Adem ŞAHİN - Araşanda Günorta Dəstəmazı

    PDF faylını alÇapE-poçt

      Share

      Atayurd Qırğızıstanın paytaxtı Bişkekdən 20 km aralıda yerləşən mübarək bir yerdir. Araşanda İlahiyyat fakültəsi və hafizlik müəssisəsi var. Hafizlik məktəbinin yanından axan çayın şırıltısı ilə hafizlik edən tələbələrin əzbər oxuduqları Quranın səsi bir-biri ilə yarışır. Quran qəlblərə, Araşan dərəsi ilə axan çay da güldən tikanına, ilanından quzusuna hər canlıya həyat olur.

      Günəşin şəfəq saçdığı soyuq bir qış günü təmir səbəbi ilə evlərə su gəlmədiyini gördüm. Kaş “əl-xayru fi mə vəqaa” (hər şeydə bir xeyir var) sözünü su kranından “tısss” səsi gələndə söyləyəydim. Dəstəmaz almaq üçün məktəbin yanındakı dərəyə endim. Kompyuter qarşısında oturmadığı üçün artıq çəkidən əziyyət çəkməyən, qəlbi internet saytlarında kirlənməmiş və istehlak virusunun qurbanına çevrilməmiş onlarla tələbənin dərə kənarında dəstəmaz aldığını gördüm. İlk Türk-İslam dövləti olan Qaraxanlılar dövlətinin hökm sürdüyü bu torpaqlar da mübarək olmadıqdan sonra başqa hara mübarək ola bilər?

      “Bu buzu qırmaq mümkünmü?” tərəddüdündən sonra “uydum tələbələrə” dedim. Sonra nə tərəddüd qalır, nə də buzun qırılma qorxusu. Hər halda hafizlik edən tələbələrin sevinc səsləri ilə mənzərənin sərxoşedici gözəlliyi səbəbi ilə bir o qədər də üşümədən dəstəmazımı aldım. Nəyisə ümumiləşdirmək insanaxas xüsusiyyətlərdəndir. “Həyatda gördüyüm ən pis insan idi”, “ən çox qorxduğum gün idi”, “həyatda ilk dəfə aldadılırdım” kimi sözləri tez-tez eşidirik. Bir əlavə də məndən: “bu yaşıma qədər aldığım ən gözəl dəstəmaz hafizlik edən tələbələrlə axar suda aldığım dəstəmaz idi”.

      Krandan axan su ilə dəstəmaz almaq həyəcan və təfəkkürə manedir. Üstəlik ümumi istifadə olunan yerlərdə dəstəmaz alınırsa, bu kimi yerlərin kirli halı insanı diksindirir. “Namaz fərz olmasaydı, heç burdan istifadə etməzdim”,- dedirdir. Tərtəmiz, şampun ətirli təmizlik məkanlarında dəstəmaz aldıqda da qəlb ibadət şüurundan qoparaq bir növ sağa-sola su sıçratma təlaşı və sabunun ətri ilə bulanır. Kitablarımızda “gözəl dəstəmaz necə alınır” sualına onlarla cavab var. Bir neçə əlavə də mən edim: açıq havada, axar suda və yaxşı insanlarla birlikdə...

      Mənzərənin ehtişamını gənc Quran tələbələrinin saflığı tamamlayır. Bilal Həbəşi (r.a) isti havada, qızmar qumların üstündə və yandırıcı günəş şüaları altında “əhəd, əhəd” deyirdi. Bu tələbələr də soyuq havada, buzun üstündə “əhəd, əhəd” deyirlər.

      Ya Rəsulallah!

      Əshabi-Suffə kimi mübarək olan bu gənclər qarın üstündə, şəfəq saçan, ancaq istiməyən günəşin altında soyuq su ilə dəstəmaz alırlar. Onlara və müəllimlərinə kərəm qılıb bir təbəssüm lütf edərsənmi?

      Ey Allahın Rəsulu, bu gənc ümmətində gördüyüm gözəlliyi kimə söyləyim? İnanıram ki, bu halı görməkdən və duymaqdan ən çox sən məmnun olacaqsan. Vəfat edəcəyin gün sonuncu sübh namazında özünü bir az yaxşı hiss edib ayağa qalxdın. Otağının pərdəsini çəkib camaatla namaz qılan əshabını gördün və bundan razı qalaraq uzun-uzadı təbəssüm etdin. Aişə anamız həmin gün xaric heç vaxt bu qədər təbəssüm etdiyini görmədiyini deyir. Canerlərin, Canıbəklərin, Kıvacların, Şirzadların, Alpamışların buz üstündə, qar suyu ilə titrəmədən və şikayət etmədən dəstəmaz alırlar. Bu halı gördükdə edəcəyin təbəssümlə bizi həm isidər, həm də parıldadardın. Sən var olduqca və beş qitədə əməllərin yaşayarkən mən özümü müəllim adlandırmıram. Sən yeganə insansan. “Mən yalnız bir müəllim olaraq göndərildim” (İbn Macə, Müqəddimə, 17).

      Bir müəllim olaraq 1400 il sonra gənc qardaşlarını öyrətdiyin tərtib üzrə buz üstündə dəstəmaz alarkən görsəydin, kim bilir nə qədər məmnun olardın?

      Ya Rəsulallah, bir gün “Qardaşlarımı görməyi çox istərdim. Onlar üçün çox darıxdım”,- demişdin. Əshabın da “Biz Sənin qardaşların deyilikmi, ya Rəsulallah?”,- deyə sual vermişdi. Sən: “Siz mənim əshabım (dostlarım)sınız. Qardaşlarım isə hələ dünyaya gəlməyənlərdir”,- buyurmuşdun. Dostların təkrar soruşmuşdu: “Ümmətindən hələ gəlməyənləri necə tanıyacaqsan?”. Bu zaman da belə buyurmuşdun: “Bir adamın alnı və ayaqları səkil olan bir tı olduğunu təsəvvür edin. Həmin adam öz atını hamısı qapqara olan at ilxısının içində tapa bilməzmi? Qardaşlarım da aldıqları dəstəmaz səbəbi ilə üzləri nurlu, əl-ayaqları parlaq olaraq diriləcəklər. Mən onlardan əvvəl gedib hovuzumun başında ikram etmək üçün onları gözləyəcəyəm” (Müslim, Təharət 39).

      Ey Allahın Rəsulu, budur, mübarək qardaşların, budur mübarək tələbələrin. Hamısının dəstəmaz üzvlərindən qar suyu damcılayır. Bu tələbələrin məktəbi, müəllimi və ata-anası Sənsən. Biz buna inanırıq.

      Dərə kənarından ayrılıram. Ey suyu kəsənlər, sizə hirslənənlərdən, söyənlərdən fərqli olaraq mən “Allah sizdən razı olsun, su qədər əziz olun”,- deyirəm. Minnətdaram sizə...

      • Hits: 900 clicks

      Tecox component by www.teglo.info