Firdovsi HƏSƏNOV - Müasir dövrdə müəllim tələbə münasibətləri

      Share

         Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti Avraam Linkoln oğlunu ilk dəfə məktəbə göndərən zaman müəlliminə məktubla bu cür müraciət etmişdi:

      “Hörmətli müəllim! Oğlumu sizə əmanət edəcəyimə görə bu məktubu sizə yazmağı vacib bildim. Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil. Ona öyrədin ki, qazanılan bir dollar tapılan beş dollardan daha dəyərlidir. İtirməyi, həm də qazanmaqdan həzz almağı öyrədin ona. Onu qısqanclıqdan uzağa yönəldin. Ona səssiz gülüşün sirlərini öyrədin. Əgər bacara bilsəniz, ona kitabların möcüzəli bir nemət olduğunu öyrədin.

       Ona səssizlikdə göydəki quşların, günəşdəki arıların, çəmənlikdəki güllərin daxili sehrinə enməyi öyrədin. Öyrənsin ki, məktəbdə səhv etmək hiylə işlətməkdən daha şərəflidir. Hamı onun səhv olduğunu desə də, öz fikirlərinə inanmağı, nəzakətli insanlara qarşı nəzakətli, kobudlara qarşı kobud olmağı öyrədin. Hamı bir-birinə yapışıb gedəndə kütləyə qoşulmayıb öz yolu ilə getmə gücü verin oğluma.

      Bütün insanlara qulaq asmağı, qulaq asdıqlarını həqiqət ələyindən keçirib ancaq yaxşıları özünə götürməyi öyrədin. Bacarsanız, kədərləndiyi zaman belə necə gülə biləcəyini öyrədin ona. Ağlamağın utandırıcı bir şey olmadığını, gücünü və beynini ən yüksək qiymət təklif edənə satmağı, ancaq ürəyinə və ruhuna qiymət etiketi qoymamağı, ulayan insan kütləsinə qulaqlarını tıxamasını və əgər özünün haqlı olduğuna inanırsa, dimdik ayaqda qalıb mübarizə aparmağı öyrədin ona.

      Ona qarşı mehriban olun, amma qucaqlamayın, çünki ancaq odun qığılcımı poladı saflaşdırır. Qoyun, səbirsiz olacaq qədər cəsarətə sahib olsun və qoyun, cəsur olacaq qədər səbirli olsun. Ona həmişə özünə inanmağı öyrədin, bu yolla onun bəşəriyyətə inamı daimi olacaq. Bütün bu sadaladıqlarım bəlkə də çox böyük tələbdir. Lakin özünüz baxın, nə qədərini bacarırsınız”.

      Müəllim cəmiyyətin güzgüsüdür.Müəllim sözün əsl mənasında şagirdə müəllim olmaqla yanaşı ona həm də dayaq olmalıdır. Lazım gələrsə, onların maddi və mənəvi sıxıntıları ilə maraqlanmalıdır. Bəzən şagirdlərin dərsə biganə yanaşmalarının səbəbi məhz bu cür hallar olur. Bu zaman valideynlər də diqqətli olmalıdır. Hər bir valideyn bilməlidir ki, şagird ailə-məişət problemlərindən uzaq olmalıdır. Belə halların aradan qaldırılması üçün mütəmadi olaraq müəllim valideynlərlə əlaqə saxlamalı və qarşılıqlı şəkildə müzakirə aparmalıdır.

      Müəllim pedaqoji prosesdə əsas simadır. Müəllim pedaqoji prosesdə həlledici qüvvə kimi çıxış edir. Şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi, ilk növbədə, müəllimin üzərinə düşür.Müəllim cəmiyyətdə çox böyük rol oynayır. O, yaşlı nəslin təcrübəsini gənc nəslə ötürür. Görkəmli şəxsiyyətlər müəllimin əməyinə yüksək qiymət vermiş, müəllimi günəşə, bağbana, mühəndisə bənzətmişlər. Çünki o, günəş kimi gənc qəlbi və ağlı işıqlandırır, uşaqlara bağban qayğısı göstərir, mühəndis kimi insan qəlbinin layihəsini cızır.Cəmiyyətin, millətin gələcəyi müəyyən mənada müəllimin əlindədir. Deyirlər ki, bir milləti məhv etmək üçün onun müəlliminin və həkiminin savadsız olması kifayətdir; biri milləti mənəvi cəhətdən, digəri isə fiziki cəhətdən şikəst edəcəkdir. Bu hal müəllim kadrlarının hazırlığına xüsusi diqqət yetirməyi tələb edir.

      Müəllim və şagird arasında qarşılıqlı hörmət olmalıdır ki, müəllim şagirdə sevgi ilə, məhəbbətlə və eyni zamanda ciddi yanaşmalıdır. Müəllim şagirdi bir şəxsiyyət kimi görməli, onun mənliyinə, şəxsiyyətinə toxunan söz deməməli, nalayiq hərəkət etməməlidir. Nə qədər sözə baxmayan, nadinc şagird olsa belə, müəllim özünün pedaqoji metodlarından istifadə edib xoş, isti münasibət yaratmalıdır.

      Müəllim-şagird münasibətlərinə subyektiv, psixoloji amillər də öz təsirini göstərir, öz izini buraxır. Bu təsir və iz kiçik qrup və kollektivlərdə daha bariz şəkildə nəzərə çarpır.Beləliklə, şəxsiyyətlərarası münasibətlər real həyatda canlı, düşünən və hiss edən fərdlər arasında yaranan əlaqə və münasibətlərdir.

      Müəllim yeganə şəxsdir ki, cəmiyyət öz övladlarını illərlə ona həvalə edir. İlk dəfə məktəbə qədəm qoyan şagirdin biliyi, təlim-tərbiyəsi, vətənpərvərlik ruhunda böyüməsi və ən nəhayət, bir insan kimi formalaşması məhz müəllimlərin öhdəsinə düşür.Müasir dövrümüzdə müəllim yeni metodlardan istifadə etməklə şagirdlərin idraki fəallığına, müstəqil düşünmə qabiliyyətinin inkişafına daha tez nail ola bilər. İş prosesində müəllim-şagird münasibətlərinin düzgün qurulması şagirdlərin təhsilə marağının artmasında, tədris olunan fənlərin sevdirilməsində mühüm əhəmiyyət kəsb edir. Müəllim və şagird arasında qarşılıqlı hörmət olmalıdır ki, şagird müəlliminin tələblərini həvəslə yerinə yetirsin. Bunun üçün müəllim şagirdi bir şəxsiyyət kimi görməli, onun mənliyinə, şəxsiyyətinə toxunan söz və ya hərəkət sahibi olma­malıdır.

      Unutmayaq ki, gənclərimiz gələcəyimizdir.

      Qeyd:Mövzu ilə əlaqədar olaraq bəzi mənbələrə istinad olunub.

      • Hits: 646 clicks

      Tecox component by www.teglo.info