Saleh Şirinov - Halal Qazanc

      Share

      Dinimiz İslamın fərd və cəmiyyət halında yaşayan insanın xeyrinə gətirdiyi bəzi öhdəliklər vardır. Bu öhdəliklərin, vəzifələrin ən əhəmiyyətlilərindən biri də bir müsəlmanın özünün və ailəsinin dolanışığını/nəfəqəsini təmin etmək üçün qazancının halal yollardan olmasına əhəmiyyət verməsidir. Hər mövzuda olduğu kimi, dinimiz halal qazancın yolunu da bizə göstərir. Çünki şəriətimizin ən önəmli mövzularından biridir “halal qazanc” mövzusu. Uca Yaradanımız Allah-Təala bizdən əvvəlki ümmətlərə əmr etdiyi kimi, ruzimizi halal yolla qazanmağı və qazancımıza haram qatmamağı bizə də əmr etmişdir. Yəni Allah-Təala halal qazanc əmrini təkcə İslam şəriəti üçün deyil, tarixən mövcud olmuş bütün şəriətlər və ümmətlər üçün keçərli saymışdır. Bu haqda Qurani-Kərimdə Muminun surəsinin 51-ci ayəsində belə buyurulur: “Ey peyğəmbərlər, təmiz və halal olan şeylərdən yeyin və saleh əməllər işləyin”.

      Bir xüsusu da unutmayaq ki, insan oğlunun tərbiyəsi hələ dünyaya gəlmədən, ana bətnində olarkən başlayır. Əgər bir ana hamilə ikən haram tikə ilə qidalandırılarsa, bu, sonrakı vaxtlarda öz acı nəticəsini mütləq göstərəcəkdir.

      Dinimiz bir insanın çalışmasını, özünün və ailəsinin nəfəqəsini/dolanışığını təmin etmək üçün məşru yollara müraciət etməsini əmr edir. Bu xüsusda da Rəbbimiz belə buyurur: Allahın sizə verdiyi ruzidən halal və təmiz olanını yeyin. İnandığınız Allahdan qorxun!” (əl-Maidə 87-88). “Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş istisna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin!..” (ən-Nisa 29).

      Dinimiz İslam insan oğluna dünya və axirət səadətini qazandıracaq qaydalarla dolu bir həyat nizamıdır. Çalışmaq və halal qazanc, bir şəxsin heç kimə möhtac olmadan həyatını davam etdirə bilməsi, ailəsinin və övladlarının dolanışığını təmin etmək məqsədilə məşru yoldan çalışıb halal qazanması ibadət ölçüsündə müqəddəs və dəyərli bir davranış olaraq qəbul edilmişdir. İslama görə halal qazancın yolu ancaq əməyin qarşılığıdır. Hədisi-şərifdə: “Halal qazanc uğrunda yorğun olaraq axşama çıxan şəxs, günahları bağışlanmış olaraq yatar. Allahın ondan razı olduğu halda səhərə çıxar.” (Əhya tərc.c 2, s.237) buyurularaq halal qazanc üçün çalışana bağışlanma müjdəsi də verilməkdədir.

      Halal qazancın/ruzinin insanın mənəvi yöndən inkişafında da böyük əhəmiyyəti vardır. Əgər bir insan zərərli şeylərlə qidalanarsa çox yaşamaz, yaşasa da sağlam həyatı olmaz. Eyni şəkildə qidaya haramın qarışması da mənəvi həyatın səhhətini, sağlamlığını təhlükəyə salmış olur. İmanı qəlbinə sindirən, Allaha tam inanıb etimad edən bir möminin məqsədi sadəcə pul qazanmaq olmamalıdır. Halalından qazanaraq nəfsimizi və nəslimizi təmizləməliyik. Bəqərə surəsi 168-ci ayədə Allah-Təala buyurur ki: “Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir”.

      Halal qazanc həmçinin duanın qəbul olunmasında da təsirlidir. Ruzinin haram yolla qazanılması həm Allahın rizasına, həm də dua və ibadətlərin qəbuluna əngəldir. Bu xüsusda Hz. Peyğəmbər (s.ə.s) diqqətli olmağımız üçün bizə belə bir xəbərdarlıq edir: Bir kimsə Allah yolunda uzun səfərlər edər. Saçı-başı dağınıq, toza-torpağa bulaşmış vəziyyətdə əllərini göy üzünə açaraq: - Ya Rəbb, ya Rəbb! -deyə dua edər. Halbuki, onun yediyi haram, içdiyi haram, qidası da haramdır. Belə birinin duası qəbul edilərmi?” (Müslim). Başqa bir hədisdə isə belə buyurulur: “Elə bir dövr gələcək ki, insan oğlu aldığı şeyin halaldanmı, haramdanmı olduğuna əhəmiyyət verməyəcək. Belələrinin heç bir duası qəbul olunmaz!” (Buxari).

      Hz. Peyğəmbərimizin (s.ə.s) tərbiyəsindən keçən əshab da (r.anhum) bu mövzuda olduqca həssas idilər. Hz. Əbu Bəkir (r.a) xidmətçisinin gətirdiyi xurmanı yedikdən sonra xurmanın haram yoldan qazanıldığını öyrənəndə gözləri qan çanağına dönənə qədər mədəsindən çıxarmağa çalışmışdı (Buxari).

      Bunun üçün halal qazanc məsələsində diqqət olunacaq xüsusları belə sıralamaq mümkündür; müştərini aldatmaq, malın ayıbını və qüsurunu gizlətmək, işçilərinə əziyyət vermək, işçinin əməyinin qarşılığını vaxtında ödəməmək, işini vaxtında görməmək, aldığı maaş qarşılığında işləməmək, əməyin haqqını verməmək, xalqın malını yemək və öz şəxsi adına keçirmək, dövlət malını mənimsəmək, rüşvət, vətəndaşı rüşvətə məcbur etmək üçün işi çətinləşdirmək, narkotik və sərxoşedici maddələr satmaq, faizlə borc alıb vermək, oğurluq, qəsb etmək, qumar, şans oyunları, işdə və sənədlərdə saxtakarlıq, qanunsuzluq, tərəzidə əskik ölçmək, malı müştəriyə dəyərindən artıq qiymətlə satmaq və s. kimi yollarla əldə edilən qazanc halal qazanc deyil, dinimizdə qadağan və haram qılınmış qazanc sayılır.

      Hz. Peyğəmbərə (s.ə.s); “Hansı qazanc daha təmiz və ən yaxşı olandır?” - deyə soruşulduqda “İnsanın əlinin əməyi ilə və aldatma olmadan, məşru ticarətlə əldə olunan qazancdır”,- buyurdu. (Əhməd ibn H.).

      Sonda bunları qeyd edim ki, biz hər dəqiqə qiyamətə doğru yaxınlaşırıq. Ortaya cürbəcür fitnələr çıxıb və həqiqətən halalı haramdan ayırmaq çox çətinləşib. Bir qisim insanları var-dövlət, bir qismini isə kasıbçılıq çaşqın hala gətirib. Qısacası insan bu gün həqiqətən halal və haramı unudaraq sadəcə qazanc əldə etməyi düşünür. Ona görə müsəlman olaraq hər birimiz, qazancımız az da olsa halalından olmasına diqqət göstərməliyik. Ailəmizə, övladlarımıza halal yedirməyə son dərəcə diqqət etməliyik. Allahın bizə halal olaraq vəd etdiyi ruzimizi öz əlimizlə harama çevirməməliyik. Quran və Peyğəmbərimiz kimi bizim iki önəmli ilham qaynağımız var. Biz bu iki qaynağa görə həyatımıza istiqamət verəriksə iki dünyamız da əhya olar. Ən əhəmiyyətlisi də axirət həyatımız qurtular. Hər müsəlmanın məqsədi halal qazanc olmalıdır. Başqalarının haqlarına riayət etmək, halal-harama diqqət etmək, məşru yollardan qazandığı malı da israf etməmək, müsəlman olan hər kəsin ən əhəmiyyətli vəzifələrindəndir. Hz. Peyğəmbərimizin (s.ə.s) bu hədisi-şərifləri əsla unudulmamalı, qazanc əldə edən hər kəsin qulağına sırğa olmalıdır: “Qiyamət günü insan malını haradan qazanıb, haraya xərcələdiyinin hesabını vermədən Allahın hüzurundan ayrıla bilməz”. (Tirmizi) “Heç kim əlinin əməyindən daha xeyirli bir şey yeməmişdir”. (Buxari) “Ailəsinin dolanışığını halalından qazanmaq üçün çalışan biri, Allah yolunda cihad edən şəxs kimidir”. (Məsabihi)

      • Hits: 675 clicks

      Tecox component by www.teglo.info