Kamal SƏLİMOV "Müəllimlər Günü"

    PDF faylını alÇapE-poçt

      Share

      Nəzər salaq gələcəyə, keçmişə

      Bəxş edibdir hər yetənə bir peşə.

      Böyük aqillər də deyib həmişə,

      Ən yüksək, şərəfli addır müəllim.

                                                                 

      Hər birimizə məlum olduğu kimi 5 oktyabr beynəlxalq  müəllimlər günüdür. Beynəlxalq müəllimlər günü ilk dəfə 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən “Ümumdünya Müəllimlər Günü” kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə “Müəllimlər günü” qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə 24 noyabr tarixləri “Müəllimlər Günü” kimi qeyd olunur.

      Bu, o şəxslərin günüdür ki, xalqın nicat tapması, qaranlıqdan aydınlığa çıxması üçün gecə gündüz çalışırlar. “Müəllimlər günü” haqqında yazmaq həm şərəflidi, həm də məsuliyyətli. Çünki onlara, onların gördükləri işə nə qədər təriflər söyləsək yenə də azdır xidmətləri qarşısında. Bir həkim düşünün hansı ki, sizin sağlamlığınızın keşiyində durur onu da  müəllim yetişdirir. Bizə dinimizi öyrədən Peyğəmbərimiz (s.ə.s) bütün müsəlmanların müəllimi deyilmi?! Hansı peşə sahibini müəllimlər yetişdirmir ki?!

      Kimdir əsl müəllim?  Əsl müəllim yalnız bizə elm öyrədən deyil. O bizə həyatı, insanları, doğru-dürüst olmağı öyrədən şəxsdir. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşə olduğundan insanlar həmişə müəllimə hörmətlə yanaşmışlar. Müxtəlif dövrlədə minlərlə müəllim əməyi milləti cəhalətdən qurtarmış, müharibələrin qarşısı alınmış, insanlığı tərəqqiyə aparmışdır. Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Bu əməyin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Müəllim həmçinin şagirdlərinin mənəvi atası, anası funksiyasını daşıyır. Onların kədəri ilə kədərlənir, sevinci ilə sevinir. Yetişdirdiyi şagirdlərinin uğurları ilə hər zaman qürur duyur. Bütün bu sadaladıqlarımız peşəsinə sadiq, daşıdığı  adının məsuliyyətini layiqincə dərk edən müəllimlərin xüsusiyyətləridir. L.N.Tolstoya görə, öz işini sevən müəllim yaxşı müəllimdir, bununla yanaşı uşaqları və fənnini sevən müəllim isə əla müəllimdir.

        İllər öncə bizdən yaşca böyüklərdən  belə bir ifadə eşidirdim: “Biz orta məktəbdə oxuyarkən elə zənn edirdik ki, müəllimlər yemək yemir, su içmir hətta yuxu belə yatmırlar”. Düşünürmüşlər ki, müəllim adi insan ola bilməz. Müəllim hər şeyi bilir. Sözün ən doğrusunu o söyləyə bilər.

      Tarixi vərəqləyəndə görürsən ki, hər dövrdə layiqli müəllimlər olub. Həmin müəllimlər öz işlərini layiqincə yerinə yetirdikləri üçün tarix onları öz yaddaşına həkk etmişdir. Buna misal olaraq Şəmsin tələbəsi olmuş, ondan “həqiqət dərsini almış” Rumini və bu kimi bir çox dahiləri yetişdirmiş müəllimləri göstərmək olar.

      Biz də “İRFAN” jurnalı olaraq hamıya ömürlərindən pay verən müəllimlərimizə hər zaman can sağlığı, üzlərində təbbəssüm arzu edirik. Bayramınız mübarək, əziz müəllimlərimiz!

      • Hits: 934 clicks

      Tecox component by www.teglo.info