İlham Sovqatov - Kəmiyyətli Ömür yoxsa Keyfiyyətli Ömür

      Share

      İllər ötür, fəsillər dəyişir. Aylar geçir, gecə-gündüz bir-birini əvəz edir. Ömürdən hər gün bir yarpaq düşür, bizə ayrılan bu dünya həyatındakı payımız yavaş-yavaş tükənir.

       Dəyərli ömrümüzün başlanğıcından uzaqlaşıb sonuna doğru irəliləyirik. Ömür bizim üçün bir fürsət ikən, günlərimizi bəzən beyhudə işlərlə yola veririk. Bir il insan ömrü üçün çox əhəmiyyətlidir. İnsan ömrünü bu “bir il”lərə görə ölçürük. Ömrümüzün qısa və ya uzun olmasını kəmiyyət çoxluğu ilə hesaba alırıq. Yüz il yaşayana uzun ömür, 20 il yaşayana qısa ömür yaşadığını deyirik. Yəni ömrümüzün keyfiyyətli, faydalı olub-olmamasını kəmiyyət hesabına görə dəyərləndiririk. Təbii ki, buradakı kəmiyyətdən məqdəsimiz uzun ömür, keyfiyyətdən məqsədimiz də faydalı ömürdür.

      Uzun ömürlü olmaq o demək deyildir ki, həyat mənalı keçmişdir. Peyğəmbərimiz 63 yaşında ikən dünyasını dəyişib. Bir çoxuna nəzərən Peyğəmbərimiz (s.ə.s)də qısaömürlü olmuşdur. Ancaq biz Peyğəmbərimizin (s.ə.s) ömrünə kəmiyyətə görə dəyər verə bilmərik. Çünki Peyğəmbərimiz (s.ə.s) hər nə qədər 63 yaş ömür sürsə də, ömürlərin ən bərəkətli olanını yaşamışdır. Digər tərəfdən bunu böyük şəxsiyyətlər, alimlər, Allah dostları üçün də söyləmək mümkündür. Görəsən biz nə qədər ömür sürərik və bizim sürdüyümüz ömür nə qədər faydalı bir ömür olacaqdır? Təbii ki, bu sualın cavabını vermək olduqca çətindir. Hər kəs Allahın bəxş etdiyi ömrü bir cür başa vurur. Kimin ömrünün faydalı ya da faydasız olduğu, əlbəttə, axirətdə Allahın hüzurunda bilinəcək.

      Bu bir həqiqətdir ki, ömrümüzün, həyatımızın bəzi günləri, gecələri, ayları, hətta illəri çox əlamətdar olur. Bu, bizim ömrümüzün unudulmaz anlarına çevrilir və biz ömrümüzün sonuna kimi xatirələrimizdə silinməz iz buraxan bu günlərdən, aylardan, illərdən doya-doya, ağız dolusu danışırıq. Ömrümüzün bizə verdiyi şirin, unudulmaz anlarının ləzzətini unuda bilmirik. Əlbəttə, bütün bunları hər kəs yaşayır. Ancaq ömür keçdikcə ömrümüzün neçə ili, neçə günü, neçə ayı belə əlamətdar günlərə çevrilir? Bu sualın cavabını da vermək olduqca çətindir.

      Bəlkə, mətləbə bir az gec gəldik,ancaq giriş mahiyyətində olan yuxarıdakı yazımızın canı var. Ramazan ayı gəldi, çatdı. Oruc tutmağın başqa bir dadı, ayrı bir ləzzəti var. Oruc tutmaq da bir nemətdir. Orucun fəzilətlərindən istədiyimiz qədər danışarıq. Həm Quran ayələrindən, həm hədislərdən, həm də digər bizim böyük alimlərimizin, böyük Haqq dostlarımızın mübarək kəlamlarından oxuya-oxuya orucun mahiyyətini, fəzilətini, dəyərini dərk etməyə çalışırıq. Əlbəttə, bu çox gözəl bir haldır. Ramazan ayının başqa bir ab-havası vardır. Biz burada Ramazan ayının ab-havasını bədii cümlələrlə təsvir etməyə cəhd etmirik. Amma bu bir həqiqətdir ki, Ramazan ayı girdiyi zaman hər kəsindaxilində dilə gəlməz hisslər oyanır, istər-istəməz insanda insani duyğularının fövqündə baş verən dərk olunmaz bir ab-hava hökm sürür. Bunu nə dil ifadə edə bilər, nə də yazı təsvir edə bilər.

      Mənəvi həzzi təkcə Ramazan ayı ilə məhdudlaşdırmaq doğru olmaz. Bütün ibadətlərin öz dəyəri, öz fəziləti var. Gündəlik beş vaxt namazın da öz ab-havası vardır. Hər gün tez-bazar qıldığımız namazdan, əlbəttə heç bir ləzzət, həzz ala bilmərik. Günlərini sayaraq nə zaman bitəcəyini gözlədiyimiz Ramazan orucunun da ab-havasını duya bilmərik. Ramazan ayı gəldiyi zaman ilk günləri ilə son günləri çox təsiredici gəlir insana. Bəlkə də, insan Ramazana bir daha yetişdiyi üçün sevinç qarışıq təsirli anlar yaşayır və Ramazanın sonunda da bir Ramazanı daha yola saldığı üçün yarı qəmli, yarı sevinçli, duyğulu anlar yaşayır. Əlbəttə, bütün bunlar insandan insana dəyişir. Yenə də Ramazan ayı gəldi. Görəsən, hansı ilin Ramazan ayı bizim ömrümüzdə əlamətdar ay kimi həkk olunmuşdur? Görəsən hansı Ramazan ayı bizim ömrümüzün ən bərəkətli ayı kimi Haqqın dərgahında yazılmışdır. Yoxsa hər il olduğu kimi, Ramazan ayında oruc tutaq deyib, səhərdən axşama qədər ac qalaraq günümüzü başa vurmaqla keçiririk?Bəlkə, bu Ramazan ayı bizim ömrümüzdə əlamətdar bir ay kimi həkk olunsun?

      Ömrümüzün bərəkətini necə ölçə bilərik? Bunu ölçmək, əlbəttə, çətindir və hətta, demək olar ki, mümkün deyil. Amma, əgər biz ömrümüzün bərəkətli olub olmadığını bilmək istəyiriksə, ibadətlərimizin bərəkətli olmasına əhəmiyyət verməliyik. Hər il bizim üçün bol-bol əcr, bol-bol məğfirət və bol-bol rəhmət mükafatı ilə görüşümüzə gələn Ramazan ayının bu mükafatlarından nə qədər faydalana bilirik? Ən əhəmiyyətlisi də, bir gecəsi var ki, təkbaşına bütün ömrümüzə bərabərdir. Bundan keyfiyyətli ömür olarmı? Necə deyərlər, kəmiyyətli ömrümüzü imkan daxilində keyfiyyətli ömrə çevirməyə cəhd etməliyik.

      • Hits: 464 clicks

      Tecox component by www.teglo.info