Aqil ƏLİYEV / RƏSULULLAHIN VƏSİYYƏTİ

    PDF faylını alÇapE-poçt

      Share

      İrbad bin Sariyə radiyallahu anhu belə nəql edir:- Rəsulullah (s.ə.s) bir gün bizə namaz qıldırdı, sonra duyğu yüklü bir vəz və nəsihət etdi. O söhbətin təsirindən qəlblərimiz ürpərdi, gözlərimiz yaşardı. 

      Dedik ki: “ Ya Rəsulallah! Bu vida edib ayrılan bir şəxsin söhbətinə bənzədi, bizə bəzi vəsiyyətlər edə bilərsinizmi?” Buyurdu ki: “ Sizə Allahdan qorxmanğınızı, başınızda həbəşli bir kölə də olsa ona itaət etməyinizi tövsiyə edirəm. Sizdən uzun ömrü olub yaşayanlar çox böyük ayrılıqlar və ixtilaflar görəcək. Sizə mənim və məndən sonra hidayət üzərində olan raşidi xəlifələrin sunnəsini tövsiyə edirəm. Sünnəmdən bərk yapışın. Qətiyyən sonradan ortaya çıxarılmış bidətlərin ardınca düşməyin. Hər bidət zəlalətdir.” (Əbu Davud, Sünnə, 6, Tirmizi, Elm,16, İbni Macə, Müqəddimə, 6)

      Bu hədis ən mötəbər hədis kitablarının üçündə rəvayət edilmişdir. Digər qaynaqlarda da yer almışdır. Bu baxımdan hədisin mətnində mübahisəli hər hansı bir mövzu yoxdur. Eyni zamanda İslamda hədisin və sünnənin möhtəşəm mövqeyini göstərməkdə, sünnələrin bizim üçün nə qədər önəmli olduğunu, bu gün hədissiz və sünnəsiz islami anlayışı müdafiə edənlərə də bir dəlildir.

      Burada Rəsulullah (s.ə.s) tərəfindən biz ümmətə bir neçə vəsiyyət edilmişdir.

      Birinci vəsiyyət: Təqva sahibi ol!

      Təqva Allah qorxusunu əsas alaraq islami yaşam tərzidir. Haramlara bulaşmadan, cəhənnəm əhli olma qorxusuyla yaşamaq və nemətlərə nankorluq etməmək təqvadır. İbadətlərə ciddi yanaşmaq da təqvadan irəli gəlir. İnsanların haqlarına təcavüz etməmək, dünyəviləşib maaddiyyat qarşısında əyilməmək və şeytanın hiylələrinə qarşı müqavimət göstərmək də təqvadır.

      İkinci vəsiyyət: İtaət et!

      Burada qeyd olunan hədisdən də anlaşılır ki, rəhbər şəxslərin dərisinin rəngi, yəni zahiri görünüşü və hansı ailəyə mənsub olması önəmli deyil. Önəmli olan müsəlmanlardan olması, insanların dininə, haqq və hürriyyətlərinə diqqət və ehtiram göstərməsidir. Belə olduğu təqdirdə hər bir müsəlman öz rəhbərinə itaət etməlidir.

      Üçüncü vəsiyyət: İxtilaf və ayrılıqdan çəkinmək.

      İxtilaf  da digər imtahanlar kimi bu ümmətin ən böyük imtahanıdır. İslamın ilk dövründə müsəlmanlar cəbhədə öz malları və qanları ilə imtahan verirdilər. Bugünkü müsəlmanlar isə öz ölkəsində,  evində, hətta öz məscidində ixtilaflarla üzləşirlər. Ayıq-sayıq olub imtahanı qazanmaq məcburiyyətindəyik. Bu imtahanı qazanmaq üçün də ardarda sayılan bu prinsiplərə ciddi yanaşmalıyıq. Elə bundan sonra qeyd olunan vəsiyyətlər bu imtahanı qazanmağa bizə kömək edir.

      Dördüncü vəsiyyət: Sünnədənmöhkəm yapış!

      Rəsulullah (s.ə.s) sağ ikən, onun ətrafında birləşənlər nicat taparkən, ona müxalif olanlar həlak oldular. Ondan sonra da yenə qurtarıcı odur. O, özü aramızda olmasa da sünnəsi, yəni tutduğu yolu aramızdadır.Onun sünnəsi bizə vəsiyyət etdiyi hər şeydir. Quran, Əhli-Beyt və hədisləri. Bunlar bizə Rəsulullahın (s.ə.s) müqəddəs əmanətləridir.

      Beşinci vəsiyyət: Raşidi xəlifələrə itaət.

      Rəsulullahın (s.ə.s) sünnəsini eynilə yaşadan dörd xəlifə, Hz.Əbu Bəkr, Hz.Ömər, Hz.Osman və Hz.Əli (Allah onlardan razı olsun) bu ümmətin ən fəzilətli şəxsləri olmuşlar. Onlar peyğəmbərlər kimi məsum olmasa da hər işdə Rəsulullahı əsas götürərək qərar vermişlər. Onların verdikləri qərarlar Bədir səhabələrinin və digər mücahid səhabələrin ittifaqına əsaslanırdı. Əshabın ittifaqı da xəta üzərində birləşməzdi. Bunun üçün həm sünnəni onlar anladığı kimi anlamaq, həm də onların izindən getmək bir nicat yoludur.

      Altıncı vəsiyyət: Bidətlərdən çəkinin!

      Bidət mövzusu hər əsrdə müzakirə və mübahisə olunan bir mövzu olmuşdur. Deyə bilərik ki, əslində dində olmayan və sonradan dinə əlavə olunan hər şey bidətdir. Din Allah-Təala tərəfindən gəldiyinə görə, qulların bura hər hansı uyğun gördükləri bir şey əlavə etmələri təhlükəlidir. Çünki dinə sonradan əlavə olunan hər hansı bir şey əvvəldən olan bir sistemi dəyişəcəkdir. Bunun üçün Rəsulullahın (s.ə.s) vəsiyyəti sonda dini qorumaqla bitmişdir.

      Xülasə olaraq da deyə bilərik ki, fitnələr, ixtilaflar mütləq olacaqdır. Mömin üçün bütün bu xəstəliklərə çarə ilk nəslin xilas olduğu yoldur. Bu da Quran və Sünnəyə səmimiyyətlə sarılmaqdır.

      • Hits: 1086 clicks

      Tecox component by www.teglo.info