Firdovsi HƏSƏNOV-XƏYANƏT (31 Mart Soyqırımı)

      Share

      Erməni millətçilərin xalqımıza qarşı apardığı təcavüz, zorakılıq, soyqırım uzun bir tarixə malikdir. Hələ 1721-ci ildə Qafqaza yürüşə çıxan və 2 il sonra Azərbaycanın Xəzəryanı ərazilərini, o cümlədən Bakını işğal edən 1-ci Pyotr yerli əhalinin sərt müqavimətini gördükdə “Erməni kartı”nı işə salmış və azərbaycanlıların tarixi torpaqlarında, xüsusi ilə Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdi. Bu istiqamətdə ən dəhşətli hadisələr 1918-ci ildə baş verib. Həmin fəlakətlərin təşkilatçısı nankor ermənilərin qəddar lideri S. Şaumyan olmuşdur. Xatırladaq ki, hələ 1917-ci ildə RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz İşləri üzrə Fövqəladə Komissar təyin edilmiş bu amansız şovinist təyinatının ilk günlərindən mürtəce ideyalarını həyata keçirmək - azərbaycanlılara qarşı fəlakətlər törətmək üçün hər an fürsət axtarmışdır. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

           1917-ci il Oktyabr inqilabı və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi Daşnaksutyun partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar.

      Beləliklə, 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərmişdilər. Mart ayının əvvəllərindən başlayaraq, ordudan tərxis olunan, lakin silahları alınmayan ayrı-ayrı erməni dəstələri Azərbaycanın müxtəlif yerlərində talanlara başlamışdılar. Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdi. Müsəlman korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurmuşdu. Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərdilər. Lakin Məhəmməd Əmin RəsulzadəNəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar ayında qırğın törətmək planı baş tutmadı. Onlar bu məkrli niyyətlərini yalnız mart ayında həyata keçirə bildilər. Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir.

           1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara atəş açdı. 31 martda, səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan Kərpicxana, Məmmədli və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan və dənizdən (hərbi gəmilərdən) bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir”. Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçərişəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış “İnqilabı müdafiə” adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyəni” yandırmış, “Açıq söz”, “Kaspi”, “Baku”, qəzetləri redaksiyalarını dağıtmış, “Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər. Bakı Kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa “Qırmızı Qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun da 70%-i ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçir. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır işgəncələrlə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı. Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında belə bəhs edir: “Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaqlardan canlarını qurtara bilmədilər”.

      Təkcə Mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enmişdi.Yuxarıda da qeyd etdiyimiz kimi, bu kütləvi soyqırım hadisələri təkcə Bakı və Şamaxıda deyil, Azərbaycanın demək olar ki, bütün bölgələrində həyata keşirilmişdi. Quba qəzasına göndərilən erməni silahlı birləşmələrinə isəŞaumyandan bilavasitə əmr alan Hamazasp liderlik edirdi. Aprel ayında bu bölgənin 122 kəndi dağıdılmış, yüzlərlə türk və ləzgi qətlə yetirilmişdi. Ermənilər Azərbaycanda Mart-Aprel aylarında qətliamlar etməklə Bakı quberniyasında üstünlük əldə etdikdən sonra Gəncəyə hücum edərək bütün Azərbaycanı işğala cəhd göstərdilər. Bakı, Şamaxı, Kürdəmir, Səlyan, Quba və Lənkəranın işğalından sonra sıradakı hədəf Gəncə idi. Onlar bu dəfə Qarabağda yaşayan ermənilərlə birləşib Gəncəyə hücuma hazırlaşırdılar. Bunu, S.Şaumyan, Xalq Komissarları Sovetinə göndərdiyi məktubda da etiraf edirdi. Onun planına görə Sovet ordusu Yevlax körpüsünü ələ keçirib Kür çayı boyunca müdafiə xətti quracaq, sonra bu ordu Gəncəyə yeridiləcək və sonda digər bölgələrdəki ermənilərlə birləşəcəkdilər. Amma 1918-ci ilin mayında ADR-nin qurulması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-qalım mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu.

      • Hits: 411 clicks

      Tecox component by www.teglo.info