Müsahibə - Memduh Helvacı

      Share

      AZƏRBAYCANDA QARDAŞ SEVGİSİ GÖRDÜK!

      İrfan:Hocam, düzdür Azərbaycanda sizi tanıyan xeyli sayda tələbəniz var. Yenə də həyat hekayənizi bölüşərdinizmi?

      Memduh Helvacı: 1939-cu ildə Malatya şəhərinin Darəndə qəzasında dünyaya gəldim. Əllinci ildə orta məktəbdə ibtidai təhsilimi bitirdim.

       Darəndə qəzası Sayfiyyə məhəlləsində. Quran oxumağa o illərdə başladım. Məhəlləmizdə Quran öyrədən bir ağsaqqal var idi, hacı İsmayıl Buyurqan. Quranı ondan öyrəndim. Beş-altı ay içərisində Quranı çox rahat oxuyacaq səviyyəyə gəldim. Bunun üçün əzmim çox idi, amma şəraitimiz çətin idi. O günləri Allah bir daha göstərməsin,Quran oxumağın, hətta Allah deməyin belə qadağan olduğu vaxtlar idi.

      Atam da, böyük qardaşım da dülgər idi. Bu şəraitdə Quranı öyrənmiş oldum. Hocamın gözləri də görmürdü. Eləcə qulaq asaraq əlifbanı oxudardı. Rəsmi kurs olmasa da oxumağa çox ciddi yanaşırdım. Ustadımızın gözəl bağçası vardı. Bütün işlərini görər, hətta ağaclarının dibinə daş düzüb halqalar düzəldərdik. Sonra oğlu onu Adanaya apardı. Yoxsa o vaxtkı təhsilimi ərəb dili də daxil çox yaxşı səviyyəyə gətirə bilərdim. Atama demişdi ki, - Hanefi, bu Məmduhu mənə ver, mən oxudum. Yanımda qalsın, həftədə bir gün evinə gedib-gələr. Mən də razılaşmışdım. Amma onlar köçdüyünə görə alınmadı.

      Beləcə, Quran təhsilim yarımçıq qaldı. Ondan mənə qalan kiçik surələri, Ammə, Təbarəkə surəsini təcvid qaydalarına riayət edərək gözəl oxumağı öyrənmək və əzbərləmək oldu. Əslində atam da vaxtilə oxumuş biri idi, əl yazısı da gözəl idi. Təfsir və köhnə kitabları bizə oxuyardı. Hələ balaca olsam da, rəhmətlik atamla sübh namazını çox vaxt bərabər gedib qılardıq. Namazdan qayıdanda oturub Yasini, Təbarəkəni, Amməni əzbərdən oxuyardı. Mən də eləcə qulaq asardım. Bir gün dedim ki, - ata, Yasindən bir səhifə oxusam dinləyərsənmi? Baxdı, - nə zaman əzbərlədin sən, oğlum,- dedi. Çox razı qaldı. Oxudum. Bəyəndi, - maşallah, afərin, sənin üzərində durmalıyıq, -dedi. Hacı İsmayıl Əfəndi bizə bunları dənə-dənə öyrətmişdi. Mən də eyni üsulu Azərbaycana gələndə tətbiq eləməyə başladım.

      - Məmduh baba, o dövrdə çətinliklər vardımı?

      - Ailədə beş uşaq olmuşuq. Üç qardaş dülgər sexində işləyirdik. Evlənəndə onlar kəndə qayıtdılar. Atamgil qışda bizdə qalar, yayda kəndə gedərdilər. Böyük qardaşım Malatyada yaşayırdı, qaynaqçı idi. Yanına gedib onunla birlikdə iki il Malatyada işlədim. Dayımgil orada topdan qida işinə baxırdılar. Mağazaları var idi. Onların yanında da bir müddət işlədim. Malatyada da Salman hoca vardı, ondan da təcvid dərsləri aldım. Əlli səkkiz - əlli doqquzuncu illərdə Malatyadan Darəndəyə köçdük. Əsgərliyə yollandım. Əsgərliyimin son ayları İstanbulda keçdi. Sonra İstanbulda iş qurmaq istəsəm də, sərmayəm yox idi.

      Adanaya dönəndə atam eləcə cib xərcliyi olaraq yüz əlli lirə cib xərcliyi vermişdi. Çətin günlər idi. Adanada xalam oğlu vardı, lüks bir firmanın qida məhsulları satışında işləyirdi. O mənə bir dükanda satıcı işi tapdı. On dörd ay orada satıcı işlədim. Sübh namazını qılıb yola çıxar, gecə qayıdardım. Hətta dükan sahibi tez gedib-gəlim deyə velosiped almışdı. Bu on dörd ayı əmimgilin yanında qaldım. Əmimin yoldaşı mənə öz övladı kimi baxardı. Əmim oğlu hafiz idi. Ramazanda sahurdan sonra yatmaz, onlarla birlikdə müqabilə oxunan məscidə gedər və onu dinləyərdim. Bu on dörd ay içində xeyli təcrübə qazanmışdım, amma öz işimi qurmaq üçün sərmayəm yox idi. Orada, bazar yerində Əhməd əfəndi var idi, geyim malları satardı, hər bazar günü qəlyanaltı süfrəsi qurardı. Bir gün mənə dedi ki, sən nə qədər başqasına işləyəcəksən, sənə bir dükan tapsaq özün işlədə bilməzsənmi? Dedim ki, sərmayəm yoxdur. On dörd ayda cəmi min dörd yüz lirə pul yığmışdım. Əmimgilin də vəziyyəti yaxşı deyildi, onlara da yardım edirdim. Əhməd əfəndi dedi ki, səni atamla ortaq edərəm. Razılaşdım, gedib dükana baxdım. Gördüm ki, “bura iki kişiyə çörək çıxartmaz”. Ortaq olsaq bu iş pul gətirməz dedim və təklif etdim ki, buranı alıb özüm işlədim, yavaş-yavaş borcunuzu ödəyərəm. Dükanın içi demək olar ki, boş idi. Çox az mal var idi. İki min yeddi yüz lirəyə razılaşdıq. Beləcə, oranı alıb işlətməyə başladım. Gəliri az yer olduğu üçün piştaxtaları malla doldura bilmirdim. Müştəri isə dolu görünən dükana daha çox gəlir. Ona görə də üst rəflərə boş zeytun yağı qutuları, müxtəlif başqa qutular gətirib doldurmuşdum. Beləcə bir çox yadda qalan xatirələrlə o çətin illəri keçirdik. Bir neçə yerdə dükan açıb 30 ilə yaxın ticarətlə məşğul oldum. İnşallah Rəbbimizi zikretməyə mane olmayan bir ticarət olmuşdur.

      -Azərbaycana gəlişiniz necə oldu, hansı illərdə gəldiniz?

      - Adanada ticarətlə məşğul idim. Adana isti, işimiz də çox yorucu idi. Təqaüdə də çıxmamışdım. Doxsanıncı illər idi. Oğlum Lokman, İlahiyyat fakültəsini bitirib Zonquldakda müəllimlik edirdi. Bizi də özü ilə apardı və doxsan beşinci ilə qədər orada qaldıq. O illərdə Sovet İttifaqı dağılmışdı, 70 il dinindən uzaq qalan qardaşlarımıza qovuşmuşduq. Əziz Mahmud Hüdayi Vəqfinin müxtəlif ölkələrə, o cümlədən Azərbaycana xüsusi diqqəti vardı. Vəqfin Lokman hocanın üstündə çox əməyi olduğuna görə o da nə vaxtsa borcunu qaytarmaq fikrində idi. Hətta müdir müavinlərinin yay tətili az olduğuna görə istefa verib müəllimliyi seçmişdi ki, yay tətilində 2-3 aylıq Azərbaycana gedə bilsin. İlk dəfə 1995-ci ildə bu niyyətlə Azərbaycana getmişdi. Qayıdanda bir axşam vaxtı hocamız Azərbaycanda yay fəaliyyətlərinin necə keçdiyini və hansı təəssüratlarla gəldiyini soruşur. O da 4 il müəllimlikdən aldığı həzdən daha çox həzz aldığını və hər yay tətilində getməyə hazır olduğunu deyir. Bu zaman hocamız: “Məktəb müəllimliyindən istefa verib vəqfdə xidmətə başlasan, səni birdəfəlik göndərə bilərik. Gedərsənmi?”,- deyir. Lokman hoca bu cavabı verir: “Mən atamı işindən ayırdım, indi mənim yanımda qalır, onları fikirləşirəm. Onları razı sala bilsəm, sevə-sevə gedərəm”. “Elə isə atanla məsləhətləş, istixarə et, fikrini bildir”,- deyir.

      Elə həmin günün yatsı vaxtı imiş. Sultantəpəyərəhmətlik Musa Əfəndini ziyarətə gedirlər. Namazdan sonra qəribə bir söhbətdə iştirak edirlər. Oxunan kitabda Əbdülqadir Gilanidən nəsihətlər yer alır. O nəsihətlərdən birində belə bir cümlə keçir: “Ey oğul, bu vaxta kimi dövlət böyüklərinə etdiyin xidmət yetər, gəl bir az da bu yolda xidmət et”. Oğlum: “Bundan sonra artıq istixarə eləməyə ehtiyac qalmadı”,- deyir və mənə məsələni bildirir. Mən də dedim ki, böyüklərimizin təkliflərinə qarşı çıxa bilmərik. Bundan sonra oğlum hocamıza deyir ki, atamla anamı da yanımda aparsam, onlar da orada faydalı xidmətlər edərlər. Hocamız soruşur:“Atan heç Quran oxudumu? Heç olmasa kəlmeyi-tövhidi öyrədə bilməzmi?” Oğlum deyir ki: “Mən imam-xətib məktəbinə getmədən təcvidi atam öyrədib”. Beləcə, Azərbaycana getmək nəsib oldu. Xosrova yola düşdük. Orada kənddən gələn azyaşlı uşaqları öyrətməyə başladıq. İndi onlardan kimisi magistraturada oxuyur, kimisi doktorantura təhsili alır. Sonra  dedilər Ləki kəndində uşaq oxutmaq lazımdır. Ağdaşdan on beş kilometr aralıdır. Səhər tezdən sürücü Əfqan, bəzən də Roman,hacı ananızla birlikdə bizi aparıb ora düşürdər, axşam da geri gətirərdi. Yeddi ay Ləkiyə gedib-gəldik. Məktəbləri bir-bir gəzərək tələbə axtarardıq, gəlmək istəyənləri ərizələrinə əsasən siyahıya alıb səhər və günorta qruplarına ayırmışdıq.

      O vaxtlar Azərbaycanda vəziyyət çox çətin idi. Xosrovdakı mədrəsənin arxasından bir arx axırdı. Oradan lilli su götürüb, zəy daşını suya salıb çıxardardıq. Sonra su çökər,durular, yemək bişirmək üçün istifadə edərdik. Yandırmaq üçün alınan odunlar yaş olduğu üçün çətinliklə yanardı. Sonralar Zəki müəllim çox uzaqdan qaz çəkdirmişdi. O da işimizə yaramadı. Düşünün ki, əlaqə saxlamaq üçün telefon tapmırdıq. Türkiyəyə zəng eləmək üçün Xosrovdan Göyçaya gedərdik. Bəzənəlaqə saxlamadan evə qayıdardıq. Xosrova gəldiyimiz ilk günanbarda iki xaralpambıq gördüm. Gəncliyimdə yorğan sırıyanbir qohumumdan yorğan sırımağı öyrənmişdim. Həmin pambıqla yastıq və yorğan ehtiyacımızı həll etdik. Bizim Lokmanın uşaqları vardı, iki-üç yaşlarında. Səhər çıxanda görərdik ki, nəvələr hələ yatıb, oyandırmazdıq. Axşam qayıdanda da görərdik ki, artıq yatıblar. Beləcə yanlarında ola-ola məhrum qaldıq uşaqlardan. Türkiyədə Allah rahat imkanları bəxş etdiyi halda bu kimi çətinliklərə dözmək yalnız Allah üçün, Onun Kitabı üçün idi. İnsanın axirət sərmayəsi üçün qatlana biləcəyi şeylərdir.Əshabi-kiramın fədakarlıqları yanında isə heçdir. Bəlkə bunları dilə gətirmək də yaxşı deyil, amma xatirələri danışın dediniz deyə dilə gətirdim. Bəlkə bu gün Azərbaycanda da rifah səviyyəsi yüksəldiyi üçün bəzi gənclərə ibrət olar. Rəbbim riyadan qorusun.

      - Azərbaycanda sizə və İslama qarşı münasibət necə idi?

      - Sanki Allahdan gələn bir yardım var idi, hamı dinə maraqlı idi. Deməli, 70 illik ateist rejim qəlblərdən imanı sökə bilməmişdi. Çox tələbəmiz olub. Bu gün onların nailiyyətlərini görəndə fərəhlənirəm. Ağsuda müsiqi müəlliməsi vardı, bizdən Quranı öyrəndi. Elmini artırmaq üçün Türkiyəyə getmək istəyirdi. İki uşağı vardı deyə gedə bilmədi. Bir tələbəmiz var idi. Türkiyəyə gəlməyə hazırlaşırdı, amma yol qəzasında qolu qırıldı və gələ bilmədi. Sonra Moskvaya getdi oxumağa. Neft akademiyasına girmişdi. Moskvadan gələndə onunla görüşdük, dedi ki, belə olması daha xeyirli imiş. Çünki qaldığı yataqxanada bir neçə rusun hidayət tapmasına vəsilə olmuşdu. Ümumiyyətlə Azərbaycanda məhəbbət gördük. Ağsuda Mahmud dayı var idi. Evində təndirdə çörəyi bişsə, mütləq birini bizə göndərərdi, Musa müəllim vardı, tarlada sarımsaq çıxanda belə mütləq bizim payımızı gətirərdi, arıları bal verəndə balımızı göndərərdi, hər kəs tərəfindən ayrı bir sevgi var idi.

      - Nə qədər qaldınız Azərbaycanda?

      - Üç ildən bir neçə ay artıq. Amma onu deyim ki, bu xidmətdən doymadıq. Ağsuda da işləmişəm, orada da xeyli tələbəmiz oldu. Ümumi sayları üç yüzdən çox idi. Çatdırmaq olmurdu. Aralarından beş-altı yaxşı oxuyanı özümə köməkçi təyin eləmişdim. Uşaqlardakı cövhəri gördüm, yalan kimi vərdişləri unutdular. On dəfə oxu dediyim səhifəni evdə neçə dəfə oxuyubsa artıq yalnız doğrunu deyirdilər. İçlərindən hafizlər də çıxdı.

      - Hocam, yetmiş səkkiz illik ömür yolu keçmisiniz. Arxaya baxanda o illəri necə xülasə edərdiniz? Ömrünüzün ən bərəkətli anı hansı zamanlardır deyərdiniz?

      - Bizim məhəllənin adamları çox savadlı adamlar idi. İsmayıl Əfəndi, müfti Taha əfəndi olsun, yüz on yaşında Quranı eynəksiz oxuyardı, onların dizinin dibində böyüdük. Sən xidmət edəcəksən ki, sənə də xidmət eləsinlər. O xidmət günlərini hələ də unuda bilmirəm. Taha əfəndidən dərs alan bir həmyaşıdımız vardı. Sonra imam oldu. Vəfat edən olanda eyvandan “səla” verərdi: “Əla ya sakinəl qasril mualla, sətudfənu an qaribin fit-turabi ya Allah - Ey qəsrlərdə oturanlar, yaxında siz də dəfn olunacaqsınız”,hələ də qulağımdadır.

      Azərbaycandan həccə gedirdik. Yolda dedim ki, - birmərsiyə oxusam olar? Olar,- dedilər. Bizim Türkiyədə dəəhli-beyt məhəbbətimizi göstərən, ta uşaq ikən atamdan öyrəndiyim bir mərsiyə var. Hz. Fatimə Hz. Hüseyindən əvvəl vəfat etmiş olsa da,  bu mərsiyədə bir ananın övlad acısı tərənnüm edildiyi üçünçoxəhəmiyyətlidir. Zatən Fatimə anamızın ruhu bu işdən çoxiztirab çəkmişdir. Nə isə, oxumağa başladım:

      Gəl ey könül gəl, əhvalın söylə

      O Kərbəlanın, hər halın söylə

      Boynunda qoyma, vəbalın söylə

      Qana boyanmış nazlı Hüseynim

      Gül üzlər solmuş ol nazə neylim

      Babası həzrəti Muhamməd

      Atası həzrətiƏli Allahın sevgili qulu

      Fatimə ana derki, Hüseynim nərdə

      Qana boyanmış nazlı Hüseynim...

      Hamı təsirlənmişdi, gözlərindən yaş axırdı. Çox gözəl xatirələrimiz olub Azərbaycanda.

      - Uşaq yetişdirmək, ailə tərbiyəsi haqqında bir ağsaqqal kimi nə məsləhət verərdiniz? Nələrə diqqət eləməliyik?

      - Atalarımız kimi sözümüzün keçməyini istəyiriksə onlardan nümunə götürmək, onların getdiyi yoldan çıxmamaq lazımdır. Halal loğma, böyüyə hörmət, ata-anaya itaət, bunlar günümüzdə ortadan qalxıb. Mədəni inkişaf elmi inkişafın gerisində qalıb təəssüf ki. Uşaqları küsdürmədən, əzmini qırmadan yetişdirmək lazımdır. 

      • Hits: 518 clicks

      Tecox component by www.teglo.info