Bayram ƏLİYEV / ATA-ANAYA HÖRMƏT

    PDF faylını alÇapE-poçt

      Share

          İmanlı ürəklərə rəhmət və şəfa olan Qurani-Kərimdə Allah-Təala belə buyurur: Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: 

       “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!”, “Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!”– de.” (İsra, 23, 24)

          Heç şübhəsiz, Qurani-Kərimin ana-ataya hörmət haqqındakı bu bəyanı qəlbində imanı olan hər bir müsəlmanı ana-ataya hörmət etməyə sövq edəcəkdir. Övladı üçün bütün çətinliklərə sinə gərib durmadan çalışan, isti-soyuq demədən alın təri tökən, gecələr yuxusuz qalan və hətta yeməyib-içməyib övladını  yedirən-içirən ata-anaya hörmət göstərib onlarla gözəl davranmaq hər kəsin borcudur.

          Allah-Təala Qurani-Kərimin bir neçə ayəsində Ona şərik qoşulmamasını tələb etdikdən sonra, ata-anaya itaət edilməsini əmr edir.

          Bütün bunlarla yanaşı, əgər ata-ana Allaha və Onun Rəsuluna üsyana səbəb, iman əsaslarını inkar edən bir şeyi əmr etsələr, onda onlara itaət edilməz. Bundan başqa bütün hallarda onlara mütləq itaət və hörmət edilməlidir.

          Hz. Peyğəmbər (s.ə.s) bir çox hədisi-şərifində ata-anaya hörmət edilməsinin vacibliyini, onların üzünə qayıtmağın böyük günah olduğunu açıq-aydın ifadə edir. Bir hədisində buyurur: “Böyük günahlar bunlardır: “Allaha şərik qoşmaq, ata-anaya asi olmaq, günahsız yerə adam öldürmək və yalan yerə and içmək” (Buxari, Ədəb, 10; Müslim, İman, 143).

          Əbu Hüreyrədən (r.ə) rəvayət olunur: (Bir gün) Hz. Peyğəmbər (s.ə.s) minbərə qalxdı və: “Amin, amin, amin!” -dedi. Aşağı endikdə soruşdular: Ey Allahın Rəsulu, siz minbərdə olduğunuz zaman: üç dəfə "amin" –dedin (bunun səbəbi nə idi?). Buyurdu: "(Mən minbərə qalxanda) Cəbrayıl (ə.s) yanıma gəldi və dedi: Kim Ramazan ayına yetişər, lakin günahları bağışlanmadan ölər və Cəhənnəmə girərsə, Allahın rəhmətindən uzaq olsun,- dedi. Mən: “amin” –dedim. Cəbrayıl (ə.s) dedi: Kim valideynlərindən hər ikisinin və ya birinin yaşlı vaxtında onlarla birlikdə olduğu halda onlarla xoş davranmaz və bu şəkildə ölər, Cəhənnəmmə girərsə, Allahın rəhmətindən uzaq olsun,- dedi. Mən yenə "amin!",- dedim. Cəbrayıl (ə.s) sözünə davam etdi: Sən kiminsə yanında yad edildikdə sənə salavat gətirməzsə və bu şəkildə ölər, Cəhənnəmmə girərsə, Allahın rəhmətindən uzaq olsun,- dedi. Mən yenə də: “amin” –dedim” (Müslim, Birr, 9, 10).

          Bəhz bin Hakimdən rəvayət edilir: Bir nəfər soruşdu: Ey Allahın Rəsulu, insanlar arasında xoş münasibət bəsləməyə (gözəl rəftar etməyə, qulluğunda durmağa) ən çox borclu olduğum adam kimdir? Hz. Peyğəmbər (s.ə.s) buyurdu: “Anan!” Həmin adam soruşdu: Bəs sonra kimdir? Bir daha buyurdu: “Anan!” Həmin adam yenə sualını təkrar etdi: Daha sonra kimdir? (Rəsulullah) bir daha təkrar etdi: “Yenə anan!” Həmin şəxs bir daha soruşdu: Ondan sonra kim? (Həzrət Peyğəmbər) cavab verdi: “(Anandan) sonra atan!” (Buxari, Ədəb, 2; Tirmizi, Birr, 1 (1897).

          Bütün bunlar göstərir ki, İslam dinində Allaha ibadətdən, Rəsulullaha məhəbbətdən sonra ən böyük sayğı ata-anayadır.

          Yaşlı ata-anasını özlərinə yük sayaraq onlara xor baxan bir övlad özünü oda atmış kimidir. Halbuki ixtiyar ata-ana onun üçün nəinki yük, əksinə, rəhmət və bərəkətə səbəbdir.

          Ata-ananın övladına etdiyi dua bir peyğəmbərin ümmətinə olan duası kimidir. Dinimizdə məşhur olan “Cənnət anaların ayağı altındadır” kəlamı da nə qədər dərin və dəyərli bir hökmdür. Bir peyğəmbərin ümmətinə etdiyi dua onları necə xoşbəxt və bəxtiyar edirsə, bir ana-atanın da öz övladına etdiyi dua onu o cür xoşbəxt və bəxtiyar edər.

      • Hits: 977 clicks

      Tecox component by www.teglo.info