Aqil Əliyev - MÜSƏLMAN NƏZAKƏTLİ OLAR.

      Share

           Müsəlman, bir qarışqanı belə əzməyəcək qədər incəlik və mərhəmət sahibi, rəhmət kitabı olan Qurana inanan və onu həyatında yaşadan, incə anlayışlı və zərif ruhlu olmalıdır. Allahın son elçisinə inanıb itaət edən bir müsəlman mərhəmət sahibi, alçaqkönüllü və başadüşən olmalıdır.

       Uca Rəbbimiz müqəddəs kitabında Rəsulullahın (s.ə.s) insanların könüllərini fəth etməsinin sirrinin incəlik və nəzakətə bağlı olduğunu bildirmişdir. Bu haqdakı ayədə belə buyurulur: “Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (əshabələrinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın onlar mütləq sənin ətrafından dağılışardılar. Elə isə, onları əfv et, onlar üçün bağışlanma dilə və işlərdə onlarla məsləhətləş. Qəti qərara gəldikdən sonra isə Allaha təvəkkül et, şübhəsiz ki,Allah təvəkkül edənləri sevir”. (Ali-İmran, 159)

      Təsəvvür edin ki, öz doğma övladlarını heç gözünü qırpmadan öldürən bir toplumu, Rəsulullah Əfəndimiz (s.ə.s) öz xöşgörüsü, mülayimliyi  və nəzakəti sayəsində Allahın izni ilə necə mərhəmət cəmiyyəti halına gətirdi.Deməli nəzakətli davranmaq hər zaman üçün xeyirli və faydalı bir davranışdır. Mövzumuza Allah Rəsulunun(s.ə.s) hədislərindən örnəklərlə davam etmək istərdim:

      Abdullah ibni Məsud (r.a) Rəsulullah Əfəndimizin (s.ə.s) belə buyurduğunu xəbər vermişdir:“Mömin təhqir edici, lənətçi, ədəbsiz söz danışan və qaba, sərt davranışlı olmaz”.(Tirmizi, Birr, 48)

         Yuxarıda qeyd olunan bu hədis mömin üçün bir ölçü və miqyasdır. Biz bu ölçünü hər kəslə, iş yoldaşlarımızla, din qardaşlarımızla, məscid camaatımızla və eyni zamanda digər məzhəb və din mənsubları ilə əlaqələrimizdə də qorumalıyıq. Hətta öz ailəmiz içindəki münasibətlərimizdə də buna ən üst səviyyədə diqqət etməliyik. Bəzən görürsən ki, bəylər marketlərdə, sosial çevrələrdə yad qadınlara xanım deyərək alicənablıq göstərdiyi halda, evdə  öz halal xanımına qarşı, doğmaca anasına, bacısına, qızına qarşı nədənsə bu yüksək alicənablıq və nəzakətli tavırlarını qoruya bilmir.

         Başqa bir hədisində Rəsulullah Əfəndimiz (s.ə.s) belə buyurmuşdur:“Mömin bal arısına bənzəyər. Təmiz olandan yeyər, təmiz olandan verər, təmiz yerlərə qonar və qonduğu yeri nə qırar nə də pozar”.(Əhməd ibni Hənbəl, II, 199)

      Bəlkə də bu hədisdəki bənzətmə bizə, necə bir mömin olmağımız, İslamı necə yaşamağımız və necə təbliğ etməyimiz mövzusunda ən mükəmməl bir örnəkdir.  Görəsən bu gün yer üzərində fitnə-fəsad çıxaranlar, ölkələri, şəhərləri xaraba qoyanlar, uşaqları yetim, ana-bacıları gözü yaşlı qoyanlar hansı peyğəmbərə inanır, hansı müqəddəs kitabı oxuyurlar? Bu hədislə heç qarşılaşmadılarmı? Bəlkə də havadarları onlara bu kimi hədisləri göstərmir və ya işlərinə gəldiyi kimi şərh edirlər. Nə deyək Allah onlara da hidayət versin!

                Bir gün Muaz ibni Cəbəl (r.a) yatsı namazını bir az uzun qıldırmış, oradakı səhabələrdən biri də yorğun olduğu üçün namazını pozmuş və təkbaşına qılıb evinə getmişdi. Bəzi səhabələr onu münafiqliklə ittiham edincə, o da hadisəni Allah Rəsuluna (s.ə.s) anlatmışdı. Vəziyyətdən xəbərdar olan Allah Rəsulu (s.ə.s) Muazı yanına çağırdı. Muaz gəlincə bir az hirsli bir şəkildə ona: “Sən fitnəkarsanmı? İnsanları dinindən niyə soyudursan? Bu, (kiçik) surələri oxusan olmazmı?” dedi. (Buxari, Ədəb, 74; Müslim, Namaz, 36)

                Sevgili Peyğəmbərimiz (s.ə.s) namazı bir az uzun qıldırana, “sən insanları dindən, İslamdan soyudursan”,- demiş. Bəs biz müsəlmanların din adına etdiyi bu qədər xürafatları, zülmləri, fitnə-fəsadları, barbarlığı, cəhaləti və daha necə İslama yaraşmayan tövrlərimizi görsəydi görəsən bizimlə bircə kəlmə kəsər və bizi öz ümmətindən görərdimi? Allah c.c. bizi islah etsin! Amin!

      • Hits: 637 clicks

      Tecox component by www.teglo.info