155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Rüstəm HUDULOV - MƏQSƏD VƏ BİZ

      Share

                   Allah-Təala bütün məxluqatı içərisində ən mükəmməl və ən şərəfli varlıq olan insan oğlunu bir məqsəd üçün yartmışdır. Bu məqsədi bilmək, tapmaq və onun üçün yaşamaq insanın ən birinci vəzifəsidir. Xeyrini və zərərini hesablamayan bir tacirin iflas etməsi, ziyana uğraması necə zəruridirsə, məqsədini bilməyən və ya bilsə belə məqsədinə çatmaq üçün çalışmayan bir insanın da, dünyada və axirətdə pərişan olması o cür zəruridir. Təkcə insan oğlu yox, həyatdakı bütün məxluqat müəyyən bir məqsədlə yaradılmışdır.

                  Bəli, insan oğlunun yer üzündə tək və dəyişməyən məqsədi Kəlmeyi-Tövhidin  “Lə iləhə İlləllah” (Allahdan başqa ilah yoxdur) həqiqətini bilmək, anlamaq və dərk etməkdir. Bu məqsədin həqiqətini bilən, tanıyan, anlayan və dərk edən hər kəs həqiqi məqsədini bilmiş və tapmış olur. Ancaq bununla bərabər həmin məqsədə nail olmaq üçün çalışmaq da şərtdir. Çünki məqsəd üçün çalışılmasa məqsədə nail olmaq qeyri-mümkündür. Bunun üçün insan oğlu, “Peyğəmbər sizə nə verirsə onu alın, O sizə nəyi qadağan edirsə də, ondan uzaq olun. Allahdan qorxun, həqiqətən Allahın cəzası çox şiddətlidir” (Həşr, 7) ayəsinə qulaq asıb ona əməl etməlidir.

                  Bu gün iki milyarda yaxın islam aləmi niyə dağınıq halda, sənin-mənim davaları arasında əriyib getməkdədir? Niyə dinləri, imanları, vətənləri və müqəddəs olan hər şeyləri şər qüvvələr tərəfindən təhlükə altındadır? Niyə bu gün İslam aləmi müsəlman olduqları üçün qeyri-müsəlmanlar tərəfindən əzilməkdədirlər? Sizcə bütün bunların səbəbi nədir?

                  Çünki, müsəlmanlar məqsədlərini yaşamır, məqsədlərinə nail olmaq üçün çalışmırlar. Əgər biz həqiqi müsəlman olsaydıq, övladlarımızın İslamdan xəbərsiz, namazsız-niyazsız yaşamalarına razı olmazdıq.Biz kiçik yaşda olan övladımızı qucağımıza alaraq ondan, “böyüyəndə nə olacaqsan?”-deyə soruşduq. O, “həkim, mühəndis, hakim olacağam”,-deyəndə sevindik.Ancaq biz ona, “imanlı həkim, imanlı mühəndis, imanlı hakim olacağam”,-deməyi öyrətmədik. Övladımız  dindən, imandan, halaldan, haramdan xəbərsiz olaraq böyüyüb boya-başa çatdı. Daha sonra biz oğlumuza: Dəstəmaz al, namaz qıl! Və qızımıza da: “uzun geyin, Allahın əmr etdiyi şəkildə örtün!”-deyə yalvardıq. Övladlarımız isə heç çəkinmədən bizə bu cavabı verdilər: “Ata, xahiş edirəm mənim işimə qarışmayasan, çünki artıq mənim 18 yaşım var”.  Biz də onların bu cavablarından sonra susduq və hətta, bir daha ağzımızı açmayacaq şəkildə susduq.

                  Evində övladına, ailəsinə sözü keçməyən bir müsəlman durub cəmiyyətə, dünyaya sözünü deyə bilərmi? Dünya müsəlmanlarının əzilməsinə mane ola bilərmi? Xeyr, bu mümkün deyildir! İmanımıza, Quranımıza, İslamımıza və gözəl əməllərimizə dönməmiş bu mümkün deyildir. Həqiqi möminlərin vəsfləri bizdə olmasa bütün bunlara nail ola bilmərik. Uca Allah Qurani-Kərimdə həqiqi möminlərin vəsflərini bu cür açıqlayır: “Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkiləndə ürəkləri titrəyər, Onun ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar. Onlar ancaq öz Rəblərinə təvəkkül edər”(Ənfal 2).

      Sonda Mişel de Montenin bu hikmətli sözü ilə fikrimi bitirmək istəyirəm: “Qarşınıza konkret bir məqsəd qoymamışsınızsa, heç nəyə nail ola bilməyəcəksiniz”.

      • Hits: 787 clicks

      Tecox component by www.teglo.info