Rüstəm HUDULOV - İslamda Təmizlik

    PDF faylını alÇapE-poçt

      Share

      Müqəddəs İslam dininin diqqət yetirdiyi məsələlərdən biri də təmizliyə riayət etməkdir. İslam sözün əsl mənasında təmizlik dinidir. İslamın maddi və mənəvi təmizliyə verdiyi əhəmiyyəti başqa heç bir din və sistemdə görmək mümkün deyil. Təmizlik təkcə dini cəhətdən deyil, eyni zamanda tibbi cəhətdən də çox önəmlidir.

       Əks təqdirdə insan orqanizmində ciddi fəsadlar yarana bilər. Bu əhəmiyyətinə görədir ki, təmizlik günümüzün ən aktual məsələlərindən biridir. İnsanların təmizliyə kifayət qədər riayət etməməsi bir çox xəstəliklərə və problemlərə yol açır.

      Paltarın, bədənin təmizliyi, artıq tüklərin bədəndən təmizlənməsi, vaxtlı-vaxtında dişlərin yuyulması, ətraf mühitin təmizliyi, baş və üz tüklərinin qısaldılması və s. əməllərİslamın diqqət mərkəzində olan məsələlərdəndir. Hər bir müsəlman bəzi dini vəzifələrini təmizliyə riayət etməklə, həm də başqalarının onun natəmizliyindən narahat olmalarına yol verməməlidir.

         Təmizlik Allahın Peyğəmbərimizə (s.ə.s) ilk əmrlərindən biridir. Allah Rəsuluna (s.ə.s) peyğəmbərlik vəzifəsi verildikdən sonar ikinci vəhydə təmizlik əmr edilmişdir. Bu barədə ayədə belə buyurulur: “Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! Libasını təmizlə (Nəfsini günahlardan pak et!) (Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!) (Etdiyin yaxşılığı) çox bilib başa qaxma! Rəbbinin yolunda (Rəbbinin rizasını qazanmaq üçün bu yolda sənə üz verəcək bütün çətinliklərə) səbir et!”(əl-Müddəssir 1-7).

      Təmizlik haqqında Rəsulullah (s.ə.s) belə buyurmuşdur:“Təmizlik imanın yarısıdır. “Əlhəmdülillah” mizanı doldurar. “Sübhanallahi vəl-həmdü lillah” göylərlə yer arasını doldurar. Namaz bir nurdur. Sədəqə bürhandır. Səbir ziyadır. Quran sənin lehinə və ya əleyhinə olan bir hüccətdir” (Səhihi-Müslim, Kitabut-Taharə,1).

         İslamın təmizlik əsaslarını belə xülasə etmək olar:

      a)İmanda, ibadətdə və əxlaqda təmizlik.

      b) Qəlbdə, fikirdə və vicdanda təmizlik.

      c) Dildə, ailədə və övladda təmizlik.

      d) Qazancda, yeməkdə və içməkdə təmizlik.

      e) Vücudda, paltarda və ətrafda təmizlik.

      f) Dünyəvi və üxrəvi hər işimizdə təmizlik.

      Allahın varlığına və birliyinə, uca qüdrət sahibi olduğuna inanmaq, Peyğəmbərimizin (s.ə.s) təbliğ etdiyi bütün əmr və qadağanları yerinə yetirmək və Rasulullahın izindən ayrılmamaq, iman ibadət və əxlaq təmizliyidir.

      Dilimizi yalan və qeybətdən uzaq tutmaq, onunla daima haqqı söyləmək, ailəmizi və övladlarımızı haram yerlərdən və haram şeylərdən uzaq tutmaq, evimizə və ailəmizə bağlı qalmaq, övladlarımıza milli və dini duygular aşılamaq, onları İslam tərbiyəsi ilə yetişdirmək, dil, ailə və övlad təmizliyidir.

      Bəli bütün bunlar İslamın təmizlik əsaslarıdır. Bunlara riayət etmək hər bir müsəlmanın əsas vəzifəsidir. Allah Azzə və Cəllə ancaq maddi və mənəvi cəhətdən təmiz olan qullarını sevər. Çünki Qurani-Kərimdə belə buyurulmaqdadır:  “Allah, (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!” (əl-Bəqərə 222).  Digər bir ayədə isə belə buyurulur: “Allah, pak olanları (özlərini cismən təmizləyənləri, mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!” (ət-Tövbə 108).

      Allah-Təala hər birimizi ayədə buyurulduğu kimi (Allahın) sevdiyi qullarından eyləsin! Allahın rəhməti, Rəsulullahın şəfaəti bizim və təmiz olan hər kəsin üzərinə olsun!

      • Hits: 969 clicks

      Tecox component by www.teglo.info