İsmayıl VELİYEV-“AOHE”

      Share

      Bu, hərhalda ən qısa yazım vəya ən qısa yazılarımdan biri olacaq.

       Hər ay üçün məqalə yazarkən müşahidələrimə əsasən yazıram, demək olar ki. Yəni ya axtardığım, müəyyən bir zamandır zehnimdə özümdən soruşub cavab tapmağa çalışdığım bir suala o cavabı tapanda, ya da aldığım suallara görə və yaxud aldığım məktublardakı şikayətlərə əsasən seçirəm mövzunu və başlayıram yazmağa...

      Bu yazını da son günlər facebook səhifəmdə keçirtdiyim bir sorğu zamanı qısa söhbətlər etdiyim insanların əksəriyyətindən oxuduğum şikayətlərə əsasən yazmağa qərar verdim. Bu şikayətlər motivasiya ilə bağlı idi.

      Bunun, əlbəttəki, bir çox səbəbləri və fərqli həll yolları var. Hərkəs üçün faydalı olacaq və işə yarayacaq bir metod təklif etmək yanlış olar. Amma buna baxmayaraq hərkəsin həyatlarına tətbiq edəcəkləri zehni yanaşmalar, əlbəttə ki, vardır. Bu gün bunlardan birini təklif etmək istəyirəm. O da:“AOHE”- dir.

      “AOHE”- nin açıqlaması belədir: Asan olsa hərkəs edərdi.

      Motivasiya problemi yaşayan insanlar adətən hədəfləri olan insanlardır. Və hədəf də dəyərli bir şeydir, mütləq. Və təxmin edin:Dəyərli hər bir şey asanlıqla deyil, çətinliklə gəlir. Yəni əgər dəyərli bir şeyi əldə etmək, ona çatmaq istəyirsinizsə, daim xatırlayacaqsınız ki, bu, çətin olacaq. Hətta düşündüyünüzdən daha çətin. Çətin olmasaydı, hərkəs bunu əldə edərdi. Və dəyərli olmasının səbəbi də, hərkəsin deyil,  bunu az sayda insanın əldə etmiş olmasıdır. Buna görə də, bu reallığı danıb, gözardı edib, arzuladıqlarının asanlıqla sənə gələcəyini ümid edib daha sonra xəyal qırıqlığı yaşamaqdansa, öncədən bu mental qaydanı qəbul etmək lazımdır ki, problemlərlə üzləşəndə onlar bizi əzməsin; onları əzib, üzərindən keçib xəyalımızdakı zirvələrə qalibiyyət bayrağımızı sanca bilək.

      Qısa və konkret olaraq, dostum, nə zamanki zəif “sən”, tənbəl “sən”, indiyə kimi olan “sən” çətinlikdən, krizislərdən, problemlərin çoxluğundan, təkrarlanan uğursuzluqdan gileylənməyə başlasan bunu deyəcəksən özünə, bəlkədə, bağıraraq deyəcəksən ki, öz-özünü yaxşı eşidəsən: “AOHE” – Asan olsa hərkəs edərdi. Bunu dedikdən sonra isə, mütləq mən digərlərindən daha güclüyəm düşüncəsi ilə özünübəyənmişliyə qapılmayıb,  kibirlənməyib özün olaraqdan maksimum əmək, intensiv fokus, aqressiv icraatla davam edəcəksən yoluna.

       Əgər əksər insanların çətin dediklərinə səndə çətin deyəcək və sadəcə çətin olduğu üçün vazkeçəcəksənsə, o zaman elə hərkəs kimi nəticələr əldə edəcəksən. Ancaq fərqli nəticələr əldə etmək, xəyallarına uzaqdan baxmaqla yetinməyib o yüksəkliklərə ayaq basmaq,xəyallarının Everestinə  zəfər bayrağını sancmaq istəyirsənsə, o zaman sənin üçün “nə çətindir” deyə deyinmək, gileylənmək, şikayət olmayacaq!Olsada,bunlara görə vazkeçmək deyə bir şey lüğətində, zehnində, planlarının arasında əsla özünə yer tapa bilməyəcək!

      Unutma: “AOHE”.

      • Hits: 358 clicks

      Tecox component by www.teglo.info