Adəm ŞAHİN-Sözün Tamamı

      Share

      Televiziya xəbərlərində internetdən alınma videolar ağır çəkimdə, oxla işarələnərək və ya dairə içinə alınaraq dəfələrcə göstərilir.

       Normal vaxtlarda bir sözü iki dəfə təkrarlayana “bəsdir, başa düşdüm!” mənasında göz süzərik. Üçüncü dəfə təkrarlasa, etiraz edərik. Dördüncü dəfə təkrarlasa, “sözü uzatma!” deyərək susdurarıq. Ortalamanın altında bir zəka səviyyəsində olan insanın belə çox rahat başa düşəcəyi videolar beş-altı dəfə, eyni sözlər təkrarlanaraq verilir. İbtidai sinifdə bir müəllimin uzun bir kəlməni heca-heca bölərək təkrarlatmasından fərqsiz olan bu görüntülər tamaşaçılar tərəfindən normal qarşılanır. Demək ki, tamaşaçıların fikri başqa yerdədir...

      Ədəbiyyat, axıra kimi danışmamaq, üstüörtülü buraxmaq, bir qismini də oxucuya və ya dinləyiciyə buraxma sənətidir. Zəhmət olmazsa, oxucu və ya dinləyici beynini işlədərək aktiv olmalıdır. Heredot belə bir hekayə nəql edir: “Yunan kralı və Misir fironu döyüşürlər. Firon məğlub olur. Canlı ələ keçirilən fironu aşağılamaq istəyən Yunan kralı firona oğlunun edamını seyr etdirir, qızının da quyudan su çəkərək xidmətçilik etdiyini göstərir. Hər iki mənzərədə fironun üz ifadəsi dəyişmir. Amma əsirlər arasında itilə-itilə yıxılıb-duran yaşlı xidmətçisini görəndə ağlamağa başlayır”. Hekayə burada bitir və minlərlə ildən bu yana bu hekayə danışılır. Firon niyə oğlunun və qızının halına üzülmədi? Niyə xidmətçisini görəndə ağladı? Yüz illər boyu hər kəs öz düşüncəsinə görə buna bir açıqlama tapmağa çalışıb. Ədəbiyyat, bax budur!.. Hər şey bütün incəlikləri ilə anladılmamalıdır. Söz israfından çəkinmək lazımdır. Yunus Əmrə “çox söz heyvan yüküdür”deyərək az danışmağı nəsihət etmişdir. Yunus Əmrə, görəsən, bir qısa videonun dəfələrlə göstərilməsinə hansı sözlərlə qarşı çıxardı?

      Bilbordlarda aylarla eyni reklamı niyə göstərirlər? Bəs hər gün izlədiyimiz eyni reklamlar necə? Anamızı, atamızı, dost və qardaşlarımızı hər gün görmürük və hər gün xatırlamırıq, amma reklamlardakı şəxsləri hər Allahın günü dəfələrlə görürük... Başa düşdüm ki, reklamçıların məqsədi o məhsulu beyinlərə həkk etməkdir. “Allahdan başqa ilah yoxdur” deyən kimi; “Bu şampundan/maşından/içəcəkdən... başqası yoxdur” deyirlər. Dəfələrlə eyni reklamı görmək və eşitmək əldə təsbeh, zikr çəkmək kimidir. Reklamlarda sözlər və musiqilər sanki zəka problemi yaşayanlar üçün dizayn edilib. “Əl arifu təkfihul işarə - Arifə bir işarə kifayətdir” sözü reklamlar və xəbər bülletenləri üçün deyilməmişdir.

      Bişkekdə qumarxanada işləyən biriylə qumarxana dünyası haqda söhbət etdim. Mənə “Qumarı oynadan/başladan qazanar – bu qayda dəyişməz. Qumar aparatlarında dörd dəfə aparat, bir dəfə də oyunçu qazanır” deyir. Reklam verənlər də qumar oynadanlar kimidir.

      Atalarımız “anlayana bir söz kifayət edər” deyiblər. Biz bu reklamları başa düşmürük ki, şəhərdəki bütün avtobus dayanacaqlarında eyni reklam var? Anlayana bir reklam kifayət etməzmi? “Söz uzun, ömür qısa” deyilmi? “Sözün hamısı uşağa/dəliyə/axmağa/eşşəyə deyilər” deyirlər. Niyə reklamlar heç boşluq buraxmayacaq qədər həyatımızı işğal edirlər? Çox danışmağı sevməyən insanlar sözlərini “mən az deyirəm, sən çox anla” deyə bitirərlər. Hamısını söylətmə cəhdi bir anlayışsızlıq halıdır. “Ağzımda Quran oxuyuram, deyirsən mollasan?” ifadəsində də bu giley var. “Danışandan çox, gərək dinləyən arif olsun” sözü də yaxşı mənada empatiya qurmaq mənası daşıyır. Atalarımız “ləb demədən ləbləbini başa düşən” insanları tərifləyiblər.  Ləb demədən laptop anlayanlara nə demək olar? Ləbləbi – laptop deyəndə də başa düşməyənlərə nə deməli? Sözü açıq-aşkar demək istəməyən insanlar sözü eşidənlərin incə mesajlardan anlamalarını istəyərlər. “Qızım sənə deyirəm, gəlinim sən eşit” sözündə bu zəriflik var. İndi qıza da bir şey demək olmur; gəlinlər də “bax gəlin, qulaq as” deyilsə də, yenə də bir şey başa düşmür. Bir çox insan başa düşülmədiyinin verdiyi iztirabı Fizuli kimi yaşamaqdadır: “Söyləsəm təsiri yox, sussam könlüm razı deyil”.

      • Hits: 474 clicks

      Tecox component by www.teglo.info