155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Firdovsi HƏSƏNOV-İlk Tumurcuqlar...

      Share

      Xəbər vermə arzusunun insanlıq tarixində ilk dövrlərdən etibarən başladığını görürük. 

      Qəzetlər xəbərləri və maraqlı faktları təqdim edən və dərc edən bir nəşr vasitəsidir. Qəzetlər ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayır. Son dövrlərdə arxeoloji araşdırmalar nəticəsində ortaya çıxan tapıntılar arasında qəzetə aid məlumatların da olduğunu görürük. Dünyada çıxan ilk qəzetə aid bir tapıntı Misirdə ortaya çıxarılmışdır. Nil çayı sahillərində bundan 3400 il əvvələ aid bir tablet tapılmışdır və bu, dünyanın ilk qəzeti adını almışdır. Bu qəzet kağız üzərinə yazılmış qəzet deyil. Bu, bişmiş bir kərpicdən ibarətdir. Bunlara tablet adı verilməkdədir. Qədim misirlilər bu tabletlərə  günün əhəmiyyətli hadisələrini yazardılar.

         İlk qəzetlər əl ilə yazılmış vərəqələrdən ibarət idi və onları ictimai yerlərdən asırdılar. Ən birinci gündəlik qəzet Romada e.ə. 59-cu ildə nəşr olunmağa başlanmışdı və «Günün hadisələri» adlanan vərəq idi. İlk çap nəşri isə VIII əsrdə dərc edlmiş, Çində buraxılan «Dibao» («Ti-pao») nəşri olmuşdur. Bu nəşr, müəyyən ölçülü taxta lövhələrdən hazırlanmışdı. Avropada müntəzəm nəşr edilən ilk qəzet isə «Avista Relation» və yaxud «Zaytunq» qəzeti idi. Bu nəşr Almaniyada 1609-cu ildən çap edilməyə başlanmışdı.

         Qəzet — kütləvi informasiya vasitəsi olub, azı ayda bir dəfə, daimi adla nəşr edilməsi nəzərdə tutulan mətbu nəşrdir. Hələ Yuli Sezarın dövründə "Senatın işləri" adlı, indiki qəzetləri xatırladan gil lövhələr hazırlanırdı. Lövhələrdə müəyyən hadisələr yazılırdı.

      "Qəzet" adı italyan xırda pul vahidi qaset ilə bağlıdır. XVI əsrdə kağız vərəqlərdə çap edilən saray həyatı, ticarət xəbərləri və şəhər məlumatları haqqında xəbərləri oxumaq üçün ən xırda pul vahidi olan qaset - (gazza) ödənilirdi. 

         Fransada kralın xüsusi həkimi və eyni zamanda tarixçi olan Theophraste Renaudot 1631-ci ildə Gazette də France adıyla ilk Fransız qəzetini çıxardı. 17-ci və 18-ci əsrlərdə həftəlik qəzetlər bütün Avropa və Amerikada yayıldı. Artıq jurnalistika başlı-başına bir peşə halına gəlmişdi. İlk gündəlik qəzet 1702-ci ildə Londonda nəşr olunmağa başlandı: Daily Courant. Məşhur Times qəzeti isə 1788-ci ildə quruldu. 1805-ci ildə isə İngiltərədə yenə Courrier adıyla ilk axşam qəzeti çıxmağa başladı. Qəzet çap texnikası da bunlara paralel olaraq inkişaf edirdi. “Times” qəzeti 1814-də buxarlı maşınlar istifadə etməyə başladı. 1846-cı ildə Amerikada təzyiqlə işləyən rotativ maşını icad edildi.

      Jurnal - gündəlik olmayan, ən çox 12, 6, 4, 3, 2 aylıq, standart olaraq ayda bir, 15 günlük, həftəlik nəşr edilən davamlı bir nəşr növüdür. Bir çox qəzetdən fərqli xüsusiyyəti onun xüsusi kağızlarda dərc olunmasıdır. Dərc olunmaqda olan jurnallarda müxtəlif mövzularla bağlı xəbər, məqalə, tənqid, araşdırma və araşdırmanın yanında, bir çox rəngli fotoşəkil, şəkil və karikatura da dərc edilməkdədir.  Jurnallara "davamlı nəşr" də deyilməkdədir. Jurnal nəşriyyatının  tarixi elm cəmiyyətlərinin tarixi ilə iç-içədir. Çünki Qərbdə ilk nəşr olunan jurnallar elmi məqsədli jurnallardır. İlk jurnal 1665-ci ildə "Jornal de Scavant" adıyla Fransada nəşr olunmuşdur. Bu jurnalı 1682-ci ildə Leipzigdə latınca olaraq nəşr olunan "Acta Eruditorum" təqib etmişdir. İlk sayı 1 yanvar 1682-ci il tarixində nəşr olunan Acta Eruditorumda da riyaziyyat və fən sahələrində müxtəlif məqalələrə  yer  verilmişdir.

         İlk nəşr olunan jurnallar təlimçi (didaktik) xarakterli olub, müxtəlif şəhərlərdəki elm adamları arasında əlaqə qurmağı məqsəd qoymuşdu. Daha sonrakı tarixlərdə siyasi, tarixi və elmi jurnallar da nəşr olunmağa başlanmışdır.

      Azərbaycan mətbuatının da tumurcuqlanmasında bir sıra qəzet və jurnalların rolu böyük olmuşdur. Kitab əl yazmalarından fərqli olaraq, mətbuat sahəsində nəşr üçün ilk dəfə 1875-ci ildə icazə verildi və iyul ayının 22-də "Əkinçi"nin ilk sayı işıq üzü gördü. Bu tarixdən etibarən Azərbaycanda milli mətbuatın əsası qoyuldu. XX əsrdə isə Azərbaycan dilində çıxan ilk qəzet Məmmədağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti olmuşdur.

      "Molla Nəsrəddin"in birinci sayı 1906-cı il aprel ayının 7-də Tiflisdə çapdan çıxıb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. "Azərbaycan" jurnalının isə ilk nömrəsi 1923-cü ilin yanvar ayının 28-də işıq üzü görüb. O vaxt jurnal "İnqilab və mədəniyyət" adı altında nəşr edilib. Mətbuatın inkişafının əsas məqsədi Azərbaycan ədəbiyyatının, nəzəri ədəbiyyatşünaslığın, ictimai və elmi fikrin, bütövlükdə mədəniyyətin mənzərəsini əks etdirmək idi.

      • Hits: 684 clicks

      Tecox component by www.teglo.info