Rüfət ŞİRİNOV / QARABAĞ ATLARI

    PDF faylını alÇapE-poçt

      Share

          Bütün mədəniyyət və incəsənətlər öz dəyərləri ilə məşhur olur və yaşayır. Azərbaycan mədəniyyətinin də özünə məxsus bir çox dəyərləri vardır. Bu dəyərlər vasitəsilə dünya Azərbaycanı daha yaxından tanıyır, sayır və sevir. Mədəniyyətimizi dünyaya tanıdan dəyərlərimizidən biri də, məhz  “Qarabağ atı” kimi məşhur olan at cinsidir.

          Bu sayıdakı məqaləmizi Qarabağımızı unutmamaq və daha yaxından tanımaq üçün, məhz bu bölgəyə məxsus at cinsi ilə əlaqəli araşdırmaya ayırmaq istədik.

          Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Hazırda Azərbaycan Respublikasında milli at cinsidir. Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ zonası olub. Ən yaxşı atlar Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılıb. Hazırda “Ərəb”, “Don”, “Budyonnı” kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur.

          Qarabağ atının adi yerişi saatda 8 kilometrdən çoxdur. Qarabağ atı tipik dağ minik atıdır. Bu atların əsas yeriş forması çaparaq yerişdir. Yerişi geniş və cəld, bütün hərəkətləri çevikdir. Qarabağ atı hündür, çevik, hərəkəti səlis, bədən quruluşu möhkəmdir. Minik atıdır. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boyu orta uzunluqda, hətta bir qədər də gödək və hündür duruşludur. Qarabağ atı daha dözümlüdür və yemə qarşı tələbkar deyil. Qarabağ atını başqalarından fərqləndirən əsas cəhət limona çalan, sarı-qızılı, yaxud parlaq narıncı rəngidir. Yalnız Qarabağ atlarına məxsus olan bu orijinal çalardan kürən, qızılı kəhər, qızılı qonur rəngli atlar da yaranıbmış. Xarakterik nişanlarının biri ayaqlarını müxtəlif dərəcədə səkil (ağlıq), alnının təpəl (qaşqa) olmasıdır.

          Araşdırmaçılar güman edirlər ki, Qarabağ atları Manna, Midiya, AtropatenaAlbaniya atlarının nəslindəndir. Qarabağ atları əsrlər boyu Roma, Sasani, Ərəb, Səlcuq, Monqol, İran və s. atlar ilə qarşılıqlı təsir nəticəsində müəyyən dəyişikliyə uğrasa da, öz cinsini qoruya bilmişdir. XVIII-XIX əsrlərdə Qarabağ atlarının cinsi xeyli yaxşılaşdırılmışdır. Qarabağ atları Türkiyə, İran, Gürcüstan, Şimali Qafqaz, Rusiya, Qazaxıstan, və eləcə də, Qərbi Avropa atçılığına böyük təsir göstərmişdir.

          Qarabağ atlarını əsasən 4 əsas tipə bölürlər: Əlyetməz (Ceyran), Qarnıyırtıq, Maymun və Toxmaq. Amma Qarabağ atları arasında nadir cinsə malik olanları da var. Qarabağ atlarının süysününün hündürlüyü 148,5 santimetr, döş qucumu 165,8 santimetr, əldarağının çevrəsi 18,3 santimetrə qədərdir.

           Qarabağ atları yüksək qaçış sürəti ilə də seçilir. Rekord sürət Ağdam Atçılıq Zavodunda yetişdirilən Sumqanda adlı at tərəfindən 1600 metr məsafəni 1 dəqiqə 54 saniyəyə (50.52 km/saat), 2400 metr məsafəni isə 2 dəqiqə 52 saniyəyə (50.23 km/saat) qaçmaqla qeydə alınıb. Bu, dünya rekordundan (70.76 km/saat) təqribən 20 km/saat azdır.

          Qarabağ atının yorulmaq bilməyən sürətli yerişi və digər müsbət keyfiyyətlərinə görə nəinki Rusiyada, habelə Polşa, İngiltərə, Fransa kimi Avropa ölkələrində də həvəskar müştəriləri var.

          Qarabağ atları bir sıra beynəlxalq sərgi və müsabiqələrdə fəxri yer tutmuş, mükafatlar və medallar qazanmışdır. Müsabiqələrdə Qarabağ atları "Meymun", "Toxmaq", "Ağalar", "Bayram", "Zaman", "Qaragözlü", "Qafqaz gözəli" və s. adlar altında iştirak etmiş və dəfələrlə qalib gəlmişdir

          Sovet İttifaqının dağılması və Azərbaycanın müstəqillik qazanması qansız-qadasız qurtarmayaraq bu günümüzə qədər davam edən Qarabağ müharibəsi ilə təzahür etdi. Bu müharibədə dinc əhalimizin kütləvi soyqırımı, milyona qədər qaçqın və məcburi köçkünlər ordusunun yaranması ilə yanaşı, ölkənin təsərrüfat sisteminə, o cümlədən atçılığa da ağır zərbə vurdu. 1993-cü ilin avqust ayında Ağdam Atçılıq Zavodu erməni təcavüzkarları tərəfindən işğal edildi. Erməni qoşunları rayonun ərazisinə soхulan zaman onları ilk növbədə maraqlandıran obyektlərdən biri məhz atçılıq ferması olmuşdu. Lakin ermənilər bu istəklərinə nail ola bilmədilər, fədakar atçılarımız Qarabağ atlarının döyüş bölgəsindən çıхarılmasını təmin etdilər.

          Döyüş bölgəsindən çıхarılan Qarabağ atları əvvəlcə bir müddət Yevlaх rayonundakı "Aran" damazlıq qoyunçuluq təsərrüfatının ərazisində yerləşdirildi. Lakin həmin yerlərin təbii şəraiti Qarabağ atları üçün əlverişli olmadığına görə atlar zavodun Ağcəbədi rayonu ərazisindəki Lənbəran qışlağına köçürüldü. Ağdam Atçılıq Zavodu köçürüləndə 300-ə qədər at qeydə alınıb. Ancaq mütəxəssislər deyirlər ki, indi Azərbaycanda 100 Qarabağ atı tapılsa, böyük göstricidir. Qarabağ atlarının yetişdirilməsiylə Ağcabədiyə köçürülmüş Ağdam Atçılıq Zavodu məşğul olur.

          Vətənlərindən didərgin düşən Qarabağ atlarının yetişdirilməsi və nəslinin artırılması ilə dövlətimiz birbaşa maraqlanmaqdadır. Buna əsasaən onu da qeyd edək ki, Azərbaycanın atçılıq haqda qanununda deyilir ki, Qarabağ atlar satış üçün ölkədən çıxarıla bilməz. Bu işə birbaşa Kənd Təsərrüfat Nazirliyi nəzarət edir və atların satışı haqda danışmağın hələ tez olduğunu söyləyirlər. Hazırda bu sahədə görülən əsas iş onların çoxaldılması və müdafiəsidir.

          Qarabağ atı Azərbaycan xalqının çox dəyərli milli sərvətidir. Muğam, xalçaçılıq sənəti kimi Qarabağ atları da bizim milli sərvətimizdir. Biz əminik ki, Qarabağımız ən qısa zamanda mənfur erməni işğalından azad ediləcək və Qarabağ at cinsi məhz yenidən orada, öz doğma diyarında yetişdiriləcək və dünyaya yayılacaqdır. 

      • Hits: 1051 clicks

      Tecox component by www.teglo.info