Müşfiq XƏLİLOV -DANIŞIQ ƏDƏBİ

      Share

           Bir müsəlman danışığına fikir verərsə, dilini İslamın bəyənmədiyi sözlərdən qoruyarsa, Peyğəmbərimiz (s.ə.s) o kimsənin cənnətə gedəcəyinə söz vermişdir. Belə ki, Allah Rəsulu (s.ə.s) buyurur:

      “Kim mənə iki çənəsi arasında olan (dili) ilə iffət və namusunu qorumağa söz verərsə, mən də ona cənnəti söz verirəm”.[1]

          Digər bir hədisi-şərifdə, “Ən fəzilətli insan kimdir?” - sualına Rəsulullah (s.ə.s): “Dilindən və əlindən müsəlmanların əmin olduğu kimsədir”[2] - cavabını vermişdir. 

      Həzrət Peyğəmbərimiz (s.ə.s) danışmaq ədəbi ilə  bağlı bəzi qaydalar müəyyən etmişdir. Bu qaydaları aşağıdakı kimi sıralaya bilərik:

         1. Açıq və aydın bir şəkildə həmsöhbətinin səviyyəsinə görə danışmalı, zərurət olduqda əhəmiyyətli olan ifadələr təkrar edilməlidir. Necə ki, onun danışıq tərzini vəsf edən hədislərdə belə keçir: “Rəsulullahın nitqi hər dinləyənin rahatlıqla anlaya biləcəyi şəkildə açıq idi”.[3] “Danışdığı zaman onun sözlərini saymaq istəyən saya bilərdi”.[4]

      “( Peyğəmbərimiz) Yaxşıca başa düşülməsini istədiyi söz və cümlələri üç dəfə təkrar edərdi”.[5]

         Necə ki, Qurani-Kərimdə də diqqəti cəlb etmək məqsədi ilə hadisələr bir neçə dəfə təkrar edilmişdir. Məsələn, şeytanın ilahi əmrə üsyan edib səcdə etməməsi yeddi yerdə, Hz. Musaya (ə.s) iman edən sehrbazların halı isə dörd yerdə təkrarlanmışdır.

          2. Qışqırıb bağıraraq, yüksək səslə danışmaq ədəbə uyğun bir hal deyildir. Heç kimin qarşısında kar varmış kimi qışqıraraq, ya da dava edirmiş kimi hirsli bir səs tonu ilə danışması doğru deyildir. Necə ki, Qurani-Kərimdə buyurulduğuna görə, Loğman (ə.s) öz oğluna nəsihət edərkən belə demişdi: “Yerişində müvazinəti gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!”[6]

          Başqa bir ayədə isə belə buyurulur:

         “(Ya Rəsulum!) Bəndələrimə de ki: "(Danışdıqları zaman) gözəl sözlər söyləsinlər! (Yoxsa) Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir!”[7]

       Hətta Uca Allah Həzrət Musa ilə qardaşı Harunu Fironun yanına göndərərək ona yumşaq bir sözlə xəbərdarlıq etmələrini buyurmuş, qarşısındakı adam kafir də olsa, ədəbə görə gözəl bir üslubun istifadə edilməsini əmr etmişdir. Belə ki, ayədə buyurulur:

       “Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!”[8]

          Bir hədisi-şərifdə də, söylənəcək gözəl sözlə cəhənnəm əzabından xilas oluna biləcəyi belə ifadə olunur: “Xurmanın yarısını verməklə də olsa, cəhənnəmdən qorunun. Bunu da tapa bilməyən (heç olmasa) gözəl bir sözlə cəhənnəmdən qorunsun!”[9]

          3. İki nəfərin üçüncü şəxsi kənarlaşdıraraq, öz aralarında pıçıldaşaraq danışmaları qadağan olunmuşdur. Rəsulullah (s.ə.s) belə bir davranışın, yalnız qalan, təklənən kimsənin üzülməsinə səbəb ola biləcəyini bildirmişdir.[10]

           4. İnsanın halal, yaxud haram; gözəl, yaxud çirkin; xeyir, yaxud şər olduğunu, bir əməlin və ya sözün küfr olub-olmadığını hələ tam qərarlaşdırmadan söz söyləməsi də nitq ədəbinə ziddir. Hədisi-şərifdə buyurulur: “Üzr istəmək məcburiyyətində qalacağın bir sözü söyləmə.[11] Atalarımız da bu barədə çox gözəl deyiblər: “Min ölç, bir biç”.

      5. Gələcəklə bağlı danışarkən “inşallah” demək, danışmaq ilə əlaqəli digər bir ədəb qaydasıdır. Bəndənin cüzi iradəsi hər hansı bir şeyin olması üçün kifayət deyildir. Əsas olan Allahın diləməsidir. Məhz gələcəyə aid bir şey diləyərkən “inşallah” demək, Allahın iradəsini hiss etmək və onun iradəsindən üstün başqa bir iradə tanımamaq deməkdir. Necə ki, bir ayədə buyurulur: “Və heç bir şey barəsində: "Mən onu sabah edəcəyəm!" - demə! Ancaq: "İnşallah (əgər Allah istəsə; Allah qoysa) de! ...[12]

      Mövzumuzu Peyğəmbərimizin (s.ə.s) bu gözəl sözləri ilə xülasə edək:

        “İnsan səhərə (sağ-salamat) çıxdıqda bütün üzvləri dilə müraciət edər və (adətən ona) belə deyərlər: Bizim haqlarımızı qorumaqda Allahdan qorx! Biz ancaq sənin söyləyəcəklərinə görə cəza görürük. Biz sənə bağlıyıq. Əgər sən doğru olarsansa, biz də doğru olarıq. Əgər sən əyilər, yoldan azarsansa, biz də sənə tabe olub, sənin kmi olarıq.[13] “Allaha və axirət gününə inanan ya xeyir söyləsin, ya da sussun”.[14]


      [1] Buxari, Riqaq, 23

      [2] Buxari, İman, 4-5

      [3] Əbu Davaud, Ədəb, 18

      [4] Buxari, Mənaqib, 23

      [5] Tirmizi, Mənaqib, 9

      [6] Loğman, 19

      [7] əl-İsra, 53

      [8] Taha, 43

      [9] Müslim, Zəkat, 68

      [10] Buxari, İstizan, 47

      [11] İbn Macə, Zöhd, 15

      [12] əl-Kəhf, 23-24

      [13] Tirmizi, Zöhd, 61

      [14] Buxari, Ədəb, 31, 85

       

      • Hits: 928 clicks

      Tecox component by www.teglo.info