Alpay Əhməd - Suriya Böhranı

      Share

      Bu ilin sentyabr ayının 30-dan başlayaraq Rusiya qırıcılarının Suriya ərazisində həyata keçirdiyi hərbi əməliyyatlardan sonra dərinləşməkdə olan böhranda yeni bir aktorun, hər şeydən öncə, supegücün iştirakının şahidi olmaqdayıq. Parisdə 100-dən çox dinc sakinin öldüyü son terror hadisəsindən və rəsmi Moskva Şərm-əş-Şeyx-Sankt-Peterburq reysi üzrə uçan mülki təyyarənin terror nəticəsində göydə partladılmasını (nəticədə 200-dən çox RF vətəndaşı həyatını itirmişdir) elan edəndən sonra Rusiya İŞİD-in paytaxtı Rəqqa şəhərinə uzaqmənzilli ağır bombardmançı təyyarələrlə intensiv şəkildə bombalar endirməkdədir.

      Rusiya bəlli olduğu kimi, Suriyada münaqişə başlayandan bəri Əsəd rejimini hərbi cəhətdən dəstəkləyir və bununla bağlı onun istər ABŞ, Fransa, Böyük Britaniya, Yaxın Şərqdə Səudiyyə Ərəbistanı, Qətər, istərsə də özünün strateji tərəfdaşı Türkiyə ilə ciddi ziddiyyətləri mövcuddur.

      Rusiyanın niyə Əsəd rejimini bu qədər dəstəkləməkdə israrlı olduğunu söyləyənlər əsasən bir arqumenti əsas gətirir: Əsəd Suriyası Rusiyanın regionda yeganə müttəfiqidir və Tartusda hərbi bazanı itirmək sonuncunun strateji maraqlarına daxil deyil. Ümumiyyətlə, münaqişənin gedişatına diqqət yetirdikdə, ən azından, taktiki səviyyədə prezident Putinin irəlidə olduğunu söyləmək olar.

      İstər-istəməz meydana çıxan suallardan biri budur: Doğrudanmı, Əsəd rejiminin hakimiyyətdə qalması rəsmi Moskvanın həyati maraqlarına daxildir? Məsələ burasındadır ki, 2008-ci ildə Gürcüstana olan hərbi müdaxilədən sonra Rusiya fəal xarici siyasətə üstünlük verərək dünyaya qlobal aktor olduğunu göstərmək istəyir. Keçən ildən bəri hələ də davam edən Ukrayna ilə hərbi münaqişənin pik vaxtlarında RF-nin xarici işlər naziri Serqey Lavrovun çıxışlarının birində qeyd etdiyi kimi, “soyuq müharibədən” sonra biz dünya düzəninin yenidən qurulmasının şahidi olmaqdayıq.

      Rusiyanın Suriyadakı aktivliyinə nəzər saldıqda isə görürük ki, bu ölkə eyni zamanda bir neçə strateji məqsədə nail olmaq istəyir. Birincisi, bütün gücünü sərf edib Əsəd rejimini saxlamaq və bununla da ordakı bazasını itirməməyə çalışmaq. Hərbi hava əməliyyatlarının ilk on-on beş günü ərzində vurulan hədəflərin əksəriyyətinin müxalif qüvvələri təmsil edən Azad Suriya Ordusu, Cəbhət-ən-Nusra, Əhrar-əş-Şam və digər cihadçı qruplaşmalara aid olduğunu nəzərə alsaq, məlum tezisin haqlı olduğunu görərik. Eyni zamanda İranı da danışıqlar prosesinə cəlb edən Rusiya məsələnin diplomatik yolla öz maraqları üçün həll olunmasına çalışır.

      Yalnız Misirdə baş vermiş məlum təyyarə hadisəsindən sonra Rusiya İŞİD-ə qarşı hərbi əməliyyatlarının genişləndirilməsinə start verdi. (Yeri gəlmişkən, buna görə Obama administrasiyası ilk dəfə olaraq Rusiyanı təriflədi). Sözsüz ki, istər yaxın, istərsə də uzaq perspektivdə haqqında bəhs olunan qlobal terror təşkilatı bu ölkə üçün ciddi təhdid sayıla bilər. Amma digər tərəfdən, İŞİD Əsəd rejiminə bir növ legitimlik xarakteri verir ki, elə Rusiyanın da gecə-gündüz təbliğ etdiyi budur: əgər Əsəd hakimiyyətdən getsə, onda Suriyada xaos yaranacaq və Qərb ölkələri İŞİD kimi dəhşətli bir fenomenlə üzləşəcək. Bu mənada Parisdəki müdhiş terror hadisəsi Rusiyanın maraqlarına cavab verdi. Artıq Rusiya və Fransa İŞİD hədəflərinə qarşı əməliyyatlarını koordinasiya edəcək, üstəgəl, bu istiqamətdə əməkdaşlığı daha da gücləndirmək üçün noyabrın 26-da iki ölkə başçısının görüşü gözlənilir.

      Rusiyanın Suriyadakı fəallığını Ukrayna ilə əlaqələndirənlər də var. Onlar, məsəlçün, Almaniyanın xarici işlər naziri Valter Ştaynmayer hesab edir ki, rəsmi Moskva eyni zamanda dünya ictimaiyyətini Ukrayna böhranından yayındırmaq, onu unutdurmaq istəyir. Deyilənlərdə müəyyən həqiqət payı var, çünki fakt orasındadır ki, hal-hazırda Normand formatında həyata keçirilən danışıqlarda ancaq Donetsk və Luqanskın statusu müzakirə olunur, ilhaq olunmuş Krım məsələsinə isə ümumiyyətlə toxunulmur.

      Nəticədə sual meydana çıxır, RF-nin Suriyadakı aktivliyinin nəticələrini təxmini necə proqnozlaşdırmaq olar? Fikrimizcə, Putin hakimiyyəti Əsəd başda olmaqla BƏƏS rejiminin, ya da Əsədsiz həmin rejimin saxlanılması üçün əlindən gələni edəcək. Supergüclərin, eləcə də maraqlı tərəflərin iştirak etdiyi son Vyana danışıqları düzü, proseslərdə həlledici dönüşdən deyil, müəyyən ümid işığından xəbər verir. Amma bir şeyi qəti söyləmək olar ki, İŞİD terrorunun uzunmüddətli perspektivdə də həll edilməsi gözlənilmir. Bu baxımdan, hadisələrin gələcək perspektivi barədə pessimist olmaqdan başqa əlacımız qalmır.

      • Hits: 617 clicks

      Tecox component by www.teglo.info