Anar QURBANOV - SUAL CAVAB

    PDF faylını alÇapE-poçt

      Share

      Sual: Namazda səcdədə ikən ayaqların yerdən üzülməsi ilə namaz batil olurmu?

      Cavab: Məlumdur ki, namazda səcdə etmək fərzdir. Onun ən mükəmməl şəkli isə Hz. Peyğəmbər (s.ə.s) hədisində buyurduğu kimi yeddi üzvlə edilməsidir. Hədisdə belə buyurulur:

      “Mənə yeddi üzv üzərinə səcdə etmək əmr olundu. Bunlar alın, (əli ilə burnuna da işarə etdi), iki əl, iki diz və iki ayaqdır” (Buxari, Azan, 133, 134, 137; Müslim, Səlat, 226, 227, 229, 230). İslam alimlərinə görə, ayaqların yalnız bir barmağının yerə dəyməsi ilə sözügedən fərz yerinə yetirilmiş olur. Ancaq namaz qılan bir şəxs iki ayağından heç birini yerə qoymazsa, namaz səhih olmaz. Ayaqlardan biri alınla birlikdə “sübhanəllah” deyəcək qədər yerə dəyərsə, daha sonra qalxsa belə, səcdə yerinə yetirildiyi üçün namaz pozulmur. Yəni, səcdə boyu heç yerə qoymadan ayaqların hər ikisinin də yerdən üzülməsi namazı batil edir.

       

      Sual: Dində qadının kəsilmiş saçının qaynaq məqsədilə kiməsə satması haramdır?

      Cavab: Burada iki məsələ var: birincisi, qadının saçının satılması; ikincisi isə, saçın qaynaq olaraq istifadə olunması. Satışının hökmü ilə bağlı alimlərin rəyləri əsasında belə bir nəticəyə gəlmək olar: qadının (kişinin) saçının nəcis olmaması, ondan istfadənin və satışının açıq-aydın qadağan edilməməsi səbəbəilə həm kişi, həm də qadının saçının satışı ümumi olaraq caiz hesab olunmuşdur. Yəni, saçı satıb bunun müqabilində pul almaq halaldır.

      İkinci məsələyə gəlincə, qadın saçını qeyri-halal, qeyri-əxlaqi məqsədlər üçün istifadə edəcəyini bildiyi şəxsə yox, halal yolda, zərurət olaraq istifadə edəcəyini bildiyi şəxsə satmalıdır. Çünki müsəlman bilərəkdən haram və qadağan olan bir şeyin edilməsinə vasitəçi olmamalıdır. Belə ki, saçlarında tökülmə və digər xəstəliklər səbəbilə parik və qaynaq etdirmək məcburiyyətində qalan qadınların bunlardan istifadə etməsi caizdir. Ancaq başqalarına daha gözəl görünmək, başqalarının diqqətlərini cəlb etmək, eləcə də başqalarından fərqlənmək məqsədilə qaynaqdan istifadə etmək caiz deyil və günahdır. Hz. Peyğəmbərin (s.ə.s) “Qaynaq edənə və etdirənə Allah lənət etsin” (Buxari, Libas, 83, 85; Müslim, Libas, 33) hədisi də məhz bu məqsədlə edənlər üçün deyilmişdir.

       

      Sual: Tövbə surəsinin 113-cü ayəsinə görə valideyni müsəlman olmayan bir kəsin namazda “Rabbənəğfirli” duasını oxuması doğrudurmu?

      Cavab: “Tövbə” surəsininin 113-114-cü ayələrində buyurulan “Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz! İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir vədə görə idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı (onunla bütün əlaqələrini kəsdi) ifadələrinin Hz. Peyğəmbərin (s.ə.s) əmisi Əbu Talibin və ya anasının bağışlanması üçün dua etməsi, yaxud bəzi möminlərin müşrik olaraq ölən yaxınlarının bağışlanmaları üçün dua etmələri səbəbilə nazil olduğuna dair fərqli rəvayətlər vardır. Qeyd edək ki, ayədə həm Hz. Peyğəmbər (s.ə.s), həm də möminlərdən bəhs olunması və ondan sonra gələn ayədə də Hz. İbrahim (ə.s) məsələsinə toxunulması nəzərə alındıqda, əsil məqsədin müəyyən bir məsələ ilə bağlı hökm vermək yox, bu mövzu ilə əlaqədar bir prinsipə diqqət çəkmək üçün olduğu aydın olur. Məhz bu prinsip də odur ki, həyatındakı bütün fürsətləri bir kənara qoyub Allaha şərik qoşan və bunda israr edən, eyni zamanda müşrik olaraq öldüyü dəqiqliklə bilinən kəslərin bağışlanması üçün dua etmək Allah dərgahında doğru qəbul edilən bir davranış deyildir. Təfsir alimlərinin bəzilərinə görə, bu ayədə müşriklərin bağışlanması üçün dua etmə qadağası, onların müşrik olaraq öldüklərinin yəqin edilməsi ilə məhdudlaşır. Ona görə də, hər hansı bir şəxs həyatda ikən onun kafir olaraq öləcəyi bilinmədiyi üçün, möminin həyatda olan inancsız bir kəsin hidayəti və bağışlanması üçün dua etməsində hər hansı günah yoxdur. Hz. Peyğəmbər (s.ə.s) də həyatda olduğu müddətdə imansız öləcəyini düşünərək heç kəsi Allahın düşməni elan etməmişdir. Əksinə, ona haqsızlıq edənlərə, ona qarşı müqavimət göstərənlərə bilmədikləri üçün Uca Allahın onlara hidayət verməsini istəmiş və onları bağışlamasını diləmişdir. Bundan əlavə, yuxarıda qeyd edilən ayədə Hz. İbrahimin (s.ə.s) atası üçün dua etməkdən vaz keçməsi, atasının müşrik olaraq öldüyündən əmin olmasından sonra olmuşdur.

       

      Sual: Məğrib (axşam) namazında bilmədən 3-cü rükətdən sonra qalxdım 4-cü rükəti də qıldım. Bu halda namazım batildir?

      Cavab: Məğrib namazında 3-cü rükətdən sonra qalxıb namaza davam edən zaman dördüncü rükətin səcdələrini etmədən xəta edildiyi xatırlansa, dərhal oturub səhv səcdəsi etməklə namaz tamamlanmalıdır. Ancaq 4-cü rükətin səcdələr edilərsə, artıq dörd rükət nafilə namaz yerinə keçir və axşam (məğrib) namazı mütləq təzədən qılınmalıdır. Dörd rükətli fərz namazlar 5-ci rükətin səcdəsinə qədər və ya 2 rükətli fərz namaz (sübh namazı kimi) 3-cü rükətin səcdəsinə qədər, yəni səcdələri etmədən xatırlandıqda, səhv səcdəsi edilərək namaz tamamlanır. Əsk təqdirdə, birincisi 6 rükətə, ikincisi də 4 rükətə tamamlanaraq nafilə ibadət kimi yerinə yetirilir. Həmin vaxtın fərz namazı isə təzədən qılınmalıdır.

       

       

       

      • Hits: 780 clicks

      Tecox component by www.teglo.info