Osman Nuri TOPBAŞ / XEYİRLİ ÜMMƏT

    PDF faylını alÇapE-poçt

      Share

      Ayeyi-kərimələrdə buyurulur:

      كُنْتُمْ خَيْرَ اُمَّةٍ اُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنْكَرِ

      (Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız” (Ali-İmran, 110).

      وَمَنْ اَحْسَنُ قَوْلًا مِمَّنْ دَعَاۤ اِلَى اللّٰهِ وَعَمِلَ صَالِحًا وَقَالَ اِنَّن۪ي مِنَ الْمُسْلِم۪ينَ

      (Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!” – deyən kəsdən daha gözəl danışan kim ola bilər?!” (əl-Fussilət, 33).

      Əsil müsəlman İslamı şəxsiyyət və xarakteri ilə təmsil edə bilən insandır. İslam mömindən hər zaman “şəxsiyyət” olmasını istəyir. Dini təmsil edə bilmək də yalnız gözəl şəxsiyyətlə mümkündür.

      Rəsulullah r dini təbliğ etməzdən əvvəl öz şəxsiyyətini təsdiq etdirmişdir. Bir gün Səfa təpəsinə çıxaraq qüreyşliləri başına topladı. Allah Rəsulu r yüksək bir qayanın üzərindən onlara xitab etdi:

      “Ey qüreyşlilər!

      Mən sizə desəm ki, bu dağın arxasında, yaxud bu vadidə üzərinizə hücum edəcək və mallarınızı qarət edəcək düşmən atlıları var, mənə inanarsınızmi?”

      Onlar heç bir tərəddüd etmədən:

      “Bəli, inanarıq. Çünki sən əl-Əmin və əs-Siddiqsən. Bugünə qədər yalan danışdığını heç eşitmədik. Səni həmişə dürüst adam kimi tanımışıq”,- dedilər... (Bax. Buxari, Təfsir, 26; Müslim, İman, 348-355; Əhməd, I, 281-307)

      Rəsulullah r ora toplaşan hər kəsə şəxsiyyətini təsdiq etdirdi. Onların təsdiqindən sonra isə ilahi həqiqətləri təbliğ etməyə başladı.

      İslam bu ali şəxsiyyətlə təbliğ olunduğu müddətdə əsri-səadət, xüləfayi-raşidin dövrü, Əməvilərin Ömər bin Əbdüləziz dövrü, Əndəlüsün ilk üç yüz ili və Osmanlının ilk üç əsrində möhtəşəm fəzilətlər mədəniyyəti inşa edildi.

      İnsanlıqda mədəniyyət, əxlaqda mədəniyyət, elmdə mədəniyyət, ictimai və iqtisadi həyatda mədəniyyət, memarlıqda, ədəbiyyatda müstəsna bir mədəniyyət ortaya qoyuldu.

      Bu mədəniyyətin insanları necə idilər? Bir neçə misal:

      Həzrət Ömər t…

      Həzrət Ömər iman ilə şərəflənməmişdən əvvəl mərhəmətdən məhrum, haqq və hüquq tanımayan cahiliyyə insanlarındna biri idi. İmanla şərəfləndikdən sonra isə incə ruhlu, qayğıkeş, hikmət əhli, ədalət abidəsi, nəcib şəxsiyyətə çevrildi. İslamdan əvvəlki sərt və ötkəm təbiətli Ömər əriyərək yerinə gözü yaşlı, könlü şəfqət və mərhəmətlə dolu, qarışqanı belə incitməkdən çəkinən, daima ümmətin səadətini fikirləşən, ciddi məsuliyyət şüuruna sahib “Həzrət Ömər” gəldi.

      “Fərat çayı sahilində bir quzu itsə, Allahın məni hesaba çəkməsindən qorxuram”[1] deyərək daim özünü hesaba çəkdi. Gecələr çiynində ərzaq çuvalı ilə küçələri gəzib zəiflərin, möhtacların təsəllisi oldu. Yetimlərin, kimsəsizlərin kimsəsi oldu. Qırıq könülləri təsəlli etmədən, onların göz yaşlarını silmədən, onlara təbəssüm etdirmədən qəlbi rahatlıq tapmadı.

      Ömər bin Əbdüləziz -rəhmətullahi əleyh-

      Həzrət Ömərin nəvəsi olan, İslam tarixində beşinci raşid xəlifə sayılan Ömər bin Əbdüləzizin könül dünyasını əks etdirən bir xatirəsini xanımı Fatimə belə dilə gətirir:

      “Bir gün Ömər bin Əbdüləzizin yanına girdim. Namazgahında oturmuşdu. Əlini alnına dayayıb, durmadan ağlayır, göz yaşları yanaqlarını isladırdı. Ondan nə üçün bu halda olduğunu soruşdum. Cavabı belə oldu:

      “Fatimə, bu ümmətin ən ağır yükü mənim çiynimdədir. Ümmətin acları, kasıblar, dərman tapmayan xəstələr, əyninə geyinməyə paltar tapmayanlar, boynubükükyetimlər, dul qadınlar, haqqını tələb edə bilməyən məzlumlar, küfr və qürbət diyarındaki müsəlman əsirlər, ehtiyaclarını təmin etmək üçün işləməyə taqəti qalmayan möhtac qocalar, külfəti böyük olan kasıb ailə başçıları...

      Yaxın və uzaq diyarlarda bu vəziyyətdə olan mömin qardaşlarımın halını fikirləşdikcə, yükümün altında əzilirəm. Sabah hesab günündə Rəbbim məni bundan hesaba çəkərsə, Rəsulullah r onlara görə məni məsul görərsə, mən nə cavab verərəm?!” (İbn Kəsir, 9/201).

      Məhz ümmətin dərdini çəkən, onların səadəti üçün öz rahatlığını tərk edən fədakar könüllərlə müstəsna fəzilətlər mədəniyyəti inşa edildi. Həmin mədəniyyətdə zənginlər zəkarlarını verəcək yoxsul tapmadılar. Çünki onlar “qonşusu ac ikən tox yata bilməyən” xeyirli ümmət idilər.

      Həmin xeyirli ümmət din qardaşlığı və qayğıkeşlikdə İslam şəxsiyyəti sərgilədi:

      Həzrət Mövlana nə gözəl buyurur:

      Şəms -quddisə sirruh- mənə bir şey öyrətdi:

      “Dünyada bircə mömin üşüyürsə, sənin isinməyə haqqın yoxdur!”.

      Bilirəm ki, yer üzündə üşüyən möminlər var və mən artıq isinə bilmirəm!..”

      Əbul-Həsən Haraqani həzrətləri də belə buyurur:

      “Türküstandan Şama qədər olan ərazidə bir din qardaşımın barmağına batan tikan mənim barmağıma batmışdır. Birinin ayağına dəyən daş mənim ayağımı ağrıtmışdır. Bir qəlbdə hüzn varsa, o qəlb mənim qəlbimdir”.

      Bəli, “xeyirli ümmət” belə insanlardan ibarət idi…

      Hər bir mədəniyyət öz insan modelini formalaşdırır. Həmin insan modeli də mənsub olduğu mədəniyyətin xarakteri ilə bir ahəng təşkil edir.

      İslam mədəniyyəti bəşər tarixinin yaşamış olduğu bir zirvədir. Bunun səbəbi sağlam bəşəri fitrətin ilahi elm, irfan və hikmətlə təchiz edilməsidir. Millətimizin fitri istedadı ilə mənəvi füyuzatın qucaqlaşaraq eyniləşməsi mükəmməl mədəniyyət nümunəsi meydana gətirmişdir. Bu mədəniyyət nümunəsinin tarixi adı şübhəsiz ki, “Osmanlı”dır.

      Həqiqətən əcdadımız Osmanlı maddi memarlıqla mənəvi memarlığı birlikdə yürüdən, ərazilərin fəthini sırf könülləri fəth etmək naminə həyata keçirən, kamil dünyagörüşünə malik şəxslərdən ibarət idi.

      Osmanlının vəli banisi Osman Qazinin oğlu Orxan Qaziyə və onun şəxsində gələcəyin bütün dövlət adamlarına etdiyi nəsihətlər bunun bir ifadəsidir. O böyük qazi deyirdi:

      “Oğul, bil ki, bizim yolumuz Allah yoludur, məqsədimiz də Onun dinini yaymaqdır. Davamız quru bir qovğa və cahangirlik davası deyil, “ilahi-kəlimətullah”dır, yəni Allahın dinini ucaltmaqdır!..”

      Orxan Qazi də: “Mürüvvət qəzadan əfzəldir!”,- deyərək əsl fəthi könüllərdə gerçəkləşdirməyə üstünlük verirdi. Zahiri fütuhatı könüllərin fəthi ilə əbədiləşdirirdi. Fəth olunan yerlərə ilk növbədə könül əhli, saleh möminləri məskunlaşdırırdı. Onların nümunəvi yaşayışı və halları ilə təbliğləri bölgə xalqının hidayətinə vəsilə olurdu.

       Oğlu Murada belə vəsiyyət edirdi:

      “Osmanlıya iki qitə üzərində hökmdar olmaq kifayət etməz! Çünki ilahi-kəlimətullah davası iki qitəyə sığmayacaq qədər böyük davadır!”.

      Bu vəsiyyəti dinləyən Sultan Murad Avropaya sıçradı, ta Kosovaya qədər irəlilədi.

      Birinci Murad xan nə üçün Bursanın o qədər gözəllikləri, rahatlıqları ola-ola özünə əziyyət verib Kosovaya gedib çıxmışdı? Özünü hansı məqsədə qurban verdi?

      Əlbəttə ki, Həzrət Peyğəmbərə xeyirli ümmət ola bilmək, o bəxtiyar möminlərin arasına daxil ola bilmək, xeyrə dəvət edən ümmət ola bilmək üçün. Allahın bizə “örnək nəsil” olaraq təqdim etdiyi ənsarmühacirlərin izindən getmək üçün...

      Necə ki, əshabi-kiram Mədinə xurmalıqlarını tərk edib, ta Səmərqəndə, hətta Çinə yollanmışdı. Çünki Allah-Təala:

      “Öz əlinizlə özünüzü təhlükəyə atmayın!..” (əl-Bəqərə, 195) buyururdu. Yəni dünyanın bərbəzəyinə və ehtişamına aldanaraq Allahın rizasına nail olma cəhdindən uzaqlaşanlara xəbərdarlıq edirdi. Ona görə səhabeyi-kiram ta Çinə qədər gedib çıxmışdı. Ömər bin Əbdüləziz zamanında İspaniyaya ayaq basıldı. Uqbə bin Nafi Qayravana qədər irəlilədi.Qəlbindəki iman həyəcanını ifadə edərək belə hayqırdı:

      “Ya Rəbb, əgər bu okean olmasaydı, Sənin yolunda cihad edərək qarşıma çıxan torpaqları fəthə davam edərdim”.

      Bütün bu fədakarlıqlar “özünü təhlükəyə atmama” təlaşının təzahürü idi.

      Məhz bu ruhla dünyadakı rahatlığını tərk edib, Allah yolunda səy göstərən Sultan Muradın açdığı cığırla gedənlər də fəth olunan bölgələrə məskunlaşdılar. Bosniyada “xeyirli ümmət” meydana gəldi. Buranın xalqı can-dildən səmimi müsəlman oldu.

      Xülasə, əcdadımızın bütün dərdi “ilayi-kəlimətullah” idi. İnsanlığı İslamın səadət və hüzuruyla tanış etmək idi. Onlar haqqa və xeyrə çağırırdılar. İnsanlığın əbədi qurtuluşu üçün çırpınırdılar.

      Fateh Sultan Mehmed xan Trabzon Rum İmperiyası üzərinə səfərə çıxmışdı. Şəhərə arxadan hücum etmək üçün yolu dağlıq və meşəlik ərazidən keçirdi. Bəzən baltaçılar öndən gedərək ordu üçün yol açırdı. Yolun əlverişsiz olduğu bir yerdə Fatehin atı büdrədi. Fateh yanındakı qayadan tutub müvazinətini saxlamağa çalışarkən əlləri qanadı. Onunla birlikdə səfərdə iştirak edən və bu mənzərəni müşahidə edən Uzun Həsənin anası Sara Xatın fürsətdən istifadə edərək:

      “Oğul, xan oğlu xansan! Böyük hökmdarsan. Trabzon kimi kiçik bir qala üçün bu qədər əziyyətə qatlanmağın rəvadırmı?”,- dedi.

      Uzun Həsən Trabzon Rum imperatoru ilə qohum idi və ona görə də anasını Fatehə elçi göndərmişdi ki, onu bu səfərdən daşındırsın.

      Yaralı əllərindən qan axan Fateh yerindən doğrularaq belə dedi:

      “Ey yaşlı ana, elə bilmə ki, çəkdiyimiz bu qədər zəhmət quru bir torpaq parçası ələ keçirmək üçündür. Bilmiş ol ki, bütün bu əziyyətlər Allahın dininə xidmət üçündür. İnsanların hidayətinə nail olmaq üçündür. Sabah Allahın hüzurunda üzümüz qara olmasın deyədir. Əlimizdə İslamı təbliğ və ucaltmaq imkanları ola-ola, əziyyətə qatlanmayıb nəfsimizin rahatlığını tərcih etsək, bizə qazi deyilməsi rəvadırmı? Əhli-küfrü İslamla tanış etməsək, onların azğınlıqlarına mane olmasaq, ilahi hüzura hansı üçlə çıxarıq?!”.

      Məhz həmin “xeyirli ümmət” fərdiyyətçi zehniyyətin müsəlmana yaraşmadığını, İslam insanının ictimailəşməli olduğunu, könlünün bütün cahanı əhatə etməsinin lüzumuna dair canlı nüminə oldular. Çünki müsəlman dünyanın gedişatından özünü məsul bilməlidir.

      Onlar “xeyirli ümmət”in yetişdirdiyi örnək şəxsiyyətlər idilər. O örnək şəxsiyyətlər həyatın hər mərhələsində İslam şəxsiyyətini nümayiş etdirdilər.

      Həmin xeyirli ümmət memarlıq sahəsində İslam şəxsiyyəti sərgilədi:

      Məsələn, Süleymaniyyə Camesinə baxanda əllərini səmaya açaraq dua edən bir insan silueti görərsiniz. Bu, daşa əks olunmuş bir könül əsəridir... Maddəni məna ilə sintez edən mədəniyyətimizin şahəsəridir.

      Həmin “xeyirli ümmət” başqalarının evini kölgədə qoyacaq, günəşin qarşısını kəsəcək ev inşa etməzdi. Heç kim başqa birinin mənzərəsinin önünə keçməzdi. Bu gün isə yüksək binalar, hətta göydələnlər sanki ruhsuz şəhərlərin məzar daşlarını xatırladır.

      Memarlıq nöqteyi-nəzərindən hansısa bir şahəsərin hər xətti, hər cizgisi, hər ünsürü onun mükəmməlliyini əks etdirdiyi kimi bir mədəniyyətin də hər sahəsi eynilə belədir. Bizim mədəniyyətin mərkəzi “insan” olduğu üçün ondakı mükəmməlliklərin baş tacı da meydana çıxardığı “insan modeli”dir.

      Xeyirli ümmət insanlıqda İslam şəxsiyyəti sərgilədi:

      Bir evdə xəstə olanda pəncərənin önünə qırmızı saxsı qoyulardı. Səyyar satıcılar belə ordan səssiz keçər, məhəllənin uşaqları da narahat etməmək üçün başqa məhəllələrdə oynayardılar.

      Onların bu könül tərbiyəsi hansı təlim sisteminin əsəri idi? Bu tərbiyəni zəmanəmizdə hansı pedaqoq, hansı psixoloq, hansısosial antropoloq verə bilər?..

      Bu gün toylarda, bayramlarda havaya atılan fişənglərlə, gurultuya səbəb olan partlayıcılarla bir qrup insanın əyləncəsi üçün -o gurultudan narahat olan körpələr, hamilələr, xəstələr, yas sahibləri düşünülmədən- bütün cəmiyyətin haqqına girilir.

      Halbuki əcdadımız olan “xeyirli ümmət” bir qarışqanı belə incitməkdən çəkinən həssas ruhlu insanlar idi.

      Zikrinə mane olmamaq üçün bir gülü belə qopartmağa qıymayan incə qəlbli Hüdayilərimiz, bir qarışqaya belə şəfqət nəzəriylə baxan və “Yaradılanı sevəriz, Yaradandan ötrü” deyən dərin duyğulu Yunuslarımız vardı.

      Bizim Sinanlarımız, Qarahisarilərimiz, Füzulilərimiz vardı. Müsəlmanın könül dünyasının gözəlliyini, estetikasını, zərifliyini, ehtişamını bütün dünyaya əks etdirən abidə şəxsiyyətlərimiz vardı.

      Bu millət Mövlanaların, Yunusların, Gilanilərin, Nəqşbəndilərin, Hüdayilərin, Fatehlərin, Ağşəmsəddinlərin, Yavuzların nəslidir. Bizim mədəniyyətimiz fəzilətlər mədəniyyəti idi. Biz də həmin mədəniyyətin bugünkü davamçısı olmaq məcburiyyətindəyik.

      Arif Nihat Asyanın “Nət”ində dediyi kimi:

      Ürəklərdən daşsın

      Yenə imanlar!

      İtri bəstələsin təkbirini,

      Övliya oxusun Quranlar!

      Və Quranı göz nuruyla çoxaltsın

      Qayışzadə Osmanlar!

      Nətini Qalib yazsın,

      Mövludunu Süleymanlar!

      Sütunları, kəmərləri, qübbələriylə,

      Geri gəlsin Sinanlar!..

      Tarix boyu o xeyirli ümmət varlığını davam etdirdiyi müddətdə daima cəmiyyət səadət və hüzur içində yaşadı.

      Bu gün isə qəlblərə və zehinlərə liberal sistemin “qoy etsin, qoy keçsin, qarışma” ablayışı nəticəsində nəfsə yol açan axirətsiz dünya anlayışı təlqin olunur.

      Dünyəvi imkanların zirvədə olduğu zəmanədə yaşayırıq. Lakin ruhlar xəstə, könüllər acdır. Mənəvi aclıq səbəbindən bəşəriyyət pərişan haldadır...

      Halbuki əsri-səadətə baxdığımız zaman dünyəvi imkansızlıqlara rəğmən hər hansı bir ruhi böhranla qarşılaşmırıq.

      Çünki onlar əsl hüzur və səadətin mənasını qavramışdılar. Əsl həyatın axirət həyatı olduğunu idrak etmişdilər..

      Bu gün yenə “əsri-səadət” ümməti kimi “xeyirli ümmət” olmağa cəhd etmək məcburiyyətindəyik...

      Rəsulullah r belə buyurur:

      “Ümmətim yağışa bənzəyir, əvvəlinin, yoxsa axırının xeyirli olduğu bilinməz” (Tirmizi, Ədəb, 81).

      Allah-Təala hər birimizə bu bərəkətli yağışın xeyirli bir damlası ola bilməyi nəsib etsin!

      Haqq-Təala ayeyi-kərimədə buyurur:

      Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olarlar…” (əl-Maidə, 54).

      Ümmət olaraq qeyri-müslimlərə və din düşmənlərinə qarşı daim izzətli və vüqarlı olmaq, İslam şəxsiyyəti, müsəlman duruşu sərgiləmək məcburiyyətindəyik.

      Allah-Təala ibadətdə belə bizdən şəxsiyyət istəyir. Bizə namazın hər rükətində oxuduğumuz Fatihədə belə buyurur:

      صِرَاطَ الَّذ۪ينَ اَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالّ۪ينَ

      Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!” (əl-Fatihə, 6-7).

      Bu ayeyi-kərimələr bizə bir müsəlmanın sahib olacağı şəxsiyyət və xarakteri xatırladır. Müsəlmanın hər xüsusda öz könül iqlimində yaşamasının zərurətini bildirir.

      Rəsulullah r Bəni-İsrailə bənzəməyək deyə 10 Məhərrəm orucunda belə bir gün əlavə etmək surətiylə İslamın izzət və şərəfini qorudu, dinin etibarını zədələməməyə diqqət yetirdi. …

      Təəssüflər olsun ki, bu gün qlobal çapda baş verən mədəni istila və kapitalist, materialist, liberal zehniyyətin mənəvi dəyərlərimiz və eyni zamanda şəxsiyyətimiz üzərində səbəb olduğu böyük təxribat hər kəsə məlumdur...

      Televizorun nəfsaniyyəti təhrik edən təlqinləri, internetin yanlış ünvanları, aldadıcı reklam və modaların mənfi şərtləndirmələri yetişməkdə olan yeni nəsilləri bir növ qlobal mədəniyyətin barmağında oynatdığı robota çevirir. Bizim insanımızı alır, daxili dünyasını boşaldır, öz dəyərlərini hiyləgərcəsinə ona yeridir və başqa dünyaların insanına çevirir.

      Yeni nəsillər eqoist və mənfəətpərəst cəmiyyət kimi yetişdirilir. İmanlar zəifləyir, əxlaq və fəzilət duyğuları zay olur, mərhəmət, şəfqət və insanlığa əlvida deyilərək eynilə bir robot kimi duyğusuz və nadan insan modeli ortaya qoyulur. Cəmiyyətdə mənəvi hüzur və səadətin yolları sanki şüşə qırıqları ilə dolur. Mənəvi hüzurumuza zəhər saçılır.

      Təəssüf ki, bu gün cəmiyyət mənəvi cəhətdən səyyar xəstəxanaya bənzəyir. Epidemiyaya çevrilən fəsadın qarşısını almaq, bu təhlükəli gedişat qarşısında dirənə bilmək və İslam şəxsiyyətini mühafizə edərək müsəlmana yaraşan bir duruş sərgiləyə bilmək üçün bu gün könül aləmimizi inkişaf etdirərək mənəvi dəyərlərimizdən daha möhkəm yapışmaq məcburiyyətindəyik.

      Allah-Təala lütf-kərəmi ilə hər birimizə yaxşılığı əmr edib pislikdən çəkindirən “xeyirli ümmət” ola bilməyi ehsan eyləsin.

      Amin!..

       


      [1] İbn Əbi Şeybə, Musannəf, VIII, 153.

       

      • Hits: 764 clicks

      Tecox component by www.teglo.info