Yunus NURİ - Sürətli getdik...Ruhumuz geridəqaldı

    PDF faylını alÇapE-poçt

      Share

      ...və internet evə girir.

      Çox gec anladıq sosial qrup olmadığımızı. Hətta cəmiyyət olaraq yan-yana yaşamağı, başqalarının dərdlərinə şərik olmağı, üz-üzə salam verməyi, öz adımızıa və şəxsən özümüz olaraq təbəssüm etməyi yavaş-yavaş unutduğumuzu da yeni dərk etdik.

       Güldüyümüz zaman qarşımızdakı insan üzümüzdəki qırışları, gözlərimizdəki mənanı görüb səmimiyyətimizi hiss edərdi. “Nikneym”lər dən istifadə etmədən öz şəxsiyyətimizlə insanlıq şərəfinə yaraşan tərzdə danışmağa, “mesaj” və “meyl”lərin arxasında gizlənmədən mərd, dürüst və ürək dilimizlə sevdiyimizə sevirəm, sevmədiyimizə də sevmirəm deyə bildiyimiz günlərə həsrət qaldıq.

      Halbuki bizə dünən qədər yaxın keçmişdə qələmlə yazdığımız məktubların o titrək xəttini oxuyarkən sadəcə məktub deyildi oxuduğumuz. Yazılan qədər yazan əllər də dəyərli idi. Hər nə qədər yazı “ofis vord” sənədində “Tayms Nyu Roman” stilində və 12 punto böyüklüyündə olmasa da, sadəcə məktub deyildi gələn... Məktəbli bir uşağa yazdırılan sətirlərə hopan ananın göz yaşları, gözləri yolda qalanların həsrətləri və boynubükük sevdaları da oxunurdu həmin məktublarda. Soyuqdan əllər üşüsə də salamı adam kimi verən, “hi”, “slm”, “by”, “ok” kimi qısaltmalar etməyəcək qədər mürüvvətli yazılara həsrət qaldıq.

      Hələ o üz ifadələri ki var... “Görəsən, hansı üz ifadəsini göndərim?”,- deyə dəqiqələrlə fikirləşib müsəlmanın belə bir vəziyyətdə necə olmasını nəzərə almamağın gətirdiyi səviyyəsizlik problemindən danışıraç. “Göründüyümüz kimi olmaq, ya da olduğumuz kimi görünmək” kimi müsəlman şəxsiyyətini xülasə edən bri mənanı da təəssüf ki, virtual aləmin qurbanına çevirdik. Olduğumuzdan fərqli görünməyi, virtual aləmin bizə təqdim etdiyi rəngli maskaları nə qədər də çox sevdik. Zaman keçdikcə öz adımızla deyil, saxta adlarla bir-birimizin qarşısına çıxmaq bizə adi hal kimi göründü. Gülümsəmə və təbəssümü iki nöqtə və mötərizə işarəsi ilə :) ifadə etməyə başladıq.Bir də qəlb və sevgi işarəsi var, bizə görə “Məndə Məcnundan füzun aşiqlik istedadı var. Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var” şeirinin qısaldılmış halıdır. İnternet aşiqləri kimi əslində var olmayan, hər necəsə ortaya çıxdıqdan sonra da davam etdirilməsi qeyri-mümkün və sadəcə bir müddətlik yalançı sevdalar. Məcnunun səhrası “çat” səhifələri, Fərhadın külüngü “klaviatura”, Kərəmin külləri “zibil qutusu”na həvalə edilmiş oldu. Gerçək sevdaları görməyə həsrət qaldıq.

      Bizi biz edən dəyərlərimizi də virtual əllərə təslim etdikdən sonra “biz kimik?” sualını verməyə başladıq. Doğrudan, biz kimik? Bizim millət və ailə olaraq bir məhrəmiyyətimiz var. Bizə aid olana bizim, aid olmayana isə bu bizim deyil deyəcək ağlımız, zəkamız var. Hər qapı döyəni evimizə qəbul edə bilməyəcəyimiz kimi, evimizdə olanı da çöldəkilərə ifşa etmək bizim mədəniyyətə ziddir. Ailəmizin şəklini çəkib ailə albomlarımızı küçələrə, divarlara asmaq bizə aid mədəniyyətdə yoxdur. Üstəlik ailəmizin şəklini küçəyə asandan sonra səhər gəlib həmin şəklin altına baxaraq “görəsən, bizi bəyənən oldu?”,- deyə yoxlamaq da bizə yaddır. Şəklimizi “layk” edənlərə görə xoşbəxtliyimiz artırsa, öz-özümüzə “kimə görə yaşayırıq?”,- sualını vermək daha məntiqli deyilmi? Hətta ailə məsələlərimizi belə sosial şəbəkələrdə paylaşaraq hər mövzunu rahatlıqda müzakirəyə aça bilirik. Üstəlik bu söhbətlərimizi, şəkillərimizi və paylaşdıqlarımızı hər kəs asanlıqla görə bilir. Görəsən, heç düşündükmü, du sosial şəbəkələrin zəmanə küçələrindən və meydanlarından nə fərqi var? Ailəvi şəklimizi küçə divarına asmaqla sosial şəbəkələrdə paylaşmaq arasında nə fərq var? Yaddaşımızı sosial paylaşım saytlarına təslim etməkdənsə foto-albomlarımızı məhrəm bilib evimizin məhrəm yerində saxlamağa həsrət qaldıq.

      Adət-ənənə, ailə və evdən söz açmışkən yeməklərimizi də unutmayaq. Böyüklərimiz hətta evə gətirdikləri çörəyi də başqalarının görüb tamarzı qalmaması üçün kağıza bükdüyü halda internet belə bir düşüncəni bizdən qoparıb aldı. Bizim adətlərə görə zibil qabının içi də məhrəm sayılır. Ona görə zibil qabları qapaqlıdır. Lakin yediyimiz yeməkləri internetdə sərgiləyəcək qədər acıqmı? Bəlkə də bu sualı belə vermək lazımdır. Sadəcə yemək kifayət etmirmi? Bir adamın həyat yoldaşı ilə yediyi axşam yeməyini “Filan restoranda filan yeməyi yedik” yazaraq, ara vermədən sosial şəbəkələrdə paylaşması hansı ruh halının əksidir?

      “Yeyib-idiyin sənin olsun, mənə gördüklərindən danış” sözü nə qədər də doğru imiş. “Xoşbəxtlik paylaşdıqca artar, mən də sevincli anımı paylaşıram” yalanını da yeri gəlmişkən düzəltmək yerinə düşər. İşin əsli “mən xoşbəxt deyiləm, xoşbəxt olmaq üçün də nə edəcəyimi bilmirəm”dir. Səadətin virtual aləmdə axtarılması evin damında dəvə axtarmaq qədər axmaqlıqdır. Virtual aləmin bəlkə də ən böyük oğurluğu ruhumuzun əsl qidasını bizdən oğurlaması oldu. Başqalarına göstərmək üçün yeyib-içmək, “biz də nə isə paylaşaq” deyə dondan-dona girmək bizi doyumsuzluq dənizinin sahillərinə atdı. Sovrulduq. Sosial şəbəkələrdə paylaşa bilmədiyimiz zaman yediklərimiz bizi doydurmadı, gəzib gördüklərimiz əskik oldu. Bir bədəndə bir neçə şəxsiyyət daşımağa başladıq. Özümüz üçün nə isə etməyə həsrət qaldıq.

      Elm əldə etmək üçün uzun səfərlər edildiyini bilirəm. Dostları görmək üçün illərlə həsrət çəkənləri tanıyıram. Bir kitabı necə tapacağının dərdini çəkənləri... Əkdiyi bir ağacın meyvə verməsini illər uzunu gözləyənlər, səbirlə tələbə yetişdirən müəllimlər tanıyıram...Bütün bu gözləmələrin insana verdiyi yüksək ruh, səbir və tərbiyə elm adamını həqiqi alimə, insanı əsil dosta, kəndlini həqiqi əkinçiyə, müəllimi əsil tərbiyəçiyə çevirirdi. İndi isə virtual aləmin hazır və zəhmətsiz təqdimləri sayəsində səyahətlərin rəngi və məqsədi dəyişdi. Uzaqdakını yanımızda zənn edərək dost həsrəti çəkməkdənsə səyahət şəkillərimizi dostlara göndərərək “bax gör, haraları gəzmişəm” məntiqinə əsir olduq. Bir anda bütün kitabları ovcumuzda tapdıq. İşıqlar sönənə, yaxud batareyamız tükənənə qədər alim olduq, amma zəhmət çəkmədiyimiz üçün elm dilimizdən qəlbimizə enmədi. Virtual aləmdə imperatorluqlar qurduq və idarə etdik, qəhrəmanlıq duyğularımızı stolüstü oyunlarla tətmin etdik. Hər şey daha sürətli oldu, necə də gözəl olduğunu düşünərkən ruhumuzun geridə qaldığını gördük.

      Qərbli araşdırmaçılardan ibarət bir ekspedisiya qızıldərililərə aid bir qəbilə ilə yola çıxır. Çantalarını çiyinlərinə atan əcnəbilər gedəcəkləri yerə çatmaq üçün meşənin içində həyəcanla irəliləyərkən, bir yandan da qızıldərililəri tələsdirirlər. Qızıldərililər qəflətən dayanırlar. Bir professor tələsik yanlarına gələrək nə üçün dayandıqlarını soruşur. Qızıldərililər “Şef, çox sürətli getdik, ruhumuz geridə qaldı. Onları gözləyirik”,- cavabını verirlər.

      Yeri gəlmişkən virtual zarafat edək. Davamlı olaraq baxdığımız şeylər, məsələn, kompüter dördbucaqlı, televizor dördbucaqlı, mobil telefon dördbucaqlı, hətta baxdığımız pəncərələr də dördbucaqlı. Bütün bunlardan sonra yuvarlaq başlı bir insan tövsiyə və ya öyüd verdikdə nəticə çıxarmaqda çətinlik çəkirikmi?

      • Hits: 896 clicks

      Tecox component by www.teglo.info