Anar Qurba - Sual Cavab

      Share

      Əvvəlki illərdən on gün qəza orucum qalıb. Onun əvəzinə on nəfər kasıbı doydursam bu oruclarım sayılarmı?

      Cavab: Bir müsəlmanın oruc tutmağa gücü çatırsa, o, mütləq orucu tutmalıdır. Əgər qəzaya qalarsa, orucun qəzasını tutmalıdır. Bunun (qəza etməyin) hər hansı bir vaxtı yoxdur, Ramazan ayından və bayram günlərindən başqa hər hansı bir gündə qəzası tutulmalıdır.

       Əgər səhhətə (artıq sağalması mümkün olmayan, oruca əngəl olan və ömür boyu davam edən bir xəstəlik) və ya həddindən artıq yaşlılığa görə tutula bilmirsə, hər bir oruc müqabilində bir kasıb bir günlük doyuzdurulmalıdır.

      Heyzli qadın oruc tuta bilərmi?

      Cavab: Xeyr, Hz. Aişədən nəql edilən məşhur hədisə görə, qadınlar həmin günlərdə oruclarını tutmamalıdırlar, ancaq Ramazandan sonra qəza etməlidirlər.

      Bayram günündə yarım gün oruc tutmağın bir dini əsası varmı? Bayram namazından əvvəl yemək olarmı?

      Cavab: Bu anlayışın dini baxımdan heç bir əsası yoxdur. Ramazan bayramında namaza yeyib getmək daha da yaxşıdır. Sadəcə olaraq Hz. Peyğəmbərimiz (s.ə.s) qurban bayramında həmin gün ilk yeməyini qurban ətindən yemək məqsədilə namaza heç bir şey yemədən getmişdir.

      Fitrə sədəqəsini artıqlamasıyla verən zəkat vermiş sayılarmı?

      Cavab: Xeyr, çünki bunlar tamamilə başqa-başqa ibadətlərdir. Fitrə Ramazan ayında verilməli olan və ailədə adambaşına verilən bir sədəqədir. Zəkat isə, zəngin müsəlmanların var-dövlətlərinin 1/40 hissəsindən varlı olduqdan, yəni nisab miqdarı (80 qr qızıl dəyərində) mala sahib olduqdan və zəkatla bağlı digər şərtlər meydana gəldikdən sonra ildə bir dəfə verməli olduqları bir ibadət növüdür.

      Kimlər fitrə verməlidir?

      Cavab: Hənəfi alimlərinə görə, fitrənin bir müsəlmana vacib olması üçün o, nisab miqdarı mala sahib olmalıdır. Şafei, Maliki və Hənbəli məzhəblərinə görə isə, fitrə sədəqəsinin vacibliyi üçün varlı olma meyarı olan nisaba malik olmaq şərt deyil. Təməl ehtiyaclardan başqa bayram günü və gecəsinə kifayət edəcək miqdarda azuqəyə sahib olmaq kifayətdir.

      Zəkat ilin hansı vaxtı verilir?

      Cavab: Zəkatın verilməsi üçün müəyyən bir vaxtı yoxdur. Ancaq Ramazanda verilməsi müstəhəbdir (bəyəniləndir). Hər bir varlı müsəlman, varlı olduqdan bir il sonra zəkatını verməklə məsul olur və bundan sonra zənginliyi davam etdiyi müddətdə hər il mütəmadi olaraq verməlidir.

      Fitrə sədəqəsi bayram günündən əvvəl verilə bilərmi?

      Cavab: Fitrə sədəqəsinin vacib olma vaxtı bayram gecəsi dan yerinin ağarmasından etibarəndir. Fəqihlər (İslam hüquqşünasları) fitrənin bayram günü dan yeri ağardıqdan sonra və namaz qılınmadan əvvəl verilməsinin müstəhəb olduğunda həmrəydirlər. Əsaslandıqları dəlil Abdullah ibn Ömərdən (r. ənhüma) nəql edilən,“Hz. Peyğəmbər fitrənin insanlar bayram namazına getməzdən əvvəl verilməsini əmr etmişdir”, hədisidir (ba. Şövkani, “Neylül-övtar”, IV, 183). Bununla yanaşı, fitrə Ramazan bayramından bir və ya iki gün əvvəl də verilə bilər. Beləcə, yoxsullar bununla bayramdan əvvəl ehtiyaclarını aradan qaldırmış olurlar. Bundan əlavə, fitrə Ramazan ayı başladıqdan sonra, hətta Ramazan ayı başlamadan da verilə bilər.

      Fitrəni unudan şəxs bunu bayramın ikinci və ya üçüncü günü də versə olarmı?

      Cavab: Fitrəni unudan şəxs yadına düşən kimi dərhal verməlidir. Vermədiyi müddətdə boynunca bir borc kimi qalır, dini baxımdan məsuliyyət daşıyır.

      Fitrə niyyəti ilə eyni qiymətə konfet, şirniyyat alınıb bir kimsəyə hədiyyə edilsə fitrə yerinə keçərmi?

      Cavab: Fitrə üçün hədislərdə dörd əsas qida məhsulu müəyyən edilmiştir. Buğda, arpa, xurma və üzümün müəyyən edilməsi, köməkləşmənin hər dövr və bölgədə tətbiq edilməsini asanlaşdırmışdır. Çünki bundan məqsəd yoxsulun bir günlük ehtiyacını qarşılamaqdır. O da bu qida məhsulları ilə və ya bunları satın ala bilən məbləğlə reallaşır. Əgər bunların yerinə müəyyən məbləğdə pul təsbit edilsəydi, bu dərəcədə real nəticə ortaya çıxmazdı. Çünki qida məhsullarının qiymətləri tez-tez dəyişdiyi üçün, bu məbləğ ilə yoxsulun bu miqdarda qida məhsulu alması mümkün olmaya bilər və əsas məqsəd də həyata keçməzdi.

      Eyni zamanda bu fitrə miqdarlarının insanın bir günlük yemək ehtiyacını aradan qaldırması əsas aldığı açıq-aşkardır. Belə ki, oruc fidyəsinin “oruc tutmağa taqəti olmayanlar isə bir yoxsulu doyuracaq qədər fidyə verməklə məsul” tutması, fitrə sədəqəsinin miqdarı mövzusunda orta hesabla bir ölçü qoyur. Bu da yoxsulun bir günlük yemək ehtiyacının qarşılanmasıdır. Fitrə mal olaraq deyil, pulla verilərsə, günün şərtlərinə görə şəxslərin vəziyyəti nəzərə alınaraq miqdarın müəyyən edilməsi məqsədə daha uyğundur. Məhz bu da, hədislərdə bildirilən qida məhsullarının orta hesabla dəyərlərini almaqla reallaşır.

      Fitrə ən yaxın qohumlardan kimlərə verilə bilər?

      Cavab: Fitrə, verilən yerlər baxımından hər cəhətdən zəkat kimidir. Fitrə niyyət edilərək fağırlara təmlik surəti ilə (onun mülkiyyətinə keçirməklə) verilməlidir. Niyyət fitrəni ayırarkən və ya verərkən edilə bilər. Ancaq fağıra verərkən bunun fitrə olduğunu deməyə ehtiyac yoxdur.

      Heç kim fitrəsini yoldaşına, üsul (ata-ana/nənə-baba) və fürusuna (övladlarına, nəvələrinə) verə bilməz. Bunlardan başqa yoxsul olan digər qohumlarına verə bilər.

      • Hits: 462 clicks

      Tecox component by www.teglo.info