Nurlan MƏMMƏDZADƏ - Həcc Şüuru

      Share

      Həzrət Peyğəmbər İslamın əsaslarını hədisi-şərifində belə dilə gətirir:

      “İslam beş təməl üzərində qurulmuşdur: Allahdan başqa ilah olmadığına və Muhammədin Allahın Rəsulu olduğuna şahidlik etmək. Namazı doğru qılmaq, zəkatı haqqı ilə vermək, Allahın evi olan Kəbəni həcc etmək və Ramazan orucunu tutmaq”.(Buxari, İman 1, 2)

      Bu hədisi-şərif İslama girmək üçün Allahın birliyinə və Hz. Muhammədin (s.ə.s) peyğəmbərliyinə iman gətirdikdən sonra müsəlmanın üzərinə düşən vəzifə və borcların nələr olduğunu xülasə edir. Hər biri İslamı ayaqda saxlayan beş sütun olan bu əsaslar olmadan dinin kamilliyindən söhbət gedə bilməz. Namaz, oruc, zəkat və həcc dinimizin başlıca ibadətlərindən sayılır və müsəlman olduğunu söyləyən hər kəsə fərzdir. Namaz və oruc bədəni, zəkat isə mali ibadət olduğu halda həcc həm bədəni, həm də mali ibadət sayılır və gücü çatanların, o mübarək bölgəyə getmə imkanı olanların Allahın evini - Kəbəni ziyarət etməsi şərtdir. Həcc ibadətinin keçərli olması üçün dinin qoymuş olduğu bir sıra müəyyən rükn və şərtləri yerinə yetirmək lazımdır. Hər bir ibadətdə olduğu kimi həccin də əslində insana qazandırdığı bir sıra xüsusiyyətləri və hikmətləri vardır. Bu yazımızda həcc rituallarının arxa planına göz atmağı, anlaya bildiyimiz qədər hikmətlərindən söz açmağı planlaşdırırıq. Xəyali həcc səfərimizə Ərəfatla başlayaq.

      Ərəfat

      Ərəb dilində “arafə” kökündən yaranan bu söz tanımaq, bilmək, tanış olmaq və s. mənalara gəlir. Ərəfatda vəqfəyə durmaq, yəni orada müəyyən edilmiş zaman ərzində ən azı bir müddət keçirmək həccin rüknlərindəndir. Həzrət Peyğəmbərin hədisi-şərifində keçən “Həcc Ərəfatdan ibarətdir” (Əbu Davud, Tirmizi) ifadəsi Ərəfat vəqfəsinin zəruriliyini bir daha şiddətlə təsdiq edərək vəqfəyə durmadan həccin keçərli olmadığını bildirir.

      Ərəfat ilk insan olan Hz. Adəmlə Həvva anamızın cənnətdən çıxarıldıqdan sonra yer üzündə sürgün müddətinin sona çatması ilə yenidən görüşdükləri, bir-birinə qovuşduqları yerdir. Bu baxımdan Ərəfatın simvolik mənaları ta Həzrət Adəmə qədər gedib çıxır. Haqq-Təala minlərlə il bundan əvvəl bəşərin atası Adəmi və Həvvanı bağışlamış və bu günün hörmətinə onların nəslindən gələnləri də hər il bağışlamağı vəd etmişdir. Ona doğru açılan əlləri geri çevirməyəcəyini bildirərək lütf-kərəmini əsirgəməmişdir. Ərəfat bir növ insanın özünü tanıması, günahları ilə yenidən üzləşməsi və Rəbbinin rəhmətinə möhtac olduğunu dərk etməsidir. Qiyamət qopmadan və hələ məhşər qələbəliyi qurulmadan kəfəni xatırladan bəyaz ehramla məhşəri andıran Ərəfatda vəqfəyə durmaq insan oğlunun bir gün hesaba çəkiləcəyini düşünərək həyatını götür-qoy etməsidir. Beləcə,insan hər şeydən əvvəl özü ilə üzləşərək, nəfsini hesaba çəkərək başlayır həcc ibadətinə.

      Müzdəlifə

      Qurani-Kərimdə də işarə edilən Müzdəlifə rəhmət təzahürlərinin dolub-daşdığı yerdir. İnsan Müzdəlifəyə addımlayarkən sanki dünya və axirət təlaşından qurtularaq Rəbbinə yönəlir. Onun ruhaniyyət və feyzinə can ataraq istedadı nisbətində rəhməti-Rəhmandan istifadə edir. İnsanlar Ərəfat meydanında yaşanan məhşər təlaşındanaxın halında Rəblərinə yönəlirlər.

      Mina

      Şeytan daşlamaq yeri olan Mina Hz. İbrahim və Hz. İsmayılın dastanlaşan qurban hadisəsində şeytana qələbə çaldıqları yerdir. Onlar, Allahın əmrindən yayındırmaq üçün gələn və qəlblərinə vəsvəsə edən şeytanı məhz burada daşlayaraq özlərindən uzaqlaşdıraraq qulluq şüurunu bir daha zirvəyə daşımış, sözün həqiqi mənasında Allaha qurban olmağın misligörülməmiş nümunəsini sərgiləmişdilər. Şeytan daşlamaq əvvəlcə içimizdəki nəfs əngəlini aşmaqla olur. Şeytanı daşlamağın mənasıbizə hər cür pisliyi əmr edən nəfsimizi və vəsvəsə verərək Yaradanımızdan uzaqlaşdıran şeytanı özümüzdən uzaqlaşdırmaqdır. Qulluq şüurunu dərk etmək, “ya Rəbb, mən gəldim, səndən uzaqlaşdıran, səndən qeyri nə varsa hamısını atmağa gəldim”, - deməkdir.

      Səfa və Mərvə

      Qurani-Kərimdə Allahın əlamətlərindən olduğu bildirilən Səfa və Mərvə təpələri (əl-Bəqərə, 158) Həcər anamızın oğlu İsmayıl üçün su axtararkən əlacsız halda üzərində qaçdığı yerin adıdır. Hansı ki, bu yalvarış və axtarışın sonunda qupquru səhranın ortasından dumduru zəmzəm çıxaraq yanan könüllərə məlhəm olmuşdur. Bu mənada qula acizliyini dərk etdirən, sahib olduqlarımızın Allahdan gəldiyini aşılayan bir ayindir. Bu iki təpə arasındakı hər bir qaçışımız Rəbbimizin rəhmətinə doğru səy olmalıdır. Onun rəhmətinə, təkrar onun rəhmətinə, bir daha onun rəhmətinə… “Ya Rəbb, sən olmazsan, gedəcək yerim yoxdur” şüuru ilə naçar və naümid olduğumuzun simvoludur Səfa-Mərvə.

      Kəbə

      Kəbə hər gün ən azı beş dəfə qulluğumuzun ifadəsi olaraq qıldığımız namazlarda yönəldiyimiz müqəddəs məkandır. Bütün dünya müsəlmanlarının ortaq nöqtəsi, onları birləşdirən dəyərdir. Həzrət Adəmdən bu yana insanlar üçün inşa edilmiş ilk məkan, bir çox peyğəmbərdən, o cümlədən İbrahim və İsmayılın (əleyhiməs-səlam) izlərini daşıyan, Hz. Muhammədin toxunuşları ilə daha da şərəflənən mübarək məkan…

      “Ləbbeyk Allahummə ləbbeyk - əmr et, Allahım, hüzurundayam” deyərək təvaf etdiyimiz Kəbə sanki bizi bir olmağa səsləyir. Hər namazda oxuduğumuz Fatihə surəsinin “Yalnız sənə ibadət edər və yalnız səndən yardım istəyərik” ayəsini qəlblərimizə hopduraraq bütün müsəlmanlara birlikdə ibadət şüurunu aşılayır. Bu ibadət bizə ağın qaradan, ərəbin əcəmdən, zənginin kasıbdan, vəzifə sahibinin fəhlədən üstün olmadığını, üstünlüyün yalnız təqva ilə mümkünlüyünü aşılayır. Heç kimin vəzifə kürsüsü ilə, sahib olduğu milyon manatlıq maşını ilə, dəbdəbəli geyimləri ilə deyil, yalnız və yalnız iki hissədən ibarət bəyaz kəfəni ilə təvaf etdiyi Kəbə sanki qara rəngli libası ilə bütün rənglərin bir gün yox olacağını pıçıldayır qulağımıza. Qara daş qara toprağa girəcəyimizə şahidlik edir.

      Qurban

      Bütün rituallarına düzgün riayət edilərək ifa edilən bir həcc, qul üçün tərtəmiz təmizlənmə və Rəbbinə təqvası nisbətində yaxınlaşmadır. Bu yaxınlaşmanın simvolu isə, bu həcci əda etməyə güc-qüvvə verən rəbbinə şükür mahiyyəti daşıyan, lüğətdəki kəlimə mənası da elə yaxınlaşmaq olan “qurban”dır. Əti və ya qanı deyil, yalnız təqvası Allah qatında qiymətli olan qurban, həm dünyəvi faydaları ilə, həm də Allahın əmrini yerinə yetirə bilməyin sevinci ilə qullarına Hz. İbrahimin və Hz. İsmailin simasında bəxş etdiyi bir lütfüdür. Dünya həyatını təmsil edən bu böyük marafonun sanki təltif məqamı, xoş nəticəsidir qurban.

      Əlbəttə ki, bütün bunlar müqəddəs torpaqlara nə üçün gəldiyini müsəlman şüuru ilə dərk edə bilənlərin görə biləcəyi əlamətlərdir. Eynilə Şeyx Sədi Şirazinin dediyi kimi:

      “Arif olan könüllər üçün ağaclardakı tək bir yarpaq mərifətullah divanıdır. Qafil olanlar üçünsə bütün ağaclar tək bir yarpaq belə deyildir.”

      • Hits: 723 clicks

      Tecox component by www.teglo.info