Adem Şahin-ALUMİDDİN ÇAYINDA -2

      Share

      Öz-özümə sual verirəm: “Çayın kənarına nə üçün gəldim?” Cavab: “Tələbələri ziyarət etməyə gəlmişəm, oradan bura baş çəkdim”. Evdən çıxmazdan əvvəl hansı məqsədlə yola düşdüyümü götür-qoy edirəm. Öz-özümə: “Sənin bir məqsədin yoxdur, bir neçə məqsədin var”,- deyirəm.

      Maddə-maddə yazacaq olsam:

      1. Tələbələrin hal-xətrini soruşmaq,

      2. Gəlmişkən dağlardan axıb gələn bu gözəl çay kənarında gəzmək,

      3. Gəlmişkən su bidonlarını doldurub evə içməli su aparmaq,

      4. Gəlmişkən boş qayıtmayım, uşaqlara da su aparım, fərqlilik olsun,

      5. Həftə sonu mən də havamı dəyişim. Səyahət etmək pis olmaz.

      Ey qarlı dağların torpağını sürükləyərək bulanıq axan su, mənə nə qədər çox oxşayırsan! Saf niyyətlə tələbələri ziyarətə gəlməmişəm. Yaxşı niyyət şəffaf su kimidir. Niyyət pozulduqda və ya yaxşı niyyətə başqa duyğu və hesablar qarışdıqda su bulanaraq saflığını itirməyə başlayır. Gözəl əməl üçün bir saatlığına 20 km uzağa getdiyim yerdə beş başqa niyyətim də varmış. Yaxşı iş görmək kifayət deyil, yaxşı əməlləri yaxşı niyyətlə etmək, suyu bulandırmamaq lazımdır.

      İslam alimlərinə görə hər hansı bir işdə niyyəti düzəltmək, o əməli işləməkdən daha çətindir. Bu sözə görə yemək yedirmək, yedirərkən niyyəti pozmamaqdan daha asandır. Sədəqə verərkən niyyəti düzəltmək, sədəqə verməkdən daha çətindir. Namaz qılarkən, nəsihət edərkən ixlas üzrə olmaq, namaz qılmaqdan və vəz verməkdən daha çətindir. Bulanıq insanlar şəffaf insanların ardınca düşməyi adət halına gətirməlidirlər. Qurani-Kərimdəki sadiqlərlə bərabər olun əmri saflaşmaq üçündür. Ey Rəbbim, cəmiyyətin fəsada doğru getdiyi bu zəmanədə hər şey və hər kəs bulanıqlığa səbəb olur. Saf, duru və xalis olmaq nə qədər də çətindir. Ayna saf və duru olduğu üçün göstərir. Ayna da bulanıq olsaydı, nə göstərərdi? Kamil insanlar ayna kimidirlər. İstanbuldan yola çıxan sevimli müəllimimin Astana, Alma-ata, Bişkek, Bakı, Burkina Faso, dünyanın harasına getməsindən asılı olmayaraq yalnız bir məqsədinin və bir niyyətinin olduğuna inanıram. Getdiyi yerlərdə gözəl yeməklər yemək, şəkil çəkdirmək, hava almaq, hədiyyəlik əşya axtarmaq, tarixi və turizmyerlərini görmək kimi bir niyyəti yoxdur. Getdiyi yerdə məqsədi Allahın qullarını ziyarət etmək, onlara təbəssüm edərək əhvali-ruhiyyələrini düzəltmək və mərhəmət düsturu ilə ayrı-seçkilik etmədən xidmət etməkdir. Əziz müəllimim ayna olub mənə nöqsanlarımı göstərir.

      Qazaxıstan səhralarında tez-tez dəvələrlə rastlaşmaq mümkündür. Sərt iqlim şərtləri altında mücadilə etmək üçün dəvə yunundan corab və jilet geyinirlər. Pambıq və yundan baha olan dəvə yunundan istehsal olunan paltarların ucuz başa gəlməsi üçün müəyyən qədər başqa maddələr qarışdırırlar. Satılan məhsulların tərkibində dəvə yunu təxminən 70 faiz təşkil edir. Xeyli vaxt yüz faiz dəvə yunundan hazırlanan məhsul axtardım. Alacağım məhsulda dəvə yunundan başqa heç nə olmamalı idi. Qul olaraq yüz faiz dəvə yunu axtarıram. Rəbbimiz də əməllərimizin yüz faiz yaxşı niyyətlə edilməsini istəyir. Başqa niyyət və düşüncələrin qarışmasını istəmir.

      Araşan çayının kənarı ilə addımlayıram. İkimiz də boz-bulanıq axırıq. Su kənarı, ağaclıq və kölgəliklər üçün tez-tez “cənnət kimi” ifadəsi işlədilir. Hicr surəsinin 45-ci ayəsində təqva sahiblərinin cənnət bağçalarında və çay kənarında istirahət etdikləri zikr olunur. Dünyadakı bağça və çaylar cənnətdəki həmin gözəl mənzərənin kölgəsidir.

      Qurani-Kərimdə cənnətdə dörd növ çay olduğundan söz açılır. Dünya həyatında sudan başqa çay yoxdur. Muhəmməd surəsinin 15-ci ayəsində cənnətə gedən möminlərin su, bal, süd və şərab axan çayları görəcəkləri bildirilir. Marketdə şüşə qabların içində gördüyümüz bu məhsullar çay olub axacaq. Süd, şərab, su, bal kimi məhsulların xarab olması, çürüməsi mümkündür və son istifadə tarixi var. Bal xarab olmadan 100 il qalsa da, rəngindəki parıltı yüz il qalmır. Ayədə çay suyunun bulanıb kirlənmədiyi, süd çay olub axsa da tadının dəyişmədiyi, dünyada onlarla il anbarda saxlanan şərabların çay olub axsa daləzzətini qoruduğu və balın da süzmə bal olub par-par parıldadığı vurğulanmışdır. Bal donmaz. Bu ayə xəyal gücünün sərhədlərini aşır. İnsan dünya həyatında satışı artırmaq üçün kiçik şokolad şəlalələrindən artığını edə bilməmişdir. İnsan oğlunun dünyada süddən, baldan, şokoladdan çay axıtması mümkün deyil. Bir milyard sakinin axşam yatağına ac girdiyi planetimizdəinsan yalnız var olan çayları kirlətməyi və qurutmağı bilir.

      Mövlana həzrətləri, “Hər şey fanidir, ey könül! Bax, bir az əvvəl aldığın nəfəs də gəlib-keçdi. Sən baqi olandan razı ol!”,- deyə nəsihət edir. Məhəmməd Bəhaəddin Nəqşbənd həzrətlərinə görə də insan son nəfəsində nə ilə məşğul olmalıdırsa, ömrünü də onunla keçirməlidir. “Su axar, yolunu tapar”. Nə üçün sudan yaradılan insan ömrü boyu “bulanıq sularda balıq tutmaq” adətinə xilaf çıxmır? “Su həyatdır” deyiblər. Həyat suyu axarkən könül səhəngini doldurmaq gərəkdir. Bu gün hər zamankından daha yaşlıyıq və bir daha bu qədər gənc olmayacağıq. Əlvida Alumiddin çayı, payızda qonaq gələcəyəm inşallah. 

      • Hits: 385 clicks

      Tecox component by www.teglo.info