Rüstəm Hudulov - Təsəttür və Gənclik

      Share

      Daim insanlığın səadət və rahatlığını istəyən Uca Allah, elçiləri və kitabları vasitəsi ilə haqq yolu göstərmiş və bütün insanlığın bu yolla getməsini əmr etmişdir. Məhz Hz. Muhamməd (s.ə.s) bu elçilərin, Qurani-Kərim isə bu kitabların sonuncusudur. İslam yalnız Allah ilə qul arasındakı vicdani bağlardan ibarət deyil, fərdlərin və cəmiyyətin bütün ehtiyaclarına cavab verən mükəmməl bir nizamdır. Müsəlman isə bu nizamı qəbul edib, onu sevə-sevə və layiqincə yaşayandır. 

      Bir balıq su içində qaldığı müddətdə necə hüzurlu olursa, müsəlman da İslamın əmr və qadağalarına əməl etdiyi zaman balıq kimi eləcə hüzurlu və rahat olar.  İslamın əmr və qadağaları isə atəşin yandırması, günəşin doğması və iki dəfə ikinin dörd etməsi kimi dəqiqdir. Müsəlman qadınların Allahın istədiyi şəkildə örtünməsi də bu qəti və dəqiq əmrlərdən biridir.

      Bütün etdiyimiz ibadətlər Allah rizası üçün və Allah əmr etdiyi üçün olmalıdır.  Təsəttürlə əlaqədar ayələri də Allah bizə Qurani Kərimdə bildirmişdir. Qadınların saçlarını, boyunlarını və zinətlərini bağlayacaq və bədənini  göstərməyəcək şəkildə örtünmələri Kitab, Sünnə və icma ilə sabit olan bir fərzdir. Ayeyi-kərimədə belə buyurulur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə deki,örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan və rəhm edəndir”. (əl-Əhzab 59) Başqa bir ayədə isə belə buyurulur: “Mömin qadınlara da söylə: Gözlərini (baxılması qadağan olan şeylərdən) çevirsinlər; ismətlərini qorusunlar. Görünməsində qorxu olmayan (əl və üz kimi) yerləri xaricində zinətlərini aşkar etməsinlər və bunun üçün baş örtüklərini yaxalarının üzərinə salsınlar...” (ən-Nur 24/31) Bu ayeyi-kərimədə qadınlardan:

      1. Gözlərini baxılması haram olan şeylərdən çevirmələri.

      2. İsmətlərini və iffətlərini qorumaları.

      3. Görünməsində qorxu olmayan yerləri xaricində zinətlərini (cazibə və gözəlliklərini) aşkar etməmələri istənilir.

                  Bəli, örtünmək Allaha, Peyğəmbərə, Qurana və İslama inanan mömin qadınlar üçün müqəddəs bir əmrdir.

      Örtünmək, İslam xanımının azadlığını əlindən almaq, mədəni haqlarını çeynəmək deyildir. Əksinə, qadına verilmiş böyük dəyər və azadlıqdır. Təsəttür, yəni övrət yerlərini örtərək göstərilməsi qadağan olan kəslərdən gizləmək, qadın-kişi bütün möminlərə fərzdir. Başqalarına göstərilməsi qadağan olan yerlərini örtüb gizləməmək, haramdır, böyük günahdır.

                  Kainatda heç bir varlıq göstərə bilməzsiniz ki, onun zərfi, qabığı və ya yarpağı olmasın. Ən sadə bir misal: Hər zaman yediyimiz qarpızı, yemişi, almanı düşünün. Onlar da bir qabıq və ya bir yarpaqla örtülmüşdür. Bax beləcə müsəlman qadın da zərfsiz, qabıqsız, örtüksüz ola bilməz. Onun örtünməsi imanın, həyanın açıq bir ifadəsidir. Necə ki, Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində belə buyurmuşdur: “Həya imandandır. İman isə cənnətdədir”. (Tirmizi, Tac-c 5, s.60)

                  Təsəttür, gəncliyimizin üzərində əhəmiyyətlə dayanması lazım olan bir xüsusdur. Təsəttürə gənc yaşlarından etibarən uyulması daha uyğun, daha düzgün və daha məsləhətlidir. Nə üçün təsəttür xüsusilə gənclik dövründə əhəmiyyətlidir? Çünki, gənclərin sürətli, hərəkətli və nümayişi sevən bir quruluşu vardır. Gənclər daha sərbəst hərəkət etmək, gözəlliklərini göstərmək, qaydalarla özlərini bağlamamaq istəyərlər. Yaşlılıq dövründə bir çox qadının örtündüyü görülər. Çünki gənclikdən qaynaqlanan duyğuları zəifləmiş, açılıb saçılmağa qarşı bir istək qalmamışdır. Ayrıca gənclik dövründə örtünməyə diqqət yetirərək, bu intizamı özünə rəhbər edən bir gənc qız, yaşı irəlilədikcə çox rahatlayar. Yoxsa başdan qərarlı olmayanlar irəliləyən yaşlarında da təsəttürə lazım olan həssaslığı və ciddiyyəti göstərə bilmirlər.

                  Bunun üçün müsəlman ana və atalar öz qızlarına, gəlinlərinə örtünmənin Allahın əmri olduğunu, onun fəzilətini və faydalarını öyrətmək məcburiyyətindədirlər. Müsəlman qadın qətiyyətlə bilməlidir ki, həyasını itirdiyi an hər şeyini itirmiş olur.  Həya olmadığı zaman zənginlik, gözəllik heç bir şeyə yaramaz. Həyası olmayan bir qadın yerdəki bir ovuc torpaq qədər dəyərsizdir. Müsəlman qadının örnəyi Parisdən, Avropadan, müğənnilərdən deyil, Hz. Xədicədən, Hz. Aişədən, Hz. Fatimədən gəlir. Uca Allah ana-bacılarımızın və bütün müsəlman qadınlarının Hz. Peyğəmbərimizin (s.ə.s) xanımlarından nümunə almalarını nəsib etsin. Allahım! Sən bütün müsəlman qullarını ən kamil iman, ən dərin ləyaqət və ən böyük hörmət sahibi eylə. 

      • Hits: 579 clicks

      Tecox component by www.teglo.info