Adəm Şahin - BİŞKEK KÜÇƏLƏRİNDƏ

    PDF faylını alÇapE-poçt

      Share

      Bişkekin hər iki tərəfi ağaclarla bəzənmiş geniş yol və parklarında gəzərkən sanki filmlərdə olduğu kimi hər cinsdən ev itinin gəzdirildiyini görərsiniz. Hər biri film qəhrəmanı olacaq qədər xüsusi qulluq görmüş bu itlərin gözə dəyən ən bariz xüsusiyyəti kənara can atmaları, sahibinin əlindən çıxmağa çalışmalarıdır. Belə bir deyim var: “Heyvanı aclıq, insanı isə toxluq azdırar”. 

      Ev heyvanlarında müşahidə edilən bu hərəkət nə aclıqdandır, nə də toxluqdan. Maşının içindəki it və pişiklər insanlar kimi başlarını əyib mənzilə çatmağı gözləməzlər. Əgər pəncərə açıqdırsa, başları, bağlıdırsa, gözləri çöldə yola davam edərlər.

      Qazaxıstan və Qırğızıstan torpaqlarında at ən mühüm mədəniyyət elementlərindəndir. Minilən, yeyilən və südü içilən at Orta Asiya musiqisinə də təsir edib. Dombra qaçan atın ayaq səslərinin ritm tempidir. Atın uzun quyruğundakı tüklər dombranın tellərini meydana gətirir. Kəndlərdə qoyun sürüsü kimi jılkılara (ilxı) tez-tez rast gəlirsən. Böyük yük maşınları ilə bazara və ya qəssaba aparılan atları da tez-tez görmək mümkündür. Şəhərdə artist kimi gəzən it-pişik kimi atların da gözü çöldədir. Sürətlə gedən yük maşınında atların üzünü küləyə tutduğunu və əsən küləyi ciyərlərinə çəkərək sevindiyini görərsiniz.

      Evdə saxlanan it-pişik eyvana, yaxud pəncərəyə çıxaraq havasnı dəyişərək yoldakı hərəkəti seyr edərlər. Vaxtilə Sadəddin adlı zehni əlilliyi olan qonşumuz səhərdən axşama kimi evinin eyvanında oturar, yoldan keçənlərə söz atar, nə isə deməyə çalışarmış.

      Bir gün bazardan qayıdarkən svetoforun qırmızı işığında dayanmışdıq və bu zaman  yanımızdakı avtobusdan bir uşağın gülərək əli ilə mənə salam verdiyini, hətta dil çıxardığını gördüm. Nə edə bilərdim? Mən də ona əl elədim və gülümsədim. Bir az getmişdik ki, həmin uşağın yenə israrla əl eləyib güldüyünü gördüm. Bir müddət sonra yollarımız ayrıldı. Uzaqlaşarkən daha çox təbəssüm etdi və əlini xeyli sağa-sola hərəkət etdirdi. O uşağın təbəssümü iki maşının pəncərəsindən keçərək mənim də gülüş əzələlərimi hərəkətə keçirmişdi. Bir anda mənim də gündəmim svetoforda gözləmək, yaxud mənzilə vaxtında çatmaqdan çıxaraq, adını bilmədiyim bir uşağın əl etməsi və təbəssümü olmuşdu. Öz-özümə “bu uşaq mənə “təbəssüm et, gərgin olma” deyir sanki”,- dedim.

      Qəhqəhədə dəyişmə gücü yoxdur. Hətta bəzən adamı qorxuda da bilər. Təbəssüm isə səssiz doğan günəş kimidir. İsidir və işıqlandırır. Hədisi-şəriflərdə qəhqəhə pislənir, təbəssüm isə təşviq olunur. Şərqdən fərqli olaraq Qərb mədəniyyətinin  vazkeçilməzlərindən biridir qəhqəhə. Qərb “qəhqəhə”, Şərq isə “təbəssüm” mədəniyyətidir. Rəsulullahın (s.ə.s) çöhrəsinin daim təbəssümlü olduğu rəvayət edilir. Təbəssümün isidici və işıqlandırıcı təsirini İstanbulda mübarək bir insanda, bir də Bişkekdə adını bilmədiyim bir uşaqda gördüm.

      Yolda və küçədə qulaqcıqla, maşında isə yüksək səslə musiqiyə qulaq asanlar da məni təlaşa salır. Üzlərində musiqinin qurucu, sakitləşdirici, rahatladıcı təsirini deyil, yıxıcı, stresi artırıcı nəticələrini görürəm. Musiqiyə qulaq asan insan rahatlıq tapmalı və üzünə xoş ifadə yayılmalıdır. Qulaqdan girən bəstə xoşbəxtlik hormonu olan serotinin ifrazını və təbəssüm əzələlərini işlətməyi əngəlləyir hər halda. Qulaqcıqla musiqiyə qulaq asan yüzlərlə insanın fotoşəkli çəkilsə, fotoşopla qulaqcıqlar silinsə və “sizcə bu insanların üz ifadəsi hansı duyğunu yaşadıqlarını göstərir?”,- deyilsə, mən “işgəncə çəkirlər, ağrı və iztirab içindədirlər”, -cavabını verərəm. Bir zamanlar ruhi xəstəxanalarda insanların müalicəsi üçün istifadə olunan musiqidən cəmiyyət mühəndislərinin əlində ağıllı insanları xəstə etmək, müvazinətlərini pozmaq üçün istifadə edilir.

      Avtobusdan təbəssüm edərək əli ilə salamlayan uşaq mənim üçün yenidən doğuş oldu. Yollarda, parklarda, kütləvi nəqləiyyat vasitələrində uşaqları müşahidə edirəm. Çoxu öz aləmindədir, hələ əllərində mobil telefon varsa, yanlarında bomba partlasa, xəbər tutmayacaqlar. Mobil telefonu olmayanlarda da nə edəcəyini bilməməyin gətirdiyi sıxıntı və gərginlik halı var. Dünyaya mobil telefonun ekranından, yaxud fotoaparatın linzasından baxmağı çox sevirlər. Artıq ətraf mühit onların marağını cəlb etmir. İndi pəncərə tərəfdə oturmaq üstə dava edən və səyahət əsnasında ətrafı müşahidə etməyə can atan uşaqlar yoxdur. Çöldə uçan quşlar, parklar, fabriklərdin borusu və küçə itləri də diqqətlərini çəkmir. “Pəncərədən baxan çölü, pəncərəyə baxansa kiri görər”,- deyirlər. Uşaqlar vindovsdan (pəncərələr) gözlərini çəkə bilmirlər. Böyüklərin də ən böyük dərdi telefonlarının üzərindəki cızıqlar, telefon qılıfı və batareyanın azalnası oldu. 

      “Armud dibinə düşər”, “ağaca baxan keçidən budağa baxan çəpiş olar”,- deyiblər. Uşaqların ətraf mühitə biganəliyi mütləq bizdən qaynaqlanır. Bunun səbəbini fikirləşdim və bir cavab tapdım: Xəbərləşmə, e-mail, sms atma və ya digər sosial mühitlərdə pulsuz görüşmə imkanı ola-ola onlayn görüşdüyümüz dost, qardaş və qohumlara laqeyd qalmaq. Bir gün onlayn gördüyüm, amma zəng edə bilmədiyim onlarla adamı dostluq səhifəsindən siləcəyəm. Fatihə surəsinə aləmlərin rəbbinə həmd edərək başlayırıq. Bitki və heyvanlar da bir aləm olduğu kimi hər insan da bir aləmdir. Uşaqlar maddə aləminə laqeyd qalırlar, bizsə insan aləminə. Aramızda heç bir fərq yoxdur.

      Bişkekdə, anasının yanında heç tanımadığı bir adama gülərək əl edən, adını bilmədiyim uşaq, Rəbbim səni və nəslini iman və məhəbbətlə isitsin, nurlandırsın. Küfrün soyuğundan və qaranlığından qorusun. Salam olsun sənə...

      • Hits: 840 clicks

      Tecox component by www.teglo.info