İRFANDAN - Professor Əziz SANCAR

      Share

      Elm sahəsində Türk-İslam dühası

      Kimya üzrə Nobel mükafatına layiq görülən Türkiyəli alim

      Professor Əziz Sancar

      Türkiyənin Mardin şəhərinə bağlı Savur qəsəbəsində, 1946-cı ildə, orta gəlirli bir əkinçi ailəsində dünyaya gələn Əziz Sancar ailəsinin səkkiz uşağından yeddincisi idi. Özünün dediyinə görə, ata-anası oxumaq-yazmaq bilmirdilər. Amma təhsilin, oxumağın nə qədər vacib olduğunu bilirdilər. Buna görə də uşaqlarının yaxşı təhsil almaları üçün əllərindən gələni etdilər.

       İlk təhsilini də elə Mardində aldı. Yaxşı oxumağın yanında həm də sosial fəaliyyətlərdə aktiv uşaqlıq illəri keçirdi. Belə ki, gənclərdən ibarət yerli futbol komandasında kifayət qədər yaxşı bir qapıçı kimi iştirak edirdi. Hətta Gənclərdən İbarət Milli Komandanın təlim və sınaq məşqlərinə də çağırılmışdı.

      1963-cü ildə İstanbul Universitetinin Tibb fakültəsinə daxil oldu. 1969-cu ildə universiteti bitirdi və iki il poliklinikada həkim işlədi. 1971-ci ildə təhsilini davam etdirmək üçün ABŞ-a yola düşdü.

      Amerikanın Dallas ştatında Dallas Texas Universitetində Molekulyar Biologiya səhəsində doktorluq dissertasiyası müdafiə etdi. Yale Universitetində də DNT-nin bərpası istiqamətində dosentlik mövzusunu bitirdi.

      DNT təmiri və hüceyrələrin düzülüşü, həmçinin xərçəng xəstəliyi və onun müalicəsi mövzularında çox qiymətli araşdırmalara imza atdı. Xərçəng xəstəliyinin müalicəsində çox böyük bir nailiyyət sayılan “ritmik saat” nəzəriyyəsi səbəbilə bir çox beynəlxalq mükafatlara layiq görüldü.

      415 elmi məqalə və 33 kitabın müəllifidir.

      Hal-hazırda da Amerikanın Şimali Karolina Universitetinin müəllimi və elmi işçisidir. Bunu da qeyd edək ki, o, Amerika Milli Elmlər Akademiyasına bu vaxta kimi üzv olaraq qəbul edilmiş olan üç türk əsilli alimdən biridir.

      Xanımı Gvin Sancarla birlikdə Amerikada yaşayan Əziz Sancar eyni zamanda oradakı Aziz&Gwen Sancar vəqfiyəsinin də qurucusudur. Vəqfin əsas məqsədi türk-amerikan əlaqələrini inkişaf etdirməkdir. Eyni zamanda bu vəqfin Şimali Karolinada oxuyan tələbələrə xidmət edən “Carolina Türk Evi” adlı yataqxanası da var.

      Nobel mükafatına layiq görülməsinin əsas səbəbi isə onun DNT-nin bərpası sahəsində apardığı elmi araşdırmalardakı nailiyyətləridir. DNT-nin bərpası zamanı genetik məlumatların necə qorunduğunun xəritələndirilməsi sahəsindəki 35 illik araşdırmalarının nəticə verməsi onun 2015 kimya üzrə Nobel Mükafatı qazanmağına səbəb oldu. O, kimya sahəsində Nobel mükafatı qazanan ilk türk vətəndaşı və elm xadimidir.

      Professor Əziz Sancar xərçəg sahəsində əldə etdikləri mühüm nailiyyətlər işığıda xərçəngin əmələgəlmə və yayılma mexanizmasının yaxın 10 il içərisində açıqlana biləcəyini bəyan edib. Onu da əlavə edək ki, alim mətbuata verdiyi açıqlamalarında bunun hələ xərçəngin müalicəsi mənasına gəlmədiyini qeyd edib. Ancaq xərçəng mexanizmasının tam olaraq öyrənilməsinin onun müalicə edilməsində çox faydalı olacağı güman edilir. Çünki, yenə alimin açıqlamalarına görə bu vaxta kimi xərçəngin müalicəsində istifadə edilən dərman peraparatlarının bir çoxu DNT bərpa mexanizmasını zəiflədir və ya sıradan çıxardır. Bu da xərçəng hüceyrələrinin tam olaraq məhv edilməsini əngəlləyir. Çünki xərçəng hüceyrələri də bu bərpa mexanizminə sahibdir və verilən dərman hamısına eyni dərəcədə təsir edir. Onların indiki hədəfi isə sağlam hüceyrələrdəki mexanizmanın pozulmasını dayandıraraq xərçəng hüceyrələrinin normal hüceyrlərdən daha əvvəl öldürülməsini təmin etməkdir. Buna görə də bərpa mexanizmasının açıqlanması çox zəruridir.

      Qeyd edək ki, alimin daha əvvəl kəşf elədiyi “ritmik saat” və ya “günlük ritm” adlandırılan kəşfi, bu günlük (sirkadyen) saatın DNT bərpasına nəzarət etdiyini sübut etmişdi. Belə ki, Sancar DNT bərpasının günün müəyyən saatlarında artdığını, müəyyən saatlarda da minimun həddə düşdüyünü açıqlamışdı. O halda alimin məqsədi bu bərpanın ən zəif olduğu vaxtı təyin etmək və bu vaxt ərzində dərman müalicəsinin dozasını artıraraq dərmanın təsirini artırmaq və xərçəng hüceyrələrinin məhv olmasının qabağını açmaqdır. Bu çalışmalarının ilk əvvəl qalın bağırsaq və dəri xərçənglərində sınaqdan keçirilməyə başlanacağını bildirən Sancar təcrübə siçanları üzərində aparılan sınaqların yaxın zamanda xəstələrə tətbiq edilə biləcəyini ifadə edib.

      Xərçəngin tək tip hüceyrələrdən ibarət olmadığını bildirən alim, xərçəng vaxtı müxtəlif hüceyrə mutasiyalarının baş verdiyini də deyib. Buna görə də əsas problemin mutasiyanı əngəlləmək olduğunu və hər növ hüceyrəyə ayrı bir müalicə tətbiq eləmək məcburiyyətində olduqlarını dilə gətirib.

      Həm keçmişindəki Osmanlı ilə, həm də bugünün Türkiyəsi ilə fəxr etdiyini deyən Əziz Sancar ona verilən mükafatı Türkiyə Cümhuriyyətinə ərməğan etdiyini bəyan edib və medalyon ilə sertifikatı Türkiyəyə etdiyi səfərində Ali Baş Qərargaha təqdim edib. 

      • Hits: 588 clicks

      Tecox component by www.teglo.info