Home Arxiv 2015 № 101. Aprel Dr. Abbas QURBANOV-QƏHRƏMANLIQ DASTANI


    Dr. Abbas QURBANOV-QƏHRƏMANLIQ DASTANI

      Share

      Tarix bəşəriyyətin yaşadığı hadisələrin səbəb və nəticələrini təhlil edərək millətlərin yoluna işıq tutan məşəldir. Tarix bir millətin hafizəsi və milli təcrübələr toplusudur. Millətlərin qədərindəki eniş və yoxuş təcrübələri onların istiqbalını aydınladacaq ən mühüm işıq mənbəyidir.

      Zahirən baxdığımız zaman tarixi hadisələrin səbəbi olaraq son hadisəni görürük. Halbuki ondan əvvəl xırda-xırda baş verən bir çox səbəblər vardır. Kasanı dolduran son damladır, lakin kasanın içindəki bütün damlalar onu yüksəldərək daşmağa hazırlamışdır.

      Məsələn, Birinci Dünya Müharibəsinin başlamasına səbəb Avstriya-Macarıstan vəliəhdinin bir serb tərəfindən öldürülməsidir. Halbuki yeganə səbəb bu deyil. Bir çox səbəb əvvəlcədən baş vermiş, vəliəhdin öldürülməsi isə son damla olmuşdur.

      Tarix bilgisi səbəb və nəticələri yaxşı təhlil edərək gələcəyə əmin addımlarla irəliləməyi təmin edir. Çünki millətlər müəyyən coğrafi ərazidə ömür sürərək əsl həyatlarını tarixi kökləri ilə davam etdirirlər. Bu köklər keçmişdə ortaya qoyulan ehtişamlı əsərlər, zəfərlər və abidə şəxsiyyətlər kimi millət ağacını dik tutan mənəvi dinamiklərdir. Belə ki, bütün budaqlar ancaq bu köklərdən bəslənərək yaşayır, çiçək açır və meyvə verir. Bir millətin budaqları da onun sabahını formalaşdıracaq olan yeni nəsli, yəni gəncləridir.

      Bir millət əsl tarixini və maddi-mənəvi rəhbərlərini tanıyıb? bunları yerli-yerində təqdir etdiyi zaman inkişaf edər. Məhz belə bir millət böyük millətdir. Yeni nəsillər tarixlərini yaxşı öyrənər və keçmişdən lazımi nəticəni çıxararsa gələcək xüsusunda təlaşa gərək qalmaz. Tarixini pisləyən, özünə yadlaşan, keçmişdəki böyük qəhrəmanlarını xain, xainləri də qəhrəman elan edən bir nəsil yetişərsə, deməli, gələcək qaranlıq və qorxuncdur. Çünki keçmişə istinad etməyənlərin gələcəyi heç vaxt zəmanət altında olmamışdır. Dolayısıyla köklərimiz keçmişə, budaqlarımız gələcəyə uzanmalıdır.

      Millətlər “imanları, dilləri və tarixləri”ylə yaşayarlar. Torpaq da bu əziz varlıqlar üçün “vətən”dir. Elə buna görə də yetişməkdə olan gənc nəsillərini daima tarix şüuruyla canlı tutarlar. Məsələn, almanlar təlim-tədrisin başlanğıcında gənclərinə güllə-boran edilən şəhərlərini və yanan meşələrini göstərirlər. Yaponlar da atom bombalarının məhv etdiyi şəhərlərini göstərib keçmişdə yaşadıqları acı fəlakətləri xatırladırlar. Və ya bunun əksinə, milli birlik və bərabərlikləri sayəsində qazandıqları zəfərləri və texnologiya sahəsində əldə etdikləri nailiyyətləri göstərib gənc nəsillərinin həyəcanını artırmağa çalışırlar.

      Əslində dünyadakı millətlərin çox azı milli iftixar və ibrət tablolarına sahibdir. Onlar da sadəcə bir neçə hadisədir. Biz isə digər millətlərə qismət olmayacaq qədər böyük ölçüdə dastanlarla dolu bir keçmişə sahibik.

      Azərbaycan və Türk xalqı çətin zamanlarda çiyin-çiyinə qardaş köməyini bir-birlərindən əsirgəməmişdir. İlahi qədər bu iki qardaş ölkəni bir-birinə möhkəm bağlarla bağlamışdır. Azərbaycan dünyaya Türkiyə vasitəsi ilə çıxarkən, Türkiyə də Qafqaz və Orta Asiyaya Azərbaycan vasitəsi ilə çıxır. Bu birlik sadəcə iqtisadiyyatın inkişafına deyil, milli-mənəvi bağların da möhkəmlənməsinə xidmət edir. Türkiyə ilə dərin tarixi, mədəni, din və dil əlaqələri olan Azərbaycanın son dövrlərdə daha da güclənməsində Türk dünyasının yetişdirdiyi böyük dövlət və siyasət xadimlərindən mərhum Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Onun “Biz iki dövlət bir millətik” ifadəsi Azərbaycan-Türkiyə arasındakı qardaşlıq və dostluq münasibətlərinin ən gözəl tərənnümüdür.

      Bu gün Azərbaycan xalqı istər XX əsrin əvvələrində qurulan Azərbaycan Xalq Cümhuriyyətini, istərsə də XX əsrin axırlarında müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikasını tanıyan ilk dövlətin qardaş Türkiyə olduğunu böyük bir minnətdarlıq hissləri ilə xatırlayır.

      1915-ci ildə Bakıda Anadolu türklərinin Qurtuluş savaşına dəstək vermək məqsədi ilə Qardaş Köməyi adlı bir təşkilat qurulmuşdur. Bu təşkilatın vasitəsi ilə Anadolunun Qurtuluş savaşında iştirak etmək üçün minlərlə insan səfərbər olmuşdur. Bu insanlar mal-dövlətlərini, zinət əşyalarını Anadoluya göndərmək üçün toplayırdılar.

      Türkiyənin istiqlalını qorumaq üçün Çanaqqala müharibəsində canından keçərək şəhid olan azərbaycanlı könüllülər isə xalqlarımızın tarixi yaddaşında layiqli yerini alaraq sonrakı nəsillərə nümunə olmuşdur.Dünya tarixinin ən əzəmətli müharibələrindən biri olan Çanaqqalada İngiltərə, Fransa və İtaliya kimi üç böyük dövlətə qarşı əcdadımız ölüm-qalım mübarizəsi göstərmişdir. Təxminən 250 000 əsgər döyüş meydanlarında, 150 000 əsgər isə xəstəxanalarda şəhid olaraq vətənini, millətini, dinini və namusunu qorumuşdur.

      1918-ci ildə Azərbaycanın istiqlalı uğrunda can verən Qafqaz İslam Ordusunun yüzlərlə şəhid əsgəri bu gün müstəqil Azərbaycan torpağında iki qardaş ölkənin bayraqlarının kölgəsində, şəhid azərbaycanlı qardaşları ilə qucaq-qucağa yatırlar.

      Milli və mənəvi dəyərləri bilən və yaşadan, tarixinin üzərində gələcəyini qura bilən bir gənclik gələcəyə ümidlə baxmaq istəyən bir millətin duasıdır. Keçmişdəki təcrübələri yaşlıların əllərindən, zehinlərindən və könüllərindən alıb gələcəyə ötürmək gənclərin müqəddəs vəzifəsidir.

      Ümidvarıq ki, ürəyində din, dil, millət, bayraq və vətən sevgisi olan və bu ruhda böyüyən gənclik bir gün əlbəttə Azərbaycan torpağı olan Qarabağda da üçrəngli şanlı Azərbaycan bayrağını dalğalandıracaqdır.

      • Hits: 617 clicks

      Tecox component by www.teglo.info