özlərinə yaxın bildikləri insanları sevərlər, daha sonra onlara güvənərlər və ən sonda güvəndikləri insanların etdiklərini edərlər. Bizim böyüklər olaraq yaşamaq istədiyimiz həyatı ən yaxşı şəkildə uşaqlar yaşayarlar. Bizdən daha xoşbəxt, bizdən daha hüzurlu yaşayarlar.

      Yuxarıda uşaqlara aid etdiyimiz bütün davranışlar bir zamanlar bizdə də var idi. Amma böyüdükdən sonra dəyişdik.

      Bəli, böyüdükcə dəyişir insanlar. Uşaqlıqda yaxşılıqla başlayan hər şey böyüdükcə öz rəngini və şəklini dəyişir. Uşaq ikən hər kəs tərəfindən öz şirinliyi və səmimiyyətinə görə  sevilib əzizlənən insanlar,  böyüdükcə bu keyfiyyətdən məhrum olurlar. Yavaş-yavaş yalanlar həyatın ayrılmaz bir parçasına çevrilir.  Başqalarına inanmamağa başlayır böyüdükcə insanlar. Böyüklərin bir çox insanlarla problemi olur. Bir anda dostlarını düşmənə, düşmənlərini də dosta çevirə bilirlər. Sahib olduqları heç bir şey onları qane etməz. Davamlı olaraq sahib olmadıqlarına sahib olmağa çalışarlar. Əşyanın dəyəri onlar üçün daha vacibdir. Özlərini necə hiss etdiklərindən asılı olmayaraq başqalarının onlar haqqında yaxşı düşünmələri üçün çalışarlar.  Böyüklər özlərinə yaxın bildikləri insanları sevərlər. Faydalana bilmədikləri insanlardan uzaq durarlar.  Böyükləri aldatmaq çox çətindir, çünki özləri də çox insanı aldadırlar. Böyüklərin başqalarından gizlədikləri çox şeyləri olur. Bu gizliliklər onları özləri kimi olmaqdan uzaqlaşdırır. İnsani keyfiyyətlərin ən vaciblərindən olan güvən hissi güvənsizliyə verir öz yerini. Uşaqlıqda bütün oyuncaqlarını paylaşdığı dostları ilə böyüdükcə çox şeyini paylaşmaq istəmir. Beləliklə, böyüklər xoşbəxtliyə həsrət qalaraq hüzursuz bir həyat yaşamağa məruz qalırlar.

      Bu mənzərədən də görünən odur ki, böyüklərin uşaqlardan öyrənəcəyi çox şey var əslində. Böyüdükcə çox şeyi öyrənən insanlar uşaqlıqdan sahib olduqları dəyərləri tərk edərək özlərini unudurlar. Bununla da insan, həyatın bütün səhifələrində uşaqlıq vaxtına bir həsrət duyar. Uşaqlıqda yaşanan xoş günlər ömür boyu yaddan çıxmaz.

      Uşaqlıqdan böyüklərə qalan ən böyük miras da dürüstlükdür. Gəlin ən azından dürüstlüyümüzü itirməyək. Necə deyərlər, dürüst bir insan daima uşaq olaraq qalır. Uşaq olaraq qalmaq da xoşbəxt olaraq qalmaq deməkdir.  Və nəhayət, adam kimi yaşamaq üçün ya uşaq kimi qalmalıyıq, ya da böyüdükcə uşaqlaşmalıyıq.

      P.S. Uşaqlar öləndə də cənnətə gedərlər, çünki onlar böyüklərin bulaşdıqları maddi və mənəvi kirlərdən uzaq, tərtəmiz əsl insan kimi ölərlər...

      • Hits: 407 clicks

      Tecox component by www.teglo.info