Əziz SULTANOV / MİNMİŞİK ƏLAMƏTƏ, GEDİRİK QİYAMƏTƏ...

    PDF faylını alÇapE-poçt

      Share

          Hər şey bir nəfərlə başladı. Bir nəfər, daha sonra isə bir ailə... Dünya həyatı dediyimiz insanlıq tarixinin ilk səhifəsində yer alan bir nəfər... Onunla başladı insanoğlu hər addımında, hər nəfəsində qiyamətə tərəf gedən yolçuluğuna. Müqəddəs Kitabımızın da bildirdiyi kimi: 

          “Ey insanlar! Sizi bir tək nəfərdən yaradan və ondan da zövcəsini xəlq edən, ikisindən bir çox kişi ve qadını meydana gətirib yayan Rəbbinizə qarşı gəlməkdən çəkinin...”. Görəsən, Adəm babamız yer üzünə endiriləndə hansı çətinliklərlə qarşılaşdı. Heç düşündünüzmü, ilk dəfə nə yedi, qarnını doydurmaq üçün nələrin dadına baxdı, nə cür əziyyətlər çəkdi? Yeriyəndə ayaqlarına tikanlar, daşlar batdıqca nə hisslər keçirdi? Vəhşi heyvanların səsini eşidəndə, onlarla qarşılaşanda özünü qorumaq üçün nəyə əl atdı, haralara sığındı? İndiki zəmanədə bizə belə bir həyat asan görünür. Odlu silahlarımız, gecə işıq salan fənərlərimiz, hər an yardım çağıra biləcəyimiz telefonlarımız, bizə sürət qatan, hətta yeri gələndə uçuran vasitələrimiz... Yəqin ki, öz həyatımız bizə daha rahat görünür. Heç birimiz gedib o dövrdə yaşamaq istəməzdik. Bəlkə, bir də medalyonun o birisi üzünə baxaq?! Bəlkə də, Adəm babamızın özündən soruşsaq və ona bugünkü çətinliklərimizi danışsaq, deyərdi ki, elə öz zəmanəm daha yaxşıdır, daha sərfəlidir, daha ucuz və daha sadədir. Hər gün işə gedib pul qazanmaq məcburiyyəti yox, kirə yox, tıxac yox, stress yox, kredit və borclar yox, rüşvət yox, istismar yox, bir ömür apteklərin qapılarını aşındırdığımız xəstəliklər yox və s. Görəsən, hansımızın dünya həyatı daha çox əziyyətli sayılır? Və ya bir az daha yaxın zəmanəyə gələ bilərik. Quldarlıq dövrü, feodalizm dövrü...

          İnsanlar təkəri kəşf edəndə bütün problemlərinin həll olacağını düşünürdülər. Ancaq problemlər bitmədi, sayı artdı, forması dəyişdi. Enerji qanunu kimi bir haldan başqa hallara keçdi. Həyat dərdi bitmədi, şəkil dəyişdi. İnsanın zəif olma həqiqəti heç dəyişmədi. Əvvəllər hər insanın bədənində mütləq qılınc yarası, bıçaq kəsiyi, daş əziyi olurdusa indikilərin də hamısında iynə yeri var, dərman acısı var. Əvvəllər insanlar bəzi yoluxucu xəstəliklərdən kütləvi şəkildə məhv olurdusa, indi də kütləvi qırğın silahları vasitəsilə yığın-yığın məhv olurlar. İnsan öz rahatı üçün çox çalışdı, amma ölümsüzlüyü hələ də əldə edə bilmədi. Əvvəllər bir kimsə evindən sağ-salamat yola çıxıb geri qayıtmazsa, fikirləşərdilər ki, yəqin yolda aslana, canavara və ya yolkəsənin birinə rast gəlib, axırına çıxıb. Zəmanə dəyişdi, insan özünü vəhşi heyvanlardan qorumağın çox gözəl yollarını tapdı. Ancaq səhər evdən çıxanın axşama sağ qayıtma etibarını hələ də əldə edə bilmədi. Nəticə dəyişmədi, sadəcə yorumlar, fikirlər dəyişdi. İndikilər evə qayıtmayanda fikirləşir ki, görəsən, yolda bir qəzamı baş verdi, hansı mərdi-məzara rast gəldi? Əvvəllər çox sadə hallarda  qızdırma, soyuqdəymə, ishal və s. yüngül xəstəliklərlə mübarizədə bir çox kimsə həyatla vidalaşırdı. İndi tibbin inkişafı ilə bunlar bir-iki dərmanla aşılan yüngülvari narahatçılığa çevrildi. Bunun əvəzində isə yenə də insanı məğlub edən xəstəliklər, şəkər, xərçəng və adını bilmədiyimiz necə müxtəlif viruslar ortaya çıxdı.

          Xülasə, hər dövrün öz çətinliyi, öz problemləri var. Bunun kimi hər təbəqədən insanın da özünə yetərli miqdarda dərdi-tasası var. İlahi ədalətdir bu, hər dövrdə və hər yerdə yaşayan insanoğlunu eyni imtahana tabe tutan ilahi tərəzi durmadan öz işini yerinə yetirir. Mal-mülk durmadan əl dəyişir, əldən-ələ keçib haldan-hala düşür. Dünyanın evsiz, yurdsuz ən kasıb insanını bir tısbağa ilə bir yerdə bir laboratoriya otağına gətirə bilsək və desək ki, elm çox inkişaf elədi, gücümüz çatar, gəl səni bu tısbağa il yerdəyişmə eləyək. Evi də hazırdır, bir ömür belində daşıyıb içindən heç çıxmayacaqsan. Heç bir şəkildə bu yerdəyişməyə razı olmaz. Demək ki, nə qədər də çətin vəziyyətdə olsaq, hələ də şükür edəcəyimiz çox şeyimiz var. Bu uzun dünya həyatının, insanlıq tarixinin harasında olursaq olaq bizə düşən zaman payının çox az olduğunu bilmək və bunu ən ideal şəkildə işlədərək bizə veriləcək olan daha uzun zamana yatırım eləmək ən karlı düşüncə olardı. Həzrət Adəmin o dünyada itirdiyi cənnəti biz bu dünyada tapa bilmərik, çünki o, hələ də o dünyadadır. Hər saniyədə ya oraya yaxınlaşırıq, ya da bir az daha uzaqlaşırıq. Bu zaman səyahətində bizdən əvvəlkilərin halını da açıqlayan bir ayədə də belə buyurulur: “Şübhəsiz ki, səndən əvvəlki ümmətlərə də peyğəmbərlər göndərdik. Bizə dönsünlər, yalvarıb doğru yola gəlsinlər deyə onların başına darlıq və sıxıntılar gətirdik”.

          Nəticə olaraq hansı zaman, hansı məkan, hansı vasitələr olursa olsun, hər şey bizi yaradanın hüzuruna aparmaq üçün səfərbər olunub, o diriliş və hesab gününə: qiyamətə. Əvvəlkilərin qazandıqları özlərinə, bizim qazandıqlarımız da bizə. Kimi umduğuna qovuşmaq üçün səbirsizlənir, kimi də ummadığı ilə qarşılaşıb... Türklərin məşhur bir sözü var, necə deyərlər: minmişik əlamətə, gedirik qiyamətə.

      • Hits: 741 clicks

      Tecox component by www.teglo.info