İlham SOVQATOV / Qəlbin mərəzləri

    PDF faylını alÇapE-poçt

      Share

      İnsanı yaşadan ürəkdir. Əgər ürək öz fəaliyyətini dayandırsa, insan ölmüş sayılır. Bəlkə də dünyada ən gözəl nemət elə ürəkdir. Ancaq biz adətən, dəyərli orqan kimi gözü götürürük. Dünyada ən dəyərli nemət gözdür. Bəli, insana Allah tərəfindən bəxş edilən hər bir orqanın, hər bədən üzvünün öz yeri, öz dəyəri var. Ancaq mənə elə gəlir ki, ürəyin dəyəri digərlərindən üstündür.

       İnsanın gözü kor, qulağı kar olsa, ağlını, qolunu, ayağını itirsə, yenə də yaşaya bilər. Ancaq insan ürəyini itirsə, yaşaya bilməz. Ürəyi dayansa, həyatı, yaşamağı dayacanaq. Deməli, ən dəyərli nemət ürəkdir. Ürəkdən xəstə olanlar yarımcandırlar. Daima pəhriz saxlamaq, özünü qorumaq məcburiyyətindədirlər. Həyəcan, əsəb, nigarançılıq kimi hallar ürəyə ziyandır və ürək xəstəliklərinin artmasına səbəb olur. Ona görə də ürəkdən muğayat olmaq labüddür.

      Bu yanaşma maddi nöqteyi-nəzərindən idi. Bir də ürəyin mənəvi cəhəti var. Biz ürəyi maddi xəstəliklərdən qoruduğumuz kimi, mənəvi xəstəliklərdən də qorumalıyıq. Hətta mən deyərdim ki, ürəyin mənəvi xəstəliyi maddi xəstəlikdən daha təhlükəlidir. Çünki yer üzündə bütün haqsızlıqların, günahların meydana gəlməsi ürəklərin mənəvi cəhətdən xəstə olmasından qaynaqlanır. Mənəvi cəhətdən qəlbin (bundan sonra ürək yerinə “qəlb” ifadəsini işlədərik) “xəstə”liyinə mərəz deyilir. Biz Qurani-Kərimdə və Peyğəmbərimizin hədisi-şəriflərində də “qəlb” ifadəsinə çox rast gəlirik. Allah-Təala Qurani-Kərimdə inanmayanların qəlblərində mərəzin olduğunu və Allahın da onların mərəzini artırdığını bildirir: “Onların ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifaq) mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!” (Bəqərə, 10).

      Mərəz sözü xəstəlik, naxoşluq, azar mənasındadır. Qəlbin mərəzlərini bu cür sıralamaq olar: şəkk-şübhə, şirk, küfr, qəflət, cəhalət, şəhvət, hərislik, ehtiras, nifaq, təkəbbür, həsəd, paxıllııq, kin-küdurət, nankorluq, inadkarlıq və s.

      Qəlb xəstəliklərinin başında gələn sərtlik, qabalıq, kobudluqdur. Xalqımızın dediyi kimi, “daş ürəkli” olmaq da bu sərtlikdən irəli gəlir. Ancaq çox maraqlıdır ki, Quranda qəribə bənzətmə edilmişdir. Allah-Təala qəlbi daşla müqayisə etmiş və qəlblərin daş kimi və daha da qatı olduğunu vurğulamışdır. Bundan əlavə, daşların içərisindən çayların fışqırdığını da misal gətirmişdir. “Bəqərə” surəsinin 74-cü ayəsində belə buyurulur: “Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən çaylar axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan (uca yerlərdən, dağda) yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!” Bu ayədən belə başa düşülür ki, qəlb sərtləşərsə, daşdan da sərt olur. Yəni qəlbə heç nə təsir etməz.

      Digər qəlb mərəzlərindən ən təhlükəlisi də təkəbbürdür. Özünübəyənmə, lovğalıq da qəlbi qatılaşdırır, mərhəmət, riqqət və digər ülvi duyğuların qəlbə girməsinə mane olur. Qəlbində təkəbbür olan kəs heç bir zaman digərlərinə mərhəmət etməz, sadəcə özünü düşünər, insanlara xor baxar. Məzlumun ahı, yoxsulun qəmgin baxışı, yetimlərin möhtac əlləri onun qəlbini riqqətə gətirməz. Çünki bu cür insanların qəlbi Allah-Təalanın Quranda vurğuladığı əvəzolunmaz təşbihində deyildiyi kimi, daşa dönmüşdür. Daha da sərtləşmişdir.

      • Hits: 1197 clicks

      Tecox component by www.teglo.info