155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Aqil ƏLİYEV-İNFAQ (bədənin infaqı)

      Share

      İnfaq - zəkatı, sədəqəni və xeyirli yollara istifadə edilən hər bir yardımı əhatə edən dini bir ifadədir; İslamın varlığı ilə başlamış, islam cəmiyyətinin başlanğıcından bu yana mövcud olan sosial bir prinsipdir.

      Uca Rəbbimiz Qurani-Kərimdə belə buyurur: “(Ən çox) Sevdiklərinizdən Allah yolunda infaq etmədikcə (paylaşmadıqca)  yaxşılığa (mükafata, cənnətə) nail ola bilməzsiniz”. (Ali İmran, 92)Ayədə qeyd olunan yaxşılıq, bəzi təfsirçilər tərəfindən Allahın rəhməti, rizası ve cənnəti kimi mənalarla açıqlanmışdır. Bu kəlmə (yaxşılıq) - imanın ən mükəmməli, ibadətin ən gözəli, əxlaqın ən alisi olaraq da açıqlana bilər.

      Demək ki, bir kimsənin imanda ən mükəmməl olanı əldə edə bilməsi üçün sadəcə iman etməsi kifayət etməz. Həm iman etməsi, həm də sahib olduğu, əlində olan imkanlardan ən çox sevdiklərini Allah - azzə və cəllənin -  yolunda xərcləməsi (infaq etməsi) lazımdır. Dünya malı olaraq sevdiklərimizdən nə qədər çox infaq edib Allah yolunda xərcləsək, o qədər çox mükafata və xeyrə nail ola bilərik.

      Bunlar, bir insanın ən çox sevdiyi, sahibi olduğu var-dövlət və can kimi maddi varlıqlar və yaxud da elm və savad kimi mənəvi imkanlar ola bilər. Allah bir kimsəyə dəyərli olaraq nə vermişsə, onun bu ilahi lütfləri və imkanları Allah yolunda, din uğrunda, cəmiyyətin istifadəsi üçün çəkinmədən sərf etməsi həm bir qulluq borcu, həm də verilən bu nemətlərin şükrü olar.

      Allah - azzə və cəllə - infaq əmri ilə, əslində infaq edən insanın nəfsini təmizləyib tərbiyə və təzkiyə (təmizləmə) etməkdədir. Qəlblərin təmizlənməsi, var-dövlət sevgisindən arınması, elmiylə qürura qapılmaması və şan-şöhrət arxasınca gedib, ömrünü süfli yollarda zay etməməsi üçün infaq ən yaxşı dəvadır.

      İman, ibadət və infaq -bunlar bir-birinə zəncirləmə bağlı olan üç əsas prinsipdir. Birincisi - küfür və nifaqdan xilas edib səadət qapılarını açar. İkincisi - Allaha yaxınlaşdırar və insanı şükür edən bəxtiyarlar mərtəbəsinə çıxarar. Üçüncüsü -ilahi rəhmətə qovuşdurar və Allahın sevgisinə vəsilə olar.

      İnfaqın bədənlə, elmlə və mal ilə edilməsi baxımından növləri vardır. Bu mövzumuzda daha çox bədən ilə edilən infaqı ələ alacaq, digər növlərini isə gələcək aylarda işləməyə çalışacağıq, inşallah...

      Bədənimizi bizə bəxş edən Uca Rəbbimizdir. Bunun üçün də bu bədəni, həyatı və enerjimizi heç bir tərəddüd etmədən Onun yolunda istifadə etməliyik. Bu, elmi olanın elmi ilə, fiziki gücü olanın bu gücü ilə, sağlığı yerində olanın sağlamlığı ilə ictimai xidmətlərdə çalışması, əmək sərf etməsidır. Bir mömin daima bu prinsiplə yaşamağa çalışmalıdır:fərdi həyatda ibadət və Allaha qulluq, ictimai həyatda isə insanlara və bütün məxluqata xidmət etmək.

      Allah Rəsulu (s.ə.s)ən xeyirli insanın cəmiyyət üçün də faydalı olan insan olduğunu hədislərində vurğulayırdı: “Sizin ən xeyirliniz insanlara ən faydalı olanınızdır”.

      İnfaqın hər bir növünün ən gözəl nümunəsini də Allah Rəsulunun, səhabələrinin və ömrünü haqqa və xalqa həsr etmiş təqva əhli Allah dostlarının həyatlarında görürük. Allah Rəsulunun(s.ə.s) gecələr ayaqları şişənə qədər ibadət etməsi, yetimlərin, kimsəsizlərin, uşaqların, dulların, şəhid ailələrinin könlünü alması, onların xidmətlərini görmək üçün insanları səfərbər etməsi, Hz. Əbu Bəkrin (r.a) xəlifə olduqdan sonra da, əvvəlki kimi, qonşuluqdakı yetim qızların keçilərini şəxsən özünün sağması, Hz. Ömərin (r.a) gecənin qaranlığında kürəyində kisə ilə yetim ailələrə un və qida maddələri aparması, Hz. Osmanın müşriklərin əlində olan Məkkəyə, can qorxusu daşımadan, Rəsulullahın elçisi olaraq getməsi,Hz. Əlinin (r.a) istər hicrətdə, istərsə də döyüş meydanlarında ölümlə qarşı-qarşıya gəlib, igidlik və qoçaqlıq göstərməsi, imam Zeynəlabidinin (rah.a) gecələr yetimlərin və kimsəsizlərin qapılarına kisələrlə yardım daşımaqdan çiyinlərinin sıyrıq-sıyrıq olması, ictimai xidmətlərin, bədənimizin infaqını və şükrünü verməyimizin nə qədər önəmli olduğuna əyani misallardır. Çalışmalıyıq ki, axıb gedən, axirətə sərmayə olan həyatımızı və ömrümüzü ibadətlərdə və ictimai xidmətlərdə başa vuraq. Bir xəstənin, bir yetimin, bir kimsəsizin duasını alaraq axirət yurduna köçməyi bacaraq.

      Bir hədisi şərifində peyğəmbərimiz (s.ə.s) belə buyurur:

      “Qiyamət günündə insan dörd şeydən hesaba çəkilmədən heç bir tərəfə addım ata bilməz:

      Ömrünü harada bitirdin?

      Bədənini harada işlətdin?

      Elminlə nə işlər gördün?

      Malını haradan qazanıb, hara xərclədin?”

      Bu suallara cavab verə bilməyi özünə dərd edən bir müsəlman, ikinci sualın cavabı üçün, yəni bədənini xeyirli əməllərdə sərf etmək üçün infaq arayışı içində olmağı ehmal etməməlidir.

      • Hits: 612 clicks

      Tecox component by www.teglo.info