Müşfiq Xəlilli - QURBANIN HİKMƏTİ

      Share

      Qurban, ibadət niyyətiylə Qurban bayramı günlərində Allah rizası üçün kəsilən heyvana verilən addır. Qurban kəsmək hicrətin ikinci ilində əmr edilmişdir. İmkanı olan hər müsəlmana Qurban bayramı günlərində Qurban kəsmək  vacibdir.

      Qurani-Kərimdə “Qurban” sözü üç yerdə işlədilsə də bu ibadətlə bağlı 20-dən çox ayədə müəyyən bilgilər, xatırlatmalar vardır.

      Hər şeydən öncə onu nəzərdə tutmaq lazımdır ki, bəndənin xoşbəxtliyi də, borcu da Allaha yaxınlaşmaqdır. “Qurban” sözü də elə yaxınlaşmaq mənasındadır, yəni qulun Allaha yaxınlaşmasıdır. Bayramda kəsilən heyvan bu yaxınlaşmağa bir vasitədir, həqiqi qurban olan, yəni Allaha yaxınlaşan isə o qurbanı kəsənin özüdür.

      Qurban səmimiyyətdir. Hz. Adəmin oğlu Habil bəslədiyi heyvanların ən gözəlini qurban verdi, Allah-Təala o qurbanı qəbul etdi; Habilin qardaşı Qabil isə yetişdirdiyi meyvələrin xarabını, çürüyünü qurban ayırdı, Allah-Təala onun qurbanını rədd elədi, sanki qaytarıb üzünə çırpdı. Allah üçün verəcəksənsə, imkanın çatanın ən gözəlini ver. Yəni nə verdiyinə baxmaq deyil, kimin adına verdiyinə baxmaq ən doğru yanaşmadır.

      Qurban şeytanı ağlatmaqdır. Xəsislik və israf şeytanı güldürmək, bu ikisinin ortasındakı ədalət xəttini tutmaq isə Sirat körpüsünü özünə yol tutmaq kimidir. Bəndənin “Bismillah” deyib qurban kəsməsi, Allaha yaxınlaşmaq yolunda bir addım atması şeytanı dəli edər, od vurub yandırar.

      Qurban nəfsin tərbiyəsidir. İbadətin mahiyyətində nəfsin tərbiyəsi ən mühüm amillərdən sayılır. Əslində qulun Allaha yaxınlaşması da elə nəfsin tərbiyəsi ilə mümkün olur. Kim nəfsini nə qədər tərbiyə edə bilibsə, Allaha yaxınlaşmağı da elə o nisbətdədir.

      Allah-Təala: “Mən qullarıma onların boynunun şah damarından da yaxınam”[1]- buyurur. Yəni qurbanda qulun Allaha yaxınlaşması nəzərdə tutulur. Allah-Təala onsuz da bəndələrinə yaxındır. Allahın bəndəyə yaxın olmağı  bəndənin Allaha yaxın olması demək deyil.

       Kəbə Allah evidir, amma insan əlinin sənətidir;  qəlb-insana əmanətdir, amma Allahın əsəridir. Allah “namaz qıl, oruc tut, zəkat ver, həccə get, qurban kəs” deyə əmr edəndə onun qarşısında iki yol qoyaraq onu həm Özünə yönəldir, həm də insanlara. Quranda açıq-aşkar buyurulur ki, kəsdiyiniz qurbanın nə əti, nə də qanı Allaha yetişər[2], yəni Allahın onların heç birinə ehtiyacı yoxdur.  Allah-Təala heç nəyə möhtac deyil, amma yaratdığı bütün varlıqlar Ona möhtacdır. Allah bəndələrinin niyyətinə dəyər verər, qullarının Onun əmrlərinə əməl etməkdə nə qədər həssas, nə qədər səmimi olmalarına dəyər verər.

      Buna görə digər ibadətlərdə olduğu kimi qurban kəsmə ibadətində də  riya və göstəriş olmamalıdır.  Başqalarının “filankəs qurban kəsdi” deməsi üçün və ya qurbanlarımızı  yalnız ət yemək düşüncəsiylə kəsməməliyik. Sırf Allahın rizasını qaznmaq üçün, Allah əmr etdiyi üçün kəsməliyik.

         Bundan əlavə Qurban kəsməyə gücü çatdığı halda Qurban kəsməyən kimsə haqqında   Peyğəmbərimiz (s.ə.s)  bir hədisi-şərifində  belə buyurur:

       “Qurban kəsməyə gücü çatdığı halda qurban kəsməyən kimsə bizim namazgahımıza yaxınlaşmasın (yəni aramıza qarışmasın)”.[3]

      Qurban  kəsməyə  imkanı  olduğu  halda  qurban kəsməyən hər müsəlman bu hədisi-şərifi yaxşı düşünməlidir. Bütün bunlarla yanaşı Allah üçün kəsdiyimiz qurbanların qüsursuz  olmalarına da diqqət etməliyik. Heç görməyəcək dərəcədə kor, həddən artıq xəstə, yeriyə bilməyəcək dərəcədə zəif və topal, qıçı sınıq, ağlını itirmiş və gəzə bilməyən heyvanlar qurban olaraq kəsilə bilməz. Qurbanı  kəsərkən isə kəskin bir bıçaq işlədilməli və heyvana əziyyət  verilməməlidir.

      Bir gün Peyğəmbərimiz (s.ə.s) qoyun (qurban) kəsmək istəyən bir nəfəri gördü. Həmin adam kəsmək üçün qoyunu yerə uzatdıqdan sonra bıçağını itiləməyə başladı. Bu kobud davranış qarşısında Peyğəmbərimiz (s.ə.s) o adamı belə tənbeh etdi: “Heyvanı dəfələrlə öldürmək istəyirsən? Bıçağını onu yerə uzatmazdan əvvəl itiləsən olmazdı?”

      Bunun üçün qurban  kəsərkən ona  əziyyət vermədən kəsməyimiz lazımdır. Qurbanlıq əti üç  yerə ayrılaraq bir qismi kasıblara paylanmalı, bir qismi qohum-əqrəba və tanışlara, bir qismi isə qurban yiyəsinin ailəsi tərəfindən istifadə edilməlidir. Daha sonra müsəlmanlar bir-birləriylə təbrikləşməli, aralarındakı hər cür kin və küdurəti  atmalı, küsülülər varsa barışmalıdırlar.  Bəli, həqiqi müsəlmanın həqiqi bayram anlayışı budur. Bayram, müsəlmanı müsəlmana bağlamaq üçündür. Bayram, müsəlmanlar arasında sevgini, qardaşlığı, birliyi qurmaq üçündür.

      Bütün bunlarla yanaşı ərəfə günü sabah namazından etibarən başlayan və bayramın dördüncü günü ikindi namazında sona çatacaq olan təşrik təkbirlərini hər fərz namazından sonra gətirməyi unutmayaq.  

      Uca Allah, bizi Qurban ibadətini doğru anlayan qullarından etsin!                                         


      [1] Qaf, 16

      [2] Həcc: 37.

      [3] Camıussağir, c. 2, Səh: 152. 

       

      • Hits: 736 clicks

      Tecox component by www.teglo.info