Kamran MƏMMƏDOV - İMAN İLƏ ƏMƏL ARASINDAKI ƏLAQƏ

      Share

      İman və imanının yön verdiyi əməllər mövzusu ilk baxışda kəlmə etibarilə bəsit bir mövzu kimi görünsə də, tarix boyu bir çox dərin fikirlərin meydana gəlməsinə səbəb olmuşdur. İslam alimlərinin əksəriyyətinə görə əməl imandan bir hissə deyildir. Qəlbi ilə təsdiq edib, imanını dili ilə ifadə edən, ancaq əməllərdən birini və ya bir neçəsini tərk edən şəxs günahkar mömindir. Allah istərsə onu bağışlayar, istərsə də əzab edər. Ancaq imanı təsdiqinə görə sonunda cənnətə girər.

      Qurani-Kərimdə “İman edənlər və saleh əməl işləyənlər....”[1]deyə başlayan bir çox ayə vardır. Bu ayələrdə iman edənlərlə saleh əməl işləyənlər ayrı-ayrı qeyd edilmişdir. Əgər əməl imanın bir parçası olsaydı, sadəcə “iman edənlər” demək yetərli olardı, ayrıca bir də “saleh əməl işləyənlər” deməyə ehtiyac qalmazdı.

      Bəzi ayələrdə isə iman, əməlin faydalı olması üçün şərt hesab edilmişdir:“Mömin olub yaxşı işlər görən kəs isə nə zülmə məruz qalmaqdan, nə də haqqının əskilməsindən qorxar!”[2]Bu ayədə iman əməlin qiymətinin şərti olaraq göstərilmişdir. Əgər iman ilə əməl eyni şey və ya əməl imanın bir hissəsi olsaydı, o zaman iman ilə əməl ayrı-ayrı qeyd edilməzdi.

      Bəzi ayələrdə böyük günahın imanla bir arada ola biləcəyi bildirilmişdir. Bu ayələrdən birində: “Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın”,[3]- buyurulmuş, böyük günah hesab edilən öldürmə işini işləyən insanlardan “möminlər”-deyə bəhs edilmişdir. Əgər  əməl imanın bir hissəsi olsaydı, bu insanlara mömin deyə xitab edilməzdi.

      Namaz qılmamaq mövzusunda fiqh məzhəblərindən Hənəfi, Maliki və Şafei məzhəbləri namaz qılmayan insanın çox böyük günah işlədiyini, lakin günah işləməklə birlikdə yenə də müsəlman olduğunu və hətta namazı tərk etməsinin belə o insanı dindən çıxarmadığını, kafir eləmədiyiniifadə ediblər.

      Xaricilərə görə böyük günah işləyən adam ölsə kafir olaraq ölmüş sayılır. İmam Əbu Hənifə isə bu xüsusu qəbul edənlərdən deyildi.Bir adam günah işləməklə dindən çıxmaz,yalnız haram işləmiş olar, bu isə əzabasəbəb olacaq, - deyərək, Əhli-sünnə və camaatının bu xüsusu belə qəbul etdiyini və Xaricilərin sözlərinə qarşı oyanıq olunmasını əmr edərdi.

      Namazın Allahın əmri olduğunu açıqca inkar edən şəxsin kafir olmağında bir şübhə yoxdur. Lakin tənbəllik və ya bənzər bir səbəblə qılmayan şəxslər kafir olaraq görülməmişdir. Cumhurun görüşü budur, tətbiq də belədir.Hədislərdə keçən ifadə isə, Allahın nemətlərinə qarşı nankorluq edərək“kafir kimi iş görməkdədir” şəklində başa düşülməlidir.

      İmanın özü artmaz və azalmaz. Çünki, imanın nöqsanlaşması ancaq küfrün artması ilə; imanın artması da ancaq küfrün nöqsanlaşması ilə birlikdə düşünülə bilər. Bir şəxsin eyni anda həm mömin, həm də kafir olması necə düşünülə bilər? Bu görüş İmami-Əzəm Əbu Hənifə və davamçılarının fikridir. O,  “əl-fiqhul-əkbər” adlı kitabında belə deyir: “Göy və yer əhlinin imanı artıb azalmaz. Bütün möminlər, imanda və tövhiddə dərəcə baxımından bərabər olub, əməl baxımından bir-birlərindən üstün ola bilərlər”.

      Belə bir sual soruşula bilər: Bəzi ayə və hədislərdə imanın artıb-azaldığı bildirilir. Məsələn, Allah-Təala Qurani-Kərimində belə buyurur:

      “İmanlarını artırsınlar deyə...”[4] Bu və bənzəri ayələr yanında Peyğəmbər (s.ə.s)də belə buyurur:

      “İmanın yetmişə qədər şöbəsi var. Ən üstünü, “la ilahə illəllah” demək, ən aşağısı da yolda əziyyət verən şeyləri qaldırıb atmaqdır. Utanmaq da imandan bir şöbədir”.[5]

      Bu növ ayə və hədisləri necə başa düşməliyik?

      Bu suala belə cavab verilə bilər: Bu ayə və hədislərin hökmü səhabələr haqqındadır. Çünki Quran o dövrdə zaman içərisində ayə-ayə enir, onlar da hər enən ayəyə iman edirdilər. Bu da onların ilkin vəziyyətlərinə görə imanlarını artırmış olurdu. Bunlar bizim haqqımızda  deyil. Çünki vəhy artıq kəsilmişdir.

      İman yalnız keyfiyyəti yönündən artar vəya azalar. Yəni güclənər və ya zəifliyər. Bəzi adamların imanı güclü, bəzilərinin isə zəifdir, bəzilərinin kamil, bəzilərininki nöqsanlıdır. İmanın  bu keyfiyyət  dərəcəsinə “iqan” vəya “yəqin” deyilir. Yəqin isə; “Qəlbən bir şeyin sağlamlığına  və həqiqətinə inanıb, əsla şübhə və tərəddüd etməmək”dir.

      Böyük İslam alimlərindən İmam Rəbbani həzrətləri bu məsələni belə xülasə edir:

      “İman qəlbin təsdiqi və yəqini olduğu üçün, azalması, çoxalması olmaz. Azalıb çoxalan bir inanış, iman olmaz. Buna zənn deyilir. İbadətləri və Allah-Təalanın sevdiyi şeyləri etməklə iman cilalanar, nurlanar, parlayar. Haram işləyəndə isəiman bulanar, ləkələnər. O halda, çoxalmaq və azalmaq - əməllərdən, işlərdən ötəri imanın cilasının, parlaqlığının dəyişməsidir. Özündə azalıb çoxalma olmaz”.


      [1]əl-Bəqərə 2/277, Yunus 10/9,  Hud 11/23, əl-Ənkəbut 29/7, Loğman 31/8,  Fatir 35/7, Fussilət 41/8, əl-Şura   42/22, əl-Buruc 85/11, əl-Bəyyinə 98/7

      [2]Taha 20/112

      [3]əl-Hücurat  49/9

      [4]əl-Fəth  48/4

      [5]Buxari, İman 3; Müslim, İman 57,58

       

      • Hits: 598 clicks

      Tecox component by www.teglo.info