Ələddin SULTANOV-Bir Ayə

      Share

      بسم الله الرحمن الرحيم

      ... وَلَا يَغْتَب بَّعْضُكُم بَعْضًا أَيُحِبُّ أَحَدُكُمْ أَن يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ تَوَّابٌ رَّحِيمٌ

      “...Bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz, ölmüş qardaşının ətini yeməkdən xoşlanarmı? Baxın, bundan diksindiniz. Allahdan qorxun! Şübhəsiz ki, Allah tövbələri çox qəbul edəndir, rəhmlidir”.[1]

      Bu ayədə Uca Allah insanın nəfsinə xoş gələn, ancaq bir o qədər də pis bir iş olan qeybəti açıq bir şəkildə qadağan etmişdir. Qeybət bir insanın arxasınca danışmaqdır. Yəni yanımızda olmayan bir kimsənin əməllərindən başqalarına bəhs etməyimizdir. Bu hərəkətimizin qeybət sayılması üçün həmin xüsusiyyətlərin, həqiqətən, o şəxsdə mövcud olması gərəkdir. Yoxsa bu iftira sayılar ki, bunun günahı daha böyükdür. Digər tərəfdən, o sözlər qeybət sayılar ki, həmin şəxseşitdiyi zaman bunlar onun xoşuna gəlməsin. Yoxsa bir kimsəni arxasınca tərifləmək qeybət sayılmaz. Yuxarıdakı ayədə Allah qeybət qırmağıölmüş qardaşının ətini yeməyə bənzətməklə bu işin nə qədər iyrənc bir əməl olduğuna işarə etmişdir. Yəni qeybət qırmaq ölmüş insanın ətini yemək kimidir. Digər tərəfdən, qeybətini etdiyimiz insan yanımızda olmadığı üçün o şəxs bir növ ölü hesab edilir və biz qeybət etmək surətilə mənəvi olaraq onun ətini didmiş oluruq. Ayənin davamındakı “Baxın, bundan diksindiniz” ifadəsi isə bu bənzətmənin müsəlmanlar üzərində buraxacağı təsirdən xəbər verir. Daha sonra Allah-Təala möminləri bu kimi günahlardan çəkinməyə dəvət edir və daha əvvəl bu günaha düşmüş kimsələr üçün tövbə qapısının açıq olduğunu, Allahın mərhəmətli və bağışlayıcı olduğunu bildirir.

      Qarşıdan gələn mübarək Ramazan ayında bu ayəyə əməl etmək də xüsusi bir əhəmiyyət kəsb edir. Çünki Oruc tutmaq sadəcə gözəl nemətləri ağzımıza aparmamaq deyil, eyni zamandaqeybət, iftira, istehza və yalan kimi pis sözləri də ağzımızdan çıxartmamaqdır.Əbu Übeydədən nəql edildiyinə görə: “İki qadın oruc tutmuşdu. Bir adam Hz. Peyğəmbərin (s.ə.s) yanına gələrək: “Ey Allahın Rəsulu, burada oruc tutmuş iki qadın var. Ancaq onlar indi susuzluqdan həlak olmaq üzrədirlər”, – dedi. Peyğəmbərimiz də: “Onları mənim yanıma çağır!” – dedi. Həmin qadınlar gəldilər. Hz. Peyğəmbər (s.ə.s) bir su qabı gətirtdi və onlara bu qabın içinə qusmalarını söylədi. Qadınlardan biri qusduğu zaman qab yarıya qədər qan və irinlə doldu. İkinci qadın qusduğu zaman isə həmin qab qan laxtası və irinlə ağzına qədər doldu. Bunun üzərinə Hz. Peyğəmbər (s.ə.s) belə buyurdu: “Baxın, bunlar, Allahın özləri üçün halal qıldığı şeylərdən oruc tutmuşdular, ancaq haram qıldığı şeylərdən oruc tutmamışlar. İkisi bir yerə gəldikləri zaman insanların qeybətini qırmağa başlamış və oruc tutmağın yerinə insan əti yemişlər”.

       


      [1]əl-Hucurat, 49/12.

       

      • Hits: 418 clicks

      Tecox component by www.teglo.info