Xəbər

    PDF faylını alÇapE-poçt

      Share

      Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıda rəsmi səfərdə oldu

      Türkiyənin baş naziri Əhməd Davudoğlu sentyabrın 19-da Bakıya rəsmi səfərə gəlib. Səfər proqramına Cənubi Qafqaz qaz dəhlizinin təməlqoyma mərasimində, həmçinin “Azəri-Çıraq-Günəşli” neft müqaviləsinin imzalanmasının 20 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak, eləcə də Azərbaycan rəhbərliyi ilə danışıqlar nəzərdə tutulurdu. 

       Səfər çərçivəsində Azərbaycan  Respublikasının Prezidenti  İlham Əliyev və Türkiyə Respublikasının  Baş naziri Əhməd Davudoğlunun təkbətək görüşü olub. Görüşdən sonra  Prezident İlham Əliyevlə keçirdikləri mətbuat konfransında Türkiyənin baş naziri Əhməd Davudoğlu  qeyd edib ki, " Türkiyə üçün çalışdığımız qədər Azərbaycan üçün də çalışırıq. Azərbaycan bizim üçün bir eşqdir, bir sevda, bir məhəbbətdir" deyən baş nazir iki ölkə arasında gözəl bir ənənə olduğunu ifadə edib: “Son 10-12 il ərzində qarşılıqlı çox əhəmiyyətli layihələr inkişaf etdirdik. Türkiyənin müvəffəqiyyəti Azərbaycanın müvəffəqiyyəti, Azərbaycanın müvəffəqiyyəti isə Türkiyənin müvəffəqiyyətidir. Ətraf bölgələrə, dünyaya baxdıqda iki müvəffəqiyyət hekayəsi istənilsə, Yaxın Şərqdə, Qafqazda, bütün Avrasiyada Türkiyə və Azərbaycan iki müvəffəqiyyət hekayəsidir. Bu, iki qardaşın çiyin-çiyinə davam edən müvəffəqiyyət hekayəsidir”.

      Qarabağ probleminə də toxunan Davudoğlu Azərbaycan torpaqlarının hər bir qarışı işğaldan azad olunana qədər Türkiyənin Azərbaycanın yanında olacağını bildirib. “Beynəlxalq hüququn tələbi yerinə yetirilənə qədər Türkiyə ilə Azərbaycan çiyin-çiyinə bölgəni sülh bölgəsi etmək üçün əlindən gələni edəcək. Azərbaycana yönələcək hər cür mənfi münasibət Azərbaycanda olduğu qədər Türkiyədə də eyni reaksiyanı görür. Təəssüf ki, bəzi ölkələr hələ bu əməkdaşlığı anlamırlar”.

      Davudoğlu Ermənistan bu qeyri-konstruktiv mövqeyini davam etdirdiyi müddətcə bölgədəki layihələrdən kənarda qalacağını söyləyib. Baş nazir həmçinin, Azərbaycan Ermənistan sərhəd bölgəsində baş verən qarşıdurmalarda şəhid olan Azərbaycan əsgərlərinə Allahdan rəhmət diləyib.

       Həmçinin Ə.Davudoğlu qeyd edib ki, “Azərbaycan və Türkiyə hazırkı təxminən 5 milyard dollarlıq ticarət dövriyyəsini 2023-cü ilə qədər 15 milyard dollara çatdırmaq niyyətindədir. Bütün bunlarla yanaşı Azərbaycanla qarşılıqlı investisiyaların da artırılması hədəflənir”.

      Səfər çərçivəsində rəsmilər mərhum prezident, ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Türkiyə Respublikası Baş naziri Əhməd Davudoğlunun rəsmi səfəri sentyabr ayının 20-də başa çatıb. Türkiyə Respublikasının Baş nazirini hava limanında  Azərbaycan Respublikasının baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola salıblar. Qeyd edək ki, səfərdə Əhməd Davudoğlunu həyat yoldaşı Sare Davudoğlu, baş nazirin müavini Yalçın Akdoğan, enerji və təbii ehtiyyatlar naziri Taner Yıldız, təhsil naziri Nabi Avcı və başqaları müşayiət edib.

      Azərbaycan və Türkiyə ordusundan irimiqyaslı təlimlər

      Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 13-dən 20-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, o cümlədən Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin cəlb olunması ilə mərhələli surətdə irimiqyaslı əməliyyat-taktiki və komanda-qərargah təlimləri keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə birinci mərhələdə kəşfiyyatın bütün növlərinin, Xüsusi Təyinatlı Qüvvələrin, Hərbi Hava Qüvvələri, o cümlədən hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyəti və uzlaşma məsələləri öyrənilib. 

       İkinci mərhələdə Quru qoşunlarının birləşmə və hissələri müxtəlif şəraitlərdə, o cümlədən dağlıq ərazidə hücum əməliyyatının təşkili və aparılması, taktiki hava desantının, reyd və ön dəstələrin tətbiqi, əməliyyatların hərtərəfli təminatı üzrə tapşırıqları yerinə yetiriblər. Göstərişə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 10 min nəfərədək hərbi vəzifəli təlim toplanışına cəlb edilib. Döyüş hazırlığı çərçivəsində onlarla silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə tədbirlər keçirilib. 

      Üçüncü mərhələdə təlim mərkəzləri və poliqonlarda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunaraq, praktiki raket buraxılışları və bombalama həyata keçirilib. Təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq zirehli texnika, raket və artilleriya qoşunlarının 150-dən çox qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək təyyarəsi və 15 helikopteri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket briqadaları cəlb edilib.

      • Hits: 779 clicks

      Tecox component by www.teglo.info