Əziz SULTANOV / NECƏ YƏNİ?

    PDF faylını alÇapE-poçt

      Share

           İnsanın qabağına bəzə elə şeylər çıxır ki, insan buna “necə yəni” deməkdən başqa çarə tapa bilmir. Nə öz düşüncəsi bunu dərk eləməyə yetir, nə də ondan əvvəl gəlib-gedənlər bu məsələyə bir cavab tapıblar. 

           Dünyanın tarixi o qədər qədim və qəlizdir ki, xüsusilə tarixin dərinliklərinə səyahət edəndə insan bu suallarla və bu qaçınılmaz söz reaksiyası ilə tez-tez qarşılaşır. İş bu qədər asan deyil. Tarix səhifələrini vərəqləməyi xoşlamayanlar da istər-istəməz bu anlaşılmaz hadisələrlə qarşılaşırlar. Məsələn: “Mayalar”. Heç orta məktəbə getməyənlər belə bu sözü əvvəlki illərdə o qədər eşitdilər ki, heç nə başa düşməsələr də, onların hələ də tam olaraq kəşf edilməmiş bir mədəniyyət qoyub getdiklərini öyrəndilər. Yəni ən azından bilmədiklərinin fərqində oldular. Söhbət eramızdan 2500-3000 il əvvəlki mədəniyyətdən gedir. Dünyadakı tək sirr onlara aid deyil. Elə təkcə piramidalar haqqında düşünəcək olsaq ilk ağlımıza gələn Misir ehramları, firon piramidaları olar. Ancaq piramidalar təkcə onlara aid deyil. Çindəki türklərə aid olduğu fərz edilən “ağ piramidalar” Misirdəkilərdən daha qədim tarixə sahibdir. Üstəlik Meksikada Mayalara aid “günəş piramidası”, “ay piramidası” da ehtişamı və sirləri ilə heç də bu piramidalardan geri qalmır. Boliviyada da “günəş şəhərciyi” var ki, mərkəzində dağ boyda böyük bir piramida yerləşir. Bunları sadalamaqda məqsədim tarix, ya da arxeologiya dərsi keçmək deyil. İnsan tarixinin nə qədər də çox bilinməzi olduğunu və oradakı simmetriyanı, riyazi hesablamaları, gözəlliyi və insan əli ilə əmələ gətirilən ehtişamı seyr edib əlimizdən “necə yəni” deməkdən başqa bir iş gəlmədiyini bir daha xatırlatmaqdır. İşin ən çətin, anlaşılmaz tərəfi də odur ki, o mədəniyyətləri quran insanlar hara getdilər? Niyə belə böyük bir mədəniyyətə sahib ikən buraxıb tarixin oxunmaz səhifələrində yoxa çıxdılar? O bildikləri, əldə etdikləri inkişafı niyə nəsildən-nəsilə ötürüb bildiyimiz tarixə qədər, yəni milada qədər davam etdirə bilmədilər? Niyə insan oğlu riyaziyyatı, həndəsəni bir daha kəşf edib sıfırdan başlamaq məcburiyyətində qaldı? Bunların cavabını tapmaq Qurandan xəbərsiz olanlar üçün imkansızdır. Quran nə deyir: “sizdən əvvəl necə hadisələr olub keçib”, “yer üzünü gəzin, baxın”, “(Allahı) yalanlayanların sonunun necə olduğunu görün”. Başqa-başqa ayələrdə belə ifadələr keçir, sizdən əvvəl gələnlər sizdən daha qüvvətli idilər, həm bədən, həm də mal-mülk cəhətindən sizdən daha irəli səviyyədə idilər, lakin Allahı yalanlayıb dandıqları üçün qəzəbinə düçar oldular. Ona qarşı onları kim qoruya bilərdi ki? Allahın bəlasına düçar olduqdan sonra elə hala gəldilər ki, sanki oralarda heç yaşamamışdılar və s. Budur o qədimi yaşayış məskənlərinin, yarımçıq ehramların, içi boş sarayların ecazkar sirri: baxın və ibrət alın, sizdən daha qüdrətli olsalar da, düzəltdiklərini bu dünyada qoyub getdilər, tərk etdilər. Heç kəs bu dünyada işini bitirib qurtarmadı. Bəs siz necə olacağınızı düşünürsünüz?

           Necə də tükürpərdici ifadələrdir, elə deyilmi? Hətta bunu dəstəkləyən bir ifadə hədis şərhlərində də keçir. Soruşurlar ki, Quranda Həzrət Muhammədin (s.ə.s) bütün aləmlərə rəhmət olması bildirilir. Bu necə ola bilər, axı dünyada Allaha inanan da var, inanmayan da. Cavab olaraq deyirlər ki, “onun inananlara rəhmət olmağı Allaha gedən yolu göstərməyindədir, inanmayanlara isə rəhmət olmağı belədir ki, artıq onun gəlişindən qiyamətə qədər Allah heç bir milləti, mədəniyyəti birdən-birə qəzəbi ilə məhv edib yer üzündən silməyəcək.” O günün şərtlərində deyilən bu söz qarşısında “necə yəni” demədən dayanmaq mümkündürmü?

           Biz nəinki keçmiş mədəniyyətləri, heç öz peyğəmbərimizi belə tam olaraq başa düşə bilmirik. O, dünyaya heç meyl etmədi, - necə yəni? O, heç yalan danışmadı, - necə yəni? O, qadınlar mövzusunda həddi aşmadı, - necə yəni? O, oxuyub-yaza bilmirdi, - necə yəni? Əlinin altında olan əsirlərdən birini ev işlərində kömək üçün istəyən qızına belə, Allahın fərzlərini, zikri, ibadəti məsləhət görüb bu sənin üçün xidmətçidən daha xeyirlidir deyən bir peyğəmbəri necə başa düşmək olar.

           Bir ay ramazanı oruclu keçirəcəyi halda bir də şaban ayının yarıdan çoxunu oruclu keçirən, günahlarının əfv olunduğu Quranda da bəyan edildiyi halda gecələr qalxıb əfv diləyib, ayaqları şişənə qədər namaz qılan bir peyğəmbəri necə başa düşmək olar?

           Üzündə həsirin saldığı izləri görüb kədərlənənlərə, - mən istəsəydim Allah mənim üçün Uhud dağını qızıla çevirərdi. Ancaq mən bir kölgədə dincəlib yoluna davam edən yolçu kimiyəm, - deyən və dünyaya qarşı az da olsa məhəbbəti olmayan bir peyğəmbəri necə başa düşmək olar?

           Allah üçün xərcləyən malını özü ilə aparmış olar, xərcləməyən isə varislərinin malına qarovulçuluq etmiş olar, - deyən bir peyğəmbəri necə başa düşməmək olar. Bəli, ona və onun gətirdiyi böyük xəbərə, - yenidən diriliş xəbərinə inandıqdan sonra onu necə başa düşməmək olar? Bax burada həqiqətən o sözün yeri var: necə yəni?

      • Hits: 716 clicks

      Tecox component by www.teglo.info