Həsən RƏŞİDOV - Məzarlıqda bitməyən ümid

      Share

      Məzarlıq...Səssizlik və yalnızlıq. Qəbirlərə tərk edilmiş minlərlə ölü. Alışdığımız həyat tərzindən fərqli bir yaşam...Bu dəfəki ünvan Bakı şəhəri, Yasamal qəbiristanlığıdır.

      Oxucumun ağlına məzarlıqdakı ölülər gəlir bir anlıq. Halbuki sizə bəhs edəcəyim həyat ölülərin deyil, diri insanların həyatıdır;  gənc Qocayevlər ailəsinin. Bəli, Qocayevlər ailəsi yeddi ildir ki, üç körpə uşaqla Yasamal qəbiristanlığında kiçik bir “ev”də yaşayırlar.

       Əslində  “ev”demək doğru olmaz bəlkə də!  Pəncərəsiz, güngörməz, ağır və rütubətli havası olan kiçik bir daxmadır anlatmaq istədiyim yer. Nə az, nə çox altı insan yaşayır 6 kvadratmetrlik otaqda. Ailə başçısı Eyvaz, üç uşağı, yoldaşı Afət və onun anası Asya xala. “Bu üç uşaq burada - qəbiristanlıqdakı bu daxmada  doğulub”,- deyir Asya xala. İnsan adətən məzarlığa ömür yolunun sonuna gəlib gözü əbədiyyən qapanmışları dəfn edir deyə bilirdik, sən demə məzarlıqda bu dünyaya göz açmaq da varmış bu körpələrin qədərində. Kiçik bir nəfəsliyi olan bu otaqda yayda isti və havasızlıqdan, qışda da soyuqdan və rütubətdən yaşamaq həqiqi mənada çox çətindir. Sağlam şəkildə dünyaya gəlmiş bu uşaqlardan ilki artıq vərəm xəstəliyinə tutulub. Uşaqlardan Fatimənin 6, Zəhranın 4 yaşı var, Zeynəbin isə 9 ayı yeni tamam olub. Bu körpələr ev çox isti olduğundan yandakı geniş dəmir məhəccərə alınmış qəbirlərin arasında günlərini keçirirlər. Uşaqların oyun yeri elə bu qəbirlərin arasıdır. Sonbeşiyin beşiyi də bu qəbirlərin arasına qoyulub. Dünyadan xəbərsiz yuxuya gedib o artıq. Beşiklə qəbri, dünyaya gələnlə bu dünyadan gedəni birlikdə görürəm indi. Yunus Əmrənin sözləri yadıma düşür:

                       Ana rəhmindən gəldik bazara,

                       Bir kəfən aldıq döndük məzara.

      Bu ailə haqqında ilk dəfə eşidəndə niyəsə  bu körpələr adına ürpərmişdim. Axı qəbiristanlığın özünə görə fərqli bir ab-havası olur. Günahkar insanların bizim duya bilməyəcəyimiz qəbir əzabları, ah-nalələri, fəryadları, təəssüfləri, qatı-qəlbli ruhların verdiyi mənəvi sıxıntılar bu zavallı insanları məngənəyə qoyulmuş kimi sıxır. Bütün bunlara baxmayaraq iri və mavi gözləri olan bu körpələrin ümid dolu baxışları zillənir insana. Gətirdiyim ərzaq bağlamasını və zərfdəki yardımı masanın üstünə qoyub bir az hal-əhval tutdum. Asya xala danışdıqca gözləri doldu, ağlamağa başladı. Məlum oldu ki, evin başçısı Eyvaz qəbiristanlıqda fəhlə işləyir və qazancı gündəlik yeməyə güclə çatır. Bu evə ət neməti yalnız bayramlarda daxil olur.

      Yolda, buraya gələrkən dərdli-dərdli düşünmüşdüm, görəsən bu ailəni məzarlıqdan münasib bir yerə necə köçürmək olar. Kirayə ev tutmaq olar, amma bu daimi bir həll yolu deyildi. Kiçik ikiotaqlı ev tikmək; onlar üçün ən uyğun olanıdır bəlkə də bu. Onlarla həmsöhbət olduqda məlum oldu ki, bu ailənin acınacaqlı həyat tərzi kütləvi informasiya vasitələrində işıqlandırıldıqdan sonra insanlar axın-axın bu evi ziyarətə gəlib, ərzaq, ev əşyası, maddi yardımlar edilib. Hətta bir sevindirici xəbər də verdilər. Onlara üçotaqlı ev tikilməyə başlanılıb. Payıza qədər hazır olacaq inşallah. Və bu sevindirici xəbər onları həyata yenidən bağlamış oldu. Mən bu işdə yardımlarını əsirgəməyən millət vəkilinə, iş adamlarına, bir-biriləriylə yarışan sadə insanlara minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, varsınız - yurdumun xeyirsevər, duyarlı insanları.  

      • Hits: 457 clicks

      Tecox component by www.teglo.info