AqiL ƏLİYEV - İSLAMDA YETİMLƏRİN HİMAYƏSİ.

      Share

      Bu dünya həyatında insanın məruz qala biləcəyi ən böyük imtahan və sıxıntı, daha kiçik ikən kimsəsiz və himayəsiz qalmasıdır. Digər sıxıntı, müsibət və imtahanlara bir vasitə ilə dözmək və öhdəsindən gələrək dəf etmək mümkündür, ancaq yetimlik və kimsəsizlik, bir ömür boyu insanla bərabər var olan, hər an insanın qarşı-qarşıya qaldığı acı və çox çətin bir sınaqıdır.

      Elə buna görə də dinimiz belə uşaqlara sahib çıxmış, onların baxımı, tərbiyəsi, təhsili və evləndirilməsini öz üstünə götürən insanlara çox böyük mükafatlar vəd etmişdir.

      İslamdan öncəki dövr olan cahiliyyə dövründə yetimlərin çoxu, valideynlərinin qoyub getdiyi  mirasdan, var-dövlətdən məhrum edilir, onlar insan yerinə belə qoyulmurdular. İstədikləri kimi işlədir, bəzən zəhmət haqqını belə vermirdilər.

      İslam dini gəldikdən sonra isə bir çox haqq və hüquqları bərqərar etməklə yanaşı, yetimlərin vəziyyətlərini də yaxşılaşdırmaq üçün bir çox yeniliklər gətirdi. Şübhə yoxdur ki, o dövrdə konstitusiya və ya insan haqları bəyannamələri yox idi. Təbii olaraq da, bu hüquqların və yeniliklərin qaynağı da Qurani-Kərim və Allah Rəsulunun (s.ə.s) mübarək kəlamları idi. Qurani-Kərimə və hədis qaynaqlarına nəzər salsaq görərik ki, birçox ayə və hədislərdə yetimlərin himayə edilməsi istənilmiş və xüsusilə onların mallarının qorunmasına dair hökmlər gətirilmişdir. İslamın yetimlər haqqında gətirdiyi haqları üç kateqoriyada ələ almaq olar: Onların fərdi, ictimai və maliyyə yönündən haqları və himayəsi.
               Qurani-Kərimdə belə buyurulur:“Dünya və axirət həyatında sənə yetimlər haqqında soruşurlar. De ki; Onları yaxşı yetişdirmək (köməksiz qoymaqdan) daha xeyirlidir. Əgər onlarla birlikdə yaşasanız (unutmayın ki) onlar sizin qardaşlarınızdır. Allah, fitnə-fəsad çıxaranı islah edəndən ayırandır…”(Bəqərə, 2/220)Bu ayədən də aydın olduğu kimi İslamın qayəsi onları bir kənarda buraxmamaq, birlikdə yaşamaq və cəmiyyətə faydalı bir fərd halına gətirmək üçün islah etməkdir. Çox gözəl bilirik ki, özbaşına, baxımsız və himayəsiz buraxılıb təlim-tərbiyə verilməyən yetim uşaqların sonu haralarda bitir. Cinayətkarların, aqressivlik göstərənlərin, radikal cərəyanlara qoşulanların çox hissəsi belə insanlardır.  Hələ kiçik ikən heç bir şey vermədiyimiz  insandan, böyüdükdən sonra faydalı və xeyirli bir şey gözləmək əbəsdir.
      Peyğəmbərimiz (s.ə.s) bir kəlamında belə buyurmuşdur:“Mən və yetimə baxan şəxs, cənnətdə bu ikisi (orta və şəhadət barmaqlarını birləşdirərək) kimiyik”.(Müslim, Zühd; 4)

      Digər tərəfdən dinimiz yetimlərin maliyyə tərəfini də düşünmüş, yetimlərin yaşayışını, var-dövlətə  sahib olmasını təmin etmişdir. Belə ki, valideynlərindən qalan mirasda haqq sahibi olmalarının yanında savaşdan əldə olunan qənimət payından, zəkatdan, fitrədən və başqa yardımlardan da yardım əldə etməyi hökm halına gətirmişdir. Yenə bu haqda Quranda buyurulur:“Əgər Allaha və haqq ilə batilin ayrıldığı  günə, iki ordunun bir-biri ilə qarşılaşdığı gün (Bədir döyüşü günü) qulumuza endirdiyimizə inanmısınızsa, bilin ki, qənimət olaraq aldığınız hər-hansı bir şeyin beşdəbiri Allaha, Rəsuluna, onun əqrəbalarına, yetimlərə, yoxsullara və yolçuya (yolda qalmış möhtaclara) aiddir. Allah hər şeyə haqqıyla qadirdir”.(əl-Ənfal, 41)Bu ayənin hicrətin ikinci ilində, yəni islami dövlətin yeni-yeni şəkilləndiyi bir dönəmdə nazil olması İslamın yetimlərə göstərdiyi qayğı və önəmi göstərməkdədir. Bundan əlavə, nəinki onların özlərinə aid olan miras haqlarının əskiksiz verilməsi, hətta hər-hansı bir miras payı bölüşdürülərkən orada olan yetimlərin də könüllərini almaq üçün  pay verilməsi Quranın tövsiyələrindəndir. Belə buyurulur:“(Mirasdan payı olmayan) yaxınlar, yetimlər və yoxsullar miras bölünərkən orada olarlarsa o maldan, onlara da verin və onlara gözəl söz söyləyin”.(ən-Nisa, 8)

      Allah Rəsulu (s.ə.s) yetimləri və qadınları himayə və qorunma baxımından  insanların ən zəifi saymış və onları öz ümmətinə əmanət edərək dünyasını dəyişmişdir. Son günlərində buyurduğu bir kəlamında Rəbbinə olan münacatını bizlərə dərs və ibrət olması üçün belə dilə gətirirdi: “Allahım! (Sən şahid ol) Mən bu iki zəifin haqqının zay edilməsindən (insanları) şiddətlə, ciddiyyətlə çəkindirdim,qadağan etdim. Bu iki zəif: yetim və qadındır”. (Müsnəd, II, 439)

      Dinimiz eyni zamanda yetimlərin və kimsəsizlərin mallarını qorumağı da tövsiyə etmiş, onların mallarına əl atanların, yetim malı yeyənlərin çox  böyük bir günah və vəballa qarşı-qarşıya qalacağını bildirmişdir. Bir ayədə belə buyurulur:“Haqsızlıqla yetimlərin mallarını yeyənlər, şübhəsiz, qarınlarına ancaq atəş doldurmuş  olarlar; onsuz da onlar alovlanmış atəşə girəcəklər”.(ən-Nisa,10)

      • Hits: 558 clicks

      Tecox component by www.teglo.info