Rüstəm HUDULOV / GƏNCLİK

    PDF faylını alÇapE-poçt

      Share

         Gənclik bir millətin ümidi, güvənci və gələcəyidir. Gəncliyini pərişanlığa sürükləyən bir millət ümidini, güvəncini və istiqbalını itirmiş olur.

         Varlığını əbədiləşdirmək istəyən hər millət, hər tərəfli qüvvə və gücə, güclü, möhkəm iradəyə malik bir gəncliyə sahib olmalıdır. Yer üzündə Allahın iradəsini hakim qılmaqla vəzifəli olan müsəlman milləti özünə, inanclarına və müqəddəs dəyərlərinə bağlı bir gənclik yetişdirməyə başqa millətlərdən daha çox məcburdur və qurtuluş istəyirsə, mütləq bunlara yiyələnməlidir.

         Bu gün açıq-aydın görürük ki, dünya gəncliyi böyük bir pərişanlıq içərisinə düşmüşdür. Geyim və qiyafə, baş və ruh, quruluşu etibarilə viranəliyə çevrilən bu gənclik anarxiya ilə qol-boyun olmuş, silaha, kinə və nifrətə bürünmüşdür. Dəli-dəli əyləncələr, soyğunlar, bihuşedici maddələr, içkilər, qumar, şəhvət və modalar dünya gəncliyinin ruhunu oğurlayıb aparmış, şəxsiyyətini yandırıb külə döndərmişdir.

         Ürək ağrısı ilə bildirməliyik ki, bizim gəncliyimizə də bu pərişanlıq gəlib çatmış, gəncliyimizin ruhunu dondurmuşdur. Gəncliyimizin ruhu baharda açan çiçəklərin şiddətli bir şaxta ilə solması kimi solmuş, məhv olub getmişdir. İllərdən bəri könüllərinə iman, Quran və İslam, məscid və insanlıq sevgisi, ədəb və həya, elm və fəzilət doldurmadıq deyə onun yerinə qumar, içki, narkotik maddələr, şəhvət və modalar daxil oldu. Evimizdə, iş yerimizdə, küçəmizdə, yolumuzda, məktəbimizdə, gözlərimizin önündə həya pərdəsi yırtılmış, hörmət duyğusu silinmiş, müqəddəs dəyərlərə hörmətsiz, nəfsin köləsi, şeytanın oyuncağı olan bir gənclik əmələ gəlmişdir. Könlündəki min bir fırtınası ilə sarsılan bu gənclik başqasının yox, bizim gəncliyimizdir.

         Belə olan halda, gəncliyimizi bu hala salan nədir? Bu acı mənzərənin məsuliyyət daşıyanları kimlərdir? Gəncliyimizi yenidən özünə, ruhuna dönməyi təmin edəcək çarə nədir? Yad və bayağı musiqi ilə onların dərdinə dərmən ola bilmək mümkündürmü? Gəncliyin məsələlərinə ciddi olaraq girişmək istəyən hər bir şəxs bu sualların cavabını aramalıdır.

         Sevimli Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifdə belə buyurmuşdur:

         “Uşaqlarınıza yaxşı baxın, (onlara ikram edin) və onları gözəl tərbiyə edin” (İbn Macə, Ədəb, 3).

          Peyğəmbərimizin (s.ə.s) bu və buna bənzər xilasedici əmrlərinə baxmayaraq, biz müsəlmanlar uzun illərdir ki, gənclərimizə qarşı borcumuz olan İslami tərbiyə vəzifələrimizi yerinə yetirmədik. "Mədəniyyət", "modern", "müasirlik", "inkişaf etmiş" sözlərinin arxasına sığınaraq, gənclərimizə bizə aid olmayan hər cür cılız və yüngül təqlidçiliyi, oxşatmaları öyrətdik. Onlara müsəlmanın necə yaşamasının lazım olduğunu öyrətmədik, amma bütün dərinliyi və həyassızlığı ilə qərb və modern yaşayış tərzinin onların beyinlərinə yeriməsinə göz yumduq.

         Bu acı həqiqətlərin əksini söyləyə bilmək mümkündürmü? Xeyr! Qətiyyətlə bilin ki, dünya həyatının bəzəyi olan mal və oğullarımız bizim üçün bir imtahan vəsiləsidir.

         Müqəddəs kitabımız Qurani-Kərimdə Uca Allah bu həqiqəti belə xəbər vermişdir: “Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız (sizin üçün) ancaq bir imtahandır. Ən böyük mükafat (Cənnət) isə Allah dərgahındadır!” (Təğabun, 15).

         O halda, övlad imtahanından üzüağ çıxmaq və böyük mükafatı qazanmaq üçün onlara əsl İslami tərbiyə verməkdən başqa yolumuz yoxdur. Bu baxımdan əgər, həqiqətən, gəncliyi xilas etmək istəyiriksə, önümüzdə ikincisi olmayan tək bir yol vardır. Bu yol gənclərimizə addım-addım Allahın son elçisi Hz. Muhəmmədin (s.ə.s) yolu ilə getməyi təmin edəcək imanı və elmi verməkdir. Elmlərin və ülvi dəyərlərin qaynağı İslam və Qurandır. Gənclik sadəcə İslam və Quranla xilas ediləcəkdir.

          Ey ömrün, həyatın və qismətin yeganə bəxşedicisi olan Allah, sən bizi öz istədiyin gəncliyi yetişdirmək və ona sahib olmaq səadəti ilə müjdələ. Amin!

      • Hits: 828 clicks

      Tecox component by www.teglo.info