Home Arxiv 2015 № 106 Sentyabr MÜSAHİBƏ - Əlişir ƏHMƏDLİ


    MÜSAHİBƏ - Əlişir ƏHMƏDLİ

      Share

      İrfan:Əlişir müəllim, zəhmət olmasa özünüzü təqdim edərdiniz.

      Əlişir Əhmədli:1960-cı ildə Gəncə şəhərində anadan olmuşam, orta və ali məktəbi bu şəhərdə bitirmişəm. Dini təhsilimi Türkiyədə almışam. Yeniyetməlik dövründən başlayaraq müxtəlif elmlərlə məşğul olmaqdayam. 7 Dünya Səyahəti həyata keçirmişəm. Bunlardan birincisini Şeyx Nizami Gəncəvinin 850 (1989), ikincisini Mevlana Muhəmməd Füzulinin 500-cü doğum ildönümünə (1993) bağlamışam. Yerdə qalan səyahətlərim barədə kitablarımdan oxunub xəbər tutula bilinər.

       13 kitabın müəllifiyəm. Azərbaycan türkcəsində ilk səyahətnamə kitabını yazmışam. Azərbaycanda və Türk Dünyasında ilk, MDB məkanında isə Rusiyadan sonra ikinci Səyyahlar Cəmiyyətini təsis etmişəm (2004). “Nurlu Səyahət” qəzetinin təsisçisi və baş redaktoruyam (2007). Azərbaycan MEA Coğrafiya Cəmiyyətinin həqiqi üzvüyəm (1993). “Nizami Gəncəvi” İ.B.-nin rəhbəriyəm (2009). Azərbaycan Ziyalılar Cəmiyyətinin “Fəxri Ziyalı” diplomu ilə təltif olunmuşam (2007). XX əsrdə Azərbaycanın və Türk Dünyasının yeganə peşəkar səyyahı hesab olunuram. AzTV fəaliyyətimlə bağlı “Yormaz yollar məni” (1991) və “Sorun ki, bu nə sevdadır” (1994) sənədli filmlərini hazırlamış və ekranlara buraxmışdır.   

      - Əlişir bəy, sizin piyada səyahətiniz haqda çox eşitmişik. Necə oldu ki, sizdə belə bir fikir baş qaldırdı və ümumilikdə neçə ölkədə oldunuz?

      - Dünyada təsadüfi heç bir şey yoxdur – hər şey Allahdandır və Ona da dönəcəkdir. “Dünya Səyahəti” desək daha doğru olardı. Çünki mən Qırmızı dənizlə Yapon dənizi arasında Qərblə Şərqi birləşdirən böyük bir coğrafi ərazidə - 12 dəniz hövzəsində səyahət etmişəm. Bütün Turan Coğrafiyasını gəzmişəm. Bu təxminən 50.000 km deməkdir ki, o da Yer kürəsini bir dəfə dolanmağa bərabərdir. Səyahət etmək ideyası isə 1980-ci ildə baş qaldırdı. 10 il hazırlaşdım və 1989-cu il avqust ayının 22-də, ulu babam Şeyx Nizami anadan olan gündə ilk Dünya Səyahətimə çıxdım. Təxminən 40 ölkədə oldum. 40 Tv - Radioda söz söylədim, dövrü mətbuatda 300 məqalə və müsahibəm dərc olundu.

      - Səfərinizdə həcc ziyarətini də etmisiniz. Yəqin ki, bunu əvvəlcədən düşünmüşdünüz.

      - Sevimli Rəsulumuz (s.ə.s) buyurur ki: “Düşünmək də ibadətdir”. Əlbəttə ki, son məqsədim müqəddəs yerlərimizi ziyarət, həcc mərasimini yerinə yetirmək idi. Necə planlaşdırmışdım, eləcə də oldu. Böyük Həcc vaxtına yetişdim və mərasimi necə lazımdırsa o şəkildə də yerinə yetirdim. Qeyd edim ki, Azərbaycanda təkbaşına olaraq Həcc ziyarətinə getmiş ilk zəvvar kimi də tarixə düşmüşəm. Həcc ziyarətim haqqında yaxın gələcəkdə nəşr olunacaq “Gəncədən Məkkəyə səyahət” adlı kitabımda ətraflı bəhs etmişəm.

      - Bir az əvvəl qeyd etdiyiniz kimi 40 ölkədə, dünyanın xeyli şəhərində olmusunuz. Məkkə və Mədinəni digərlərindən fərqli qılan xüsusiyyət nədir sizcə?

      - Məkkə və Mədinə Uca Yaradanın sevib-seçdiyi məkanlardır. Nəbilərin Möhürü sevimli Peyğəmbərimiz Muhəmməd (s.ə.s) bu Müqəddəs Məkanlarda doğulub, yaşayıb və son din İslamı, son kitab Quranı dünyaya bu şəhərlərdən bəyan etmişdir. Məkkə, Mədinə müqəddəs şəhərlərdir. Buna görə də hər bir müsəlman üçün dəyərlidir, əzizdir.

      - İnsan hansı duyğuları keçirir orda, nə kimi hisslər yaşanır?

      - İbadət niyyətiylə  müqəddəs torpaqlara ayaq basan hər kəs Allaha və Rəsuluna daha da yaxın olacağı düşüncəsi ilə sevincli duyğular içərisində olur. Və bu fürsəti əldən verməyərək hər anını ibadətlə keçirməyə çalışır. 

      -Müqəddəs torpaqlara etdiyiniz səyahət zamanı yaşadıqlarınızdan, xoş xatirələrdən bir-neçəsini bizimlə bölüşərdiniz.

      - Əlbəttə, saysız-hesabsız. İnsan var evdə doğulur, evdə də dünyasını dəyişir. Əsil həyat isə yollardadır. Ən yadda qalanlardan biri də bu hadisədir: Azərbaycan, İran, Türkiyə, Suriyadan sonra gəlib İordaniyaya çatdım. Başkənd Əmman şəhərindən vizamı alıb Səudiyyə Ərəbistanına keçmək istəyirdim. Bu məqsədlə səfirliyə müraciət etdim. Ancaq, burada mənə bəyan etdilər ki, bu ölkənin mövcud qanunlarına əsasən onlar mənə viza verə bilməzlər. Qanuna görə ancaq qrup şəklində olan zəvvarlara viza verilir –o da, əgər dövlətlərarası anlaşma varsa. “Sən isə özün gəlmisən, həm də tək. Buna görə də sənə viza düşmür. Geri dönüb, öz ölkənə qayıda bilərsən!”,- dedilər.

           İndi nə etməliydim, Hicazın bir addımlığında ikən ondan üzmü döndərməliydim? Yox, bu əsla mümkün deyildi. Mən istəyimə nail olmalı, müqəddəs yerləri ziyarət etmədən geri dönməməliydim. Nə olursa olsun, vizamı alacağam. Əmmanda qonaq kimi yaşadığım Məscidi əş-Şəria məscidindəki müsəlman qardaşlara olanları söylədim. Onlar “İnşəallah sən viza alacaqsan” deyə xeyir-dua etdilər və məni bir neçə rəsmi idarə və təşkilata apardılar. Təşkilat rəhbərləri Səudiyyə Ərəbistanı səfirliyinə zəng edib mənə viza vermələri üçün xahiş etdilərsə də bunun faydası olmadı. Sonra səfirlik məni konsulluğa göndərdi ki, onlar verəcək. Konsulluq da əksinə, səfirliyə müraciət etməyi məsləhət görürdü. Bu minvalla bir neçə günüm səfirliklə konsulluq arasındakı 5 km dərə-təpə yolu gedib-gəlməyə sərf olundu. Axırda aydın oldu ki, sən demə onlar işi həll etməmək üçün sadəcə məni başlarından edirlərmiş. Nəhayət, işi bütünlüklə öz  üzərimə götürüb qərara gəldim və bu qərarımı da səfirliyə bildirdim: “Hicaz  bütün müsəlmanlara aiddir. Bir müsəlman olaraq mənim də haqqım var ki, Məkkə, Mədinəni ziyarət edim. Siz mənə viza verməlisiniz. Əks halda mən aclıq elan edəcəyəm!!” Səfirlikdən “Özün bilərsən!” cavabını alanda, səfirlik qarşısındakı boş göy çəmənlikdə əsamı yerə sancdım, cübbəmi otların üzərinə sərib üstündə oturdum. Bir gün keçdi, ikinci gün səfirlik məmurları “narahat” olmağa başladılar. Həm də yerli rəsmi qəzetlərdə də mənə göstərilən münasibətdən yazılar dərc olunmuşdu. Bundan qıcıqlanan məmurlar səfirlik mühafizəçilərinə dərhal məni uzaqlaşdırmaq göstərişini verdilər. Ancaq mühafizə komandiri mənə yaxınlaşıb sadəcə bunları dedi: “Əhməd, biz onların göstərişlərinə əməl etməyəcəyik. Əksinə, biz sənə dua edəcəyik. İnşəallah, sən viza alacaqsan!”

        Aclığın üçüncü günü idi, zəifləmişdim. Səfirin Mersedesinin gəldiyini görüb, əsama söykənərək yola çıxdım. Əllərimi yana açıb səfirin qarşısını kəsdim. Bunu görən səfirlik məmurları həyətə atılaraq “Əhməd bunu etmə, etmə...” deyib, qışqırışdılar. Mən isə yerimdən belə qımıldanmadım. Səfir müavini məni əmin edəndən sonra ki,- viza məsələsini həll edəcəklər, - kənara çəkilib səfirə yol verdim. Yarım saat sonra isə məni içəri dəvət edib bildirdilər ki, səfir bu haqda öz ölkəsinə müraciət edəcəkdir. Axşama doğru bir daha yaxınlaşdım. Axşam pasportuma viza möhürü vuruldu. Əlavə bir sənəd də verildi ki, getdiyim yerlərdə göstərim. Səudiyyə Ərəbistanı Kralı tərəfindən imzalanmış bu sənəddə yazılmışdı ki, mən bu ölkənin “Allahqonağı”yam və mənim bu ölkədə yaşayacağım müddətdə olacaq məsrəflərin hamısı onlar tərəfindən ödəniləcəkdir. Belə də oldu; S.Ərəbstanında yaşadığım 3 ay müddətində olan yemə-içmə, otel xərcləri və sairə nə varsa hamısı dövlət tərəfindən ödənildi. Rəbbimə şükürlər olsun! Allah səbr edənlərlədir!

      - Bir çoxları geri qayıdandan sonra oraları təkrar görmək istəyinin yarandığını deyir. Sizcə bu istək nəyə bağlıdır?

      - Yenə qeyd edirəm ki, ibadət niyyətiylə həccə gələn müsəlman üçün bu istək Allah və Rəsuluna, əhli-beyt və əshaba olan sevgisi ilə bağlıdır. Başqa niyyətlə gələnlər də var. Allahın Rəsulu (s.ə.s)-in buyurduğu kimi: “Əməllər niyyətə görədir”. Dini üçün gedənlər dinini tapar, başqa niyyətlə gedənlər də onu. Oraya sevdiklərini ziyarət üçün gedənlər də bir daha oralara təkrar qayıtmağı əlbəttə istəyərlər.

      - Müqəddəs həcc ziyarətindən faydalı istifadə etmək üçün zəvvarlarımıza nə tövsiyə edərdiniz?

      - İlk növbədə Həcc mərasimini şüurlu şəkildə yerinə yetirməyi tövsiyə edirəm. Bunun üçün isə hazırlıqlı olmaq, müəyyən biliklərə yiyələnmək lazımdır. İnsan həccdən döndükdən sonra onda müəyyən dəyişiklik, yeniləşmə olmalıdır. Əgər bu yoxdursa, demək ki, boşuna getmişdir. Cahilin həccindən isə nə özünə faydası var, nə də ki, başqalarına...

      - Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik. 

      - 22 ildən sonra (1993) təkrar xatırladığınız üçün mən də təşəkkür edir və Cənabi Haqdan ən xeyirlisi nə isə onu sizlərə arzulayıram. Qarşıdan gələn Qurban Bayramımız da mübarək olsun, Amin!

      • Hits: 603 clicks

      Tecox component by www.teglo.info