Alpay Əhmədov / AZƏRBAYCAN YENİ GEOSİYASİ MƏNGƏNƏDƏ

    PDF faylını alÇapE-poçt

      Share

          Obrazlı şəkildə dünya çalxalanır desək, yanılmarıq. Terminoloji olaraq, bəzi ekspertlər hətta 3-cü dünya müharibəsinin getdiyini də deyirlər: təbii ki, söhbət gizli şəkildə gedən müharibədən gedir.

         Suriyada hələ də sonu görünməyən vətəndaş müharibəsi, İraqda, Liviyada gedən dezinteqrasiya prossesləri, - və bunların fonunda “Ərəb baharının” doğurduğu eyforiyanın məyusluqla əvəzlənməsi, - Rusiyanın Ukraynaya olan hərbi müdaxiləsi və faktiki olaraq iki ölkə arasında gedən elan olunmamış müharibə, İsrailin Qəzzaya endirdiyi zərbələr, İranın nüvə proqramı ətrafında gedən danışıqlar. Sözügedən geosiyasi təlatümlər istər-istəməz Azərbaycanın 20 ildən çoxdur üzləşdiyi işğal olunmuş torpaqlar problemini yenidən aktual edir. İllərdir davam edən nəticəsiz danışıqlar prosesinin yenidən reanimasiya olunması haqda söhbətləri yenidən eşidirik. Sanki geosiyasi təlatümlər Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni şəraitin yaranmasına gətirib çıxarmışdır.

          Xüsusilə, son həftələr ərzində Rusiya-Ukrayna hərbi münaqişəsi fonunda Moskvadan yüksək rütbəli siyasi xadimlərin, - RF Xarici İşlər Naziri S.Lavrov, Rusiya Dövlət Dumasının spikeri S.Narışkin, RF prezidentinin hərbi-sənaye üzrə müşaviri D.Roqozinin, - Bakıya tez-tez səfər etmələri istər-istəməz aktual sualların yaranmasına səbəb olur: Moskvadan gələn bu emissarlar münaqişənin yeni həll planları iləmi paytaxtımıza təşrif buyurur? Ən əsası, yeni təkliflər, - əgər onlar varsa, - Azərbaycanın milli maraqlarına cavab verirmi?

          Bundan başqa tez-tez mətbuata bu səfərlərin, həm də Rusiyanın Azərbaycanı yeni yaranmaqda olan Avrasiya İqtisadi Birliyinə, daha sonra Gömrük İttifaqına qoşmaq iddiasında bulunduğu kimi xəbərlərin də sızdırıldığının şahidi oluruq.

          Son zamanlar isə ən çox rast gəlinən xəbər rəsmi Moskvanın Dağlıq Qarabağ ətrafında öncə 2, bir müddət sonra 3 rayonun azad edilməsi haqda və bunun müqabilində Azərbaycanın Rusiyanın layihələri olan yuxarıda bəhs olunan qurumlara daxil olması perspektivləri ilə bağlıdır.

      Bu kimi xəbərlər öz rəsmi təsdiqini tapmasa da, sözsüz ki, onlar müəyyən qədər özündə həqiqəti ehtiva edir. Çünki Azərbaycanın neçə müddətdir Ukrayna, Moldova və Gürcüstan kimi Avropa İttifaqının Assosiativ Müqaviləyə imza atıb-atmaması ilə bağlı xəbərlər gündəmdə olmasına baxmayaraq, nə keçən ilin noyabrında Vilnüsdə, nə də bu ilin iyun ayında Brüsseldə Aİ-nin məlum sammitlərində bunun şahidi olmadıq. Yəni söhbət son aylar Rusiyanın Azərbaycana olan geosiyasi təzyiqlərinin artmasından gedir.

          Bütün bu proseslərin və ya başqa sözlə ifadə etsək, geosiyasi məngənədə olan ölkənin üzləşdiyi risklərin fonunda ağla gələn ilk sual təbii ki, Azərbaycanın seçim məsələsidir: milli maraqlar baxımından Azərbaycan hansı mövqeni tutmalıdır? Ənənəvi balans siyasətinin, - bir sıra ekspertlərin iddia etdiyi kimi, doğrudanmı resursları artıq tükənmək üzrədir?

          Azərbaycan cəmiyyətində üstünlük təşkil edən fikir ondan ibarətdir ki, Rusiyaya inanmaq olmaz və bu ölkənin siyasi layihələrinə qoşulmaq sonda suverenliyin itirilməsi deməkdir. Əks fikri söyləyənlər isə, - onları şərti olaraq lap ruspərəstlər adlandıraq, -  hesab edirlər ki, Dağlıq Qarabağın qaytarılması naminə Moskvanın planlarına qoşulmaq və Avroatlantika qurumlarına inteqrasiya etməkdən imtina etmək olar. Mən ikinciləri hardasa başa düşürəm.

          Amma fakt faktlığında qalır ki, biz hələlik Dağlıq Qarabağın dinc yolla qaytarılması istiqamətində konkret addımların atılmasını görmürük. Çox güman, elə bu səbəbdəndir ki, Azərbaycan rəhbərliyi də öz növbəsində geosiyasi seçim etməkdə tərəddüd edir və görünür, rəsmi Moskvanın torpaqların qaytarılması üçün 3+2 prinsipinin qəbul olunmasını milli maraqlara cavab vermədiyi qənaətindədir.

          Onda istər-istəməz sual yaranır: belə bir şəraitdə doğrudanmı, balans siyasəti tükənmiş olur və bu siyasətin davam etməsi sonda Azərbaycan üçün daha ciddi təhdidlərin yaranmasına gətirib çıxara bilər.

          Fikrimcə, bir şərtlə Azərbaycan Rusiyaya ciddi güzəştlərə gedə bilər. Azərbaycanlı məcburi köçkünərin öz torpaqlarına qayıtması təmin edilmək və Dağlıq Qarabağa ən geniş muxtariyyət statusu verilməsi müqabilində ciddi güzəştlər barədə düşünmək olardı. Bu güzəştlərə hətta başqa dövlətlər təmsil olunmaq şərtiylə Rusiya sülhməramlı qüvvələrinin də münaqişə bölgəsində xidmət keçmələri də daxil ola bilər. Bu halda Rusiyanın hegemonluq etdiyi KTMT deyil, iqtisadi qurum olan Avrasiya İqtisadi İttifaqına qoşulmaq olardı. Fikrimcə, işğal olunmuş torpaqların qaytarılması naminə bu cür ciddi güzəştlərə getməyə dəyər.

          Amma, yuxarıda qeyd edildiyi kimi, bunlar mülahizələr və xoş arzulardan başqa bir şey deyil. Tarix də onu göstərib ki, Rusiya münaqişənin əsas səbəbkarlarından biri kimi heç də onun çözülməsində maraqlı olmayıb, əksinə, həm Azərbaycanı, həm də Ermənistanı özündən asılı vəziyyətdə saxlamaq üçün onun dondurulmasında maraqlı olub.

          Deyilənləri nəzərə alaraq, aşağıdakıları demək olar: çox güman, Azərbaycan mümkün qədər ənənəvi balans siyasətinə sadiq qalacaq. Hələ ki, enerji resursları ölkəmizə geosiyasi məngənədə müəyyən qədər manevr etmək imkanı verir. Bu imkanların tükənəcəyi təqdirdə rəsmi Bakı fikrimcə, Aİ-yə doğru seçimini etməlidir.

          Azərbaycan üçün NATO-ya üzvlüyə aparan aktiv inteqrasiya, - söhbət Üzvlük Əməliyyatı Proqramına qoşulmaqdan gedir, - hələ tezdir: çünki NATO özü son illər post-Sovet məkanında bir faktor kimi passiv mövqe göstərir və üstəlik, bir vaxtlar alyansın qapısının açıq olmasını bəyan edən B.Obama administrasiyası belə RF-nin Ukraynaya olan hərbi müdaxiləsindən sonra bu məsələdə tərəddüd mövqeyi seçib.

          Təbii ki, rəsmi Bakı üçün Aİ ilə strateji yaxınlaşma milli təhlükəsizliyə şimaldan olan  təhdidlərin neytrallaşmasının qarşısının alınmasına qarant almaq şərti ilə əlverişli sayıla bilər. Eyni zamanda unutmaq olmaz ki, ölkəmiz perspektivdə digər post-Sovet ölkələri olan və artıq assosiasiya müqaviləsini imzalamış Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə inteqrasiya olma prosesindən də müəyyən nəticələr çıxarmaq imkanları əldə edəcəkdir.

      • Hits: 892 clicks

      Tecox component by www.teglo.info