Eldar KƏRİMOV/ TƏSİR ƏKS-TƏSİRƏ BƏRABƏRDİR

    PDF faylını alÇapE-poçt

      Share

           Nə cür görmək istəyirsənsə o cür baxmalısan. Sevilmək istəyirsənsə sevməli, nifrət edilmək istəyirsənsə nifrət etməlisən. 

           Hər zaman qarşına yaxşı insanların çıxmasını istəyirsənsə, özün yaxşı insan olmalısan. Bu dünyada pislik edib yaxşılıq görə bilməzsən. Etdiklərin zaman-zaman, bir-bir çıxar qabağına. Rəhmət etməzsənsə mərhəmət edilməz sənə. Malının oğurlanmağını istəmirsənsə, sən də oğurlamayacaqsan insanların malından. Başqalarının namusuna, qeyrətinə toxunmayacaqsan ki, toxunmasınlar sənin namusuna, qeyrətinə. Bir kimsəni təhqir edib aşağılamayacaqsan ki, bir gün sən də o vəziyyətə düşməyəsən. Bu gün insanların fiziki nöqsanlarına lağ etməyəcəksən ki, sabah ondan da pis vəziyyətə düşməyəsən. Sənə verilən nemətlərin zəkatını vaxtında verəcəksən ki, nemətlər əlində olmayanda səni də xatırlayan olsun.

           Başqalarının övladlarına tərbiyəsiz deyib gözdən salma, çünki sabah sənin övladının hansı tərbiyəyə sahib olacağı məchuldur. Dilini gözəl sözlərlə bəzə ki, qulaqların pis sözləri eşitməsin. Gedərkən yollarına düzülmüş daşları qaldır ki, geri qayıdarkən yollarında gözəl güllərin şahidi olasan.

          Dünyada yaradılmış heç bir şey sahibsiz, nəzarətsiz və başıboş deyil.  Hər kəsin işlərini yoluna qoyan, bütün canlıların ruzisini verən, hər zaman ədaləti bərqərar edən bir Yaradan var.  O, bütün əməllərimizə nəzarət edərək haqq və ədaləti bərqərar edir. Yaxşını yaxşı, pisi pis insanlarla qarşılaşdırır. Onun nəzarəti altında kimsənin haqqı başqasının üzərində qalmaz.

           Biz öz fitri əqlimiz ilə bütün işlərin dəyərini dərk edirik. Məhz bu dəyərlərin vasitəsilə ədaləti və haqqı xeyir, zülmü isə batil və şər hesab edirik. Eləcə də ədalətli şəxsi ehtiram və mükafata, zülm və təcavüz edən şəxsi isə cəzaya layiq görürük. Bu dəyərlər də müşahidə və fitrətin hökmünə uyğundur.

           Buna görə də bir şəxs möhtac olmazsa, yaxud hiylə işlətməkdə, xəyanət və zülm etməkdə özü üçün müəyyən mənfəət və məsləhət görməzsə, onda doğruluq, əmanətdarlıq və ədalət əsasında rəftar edəcəkdir. Bu məsələ eynilə dünyanın Yaradanı olan hikmətli Allah barəsində də keçərlidir. Çünki Allah-Təalanın pak Zatı əql və fitrətimizlə tanıdığımız bütün dəyərlərlə əhatəli olduğundan əlavə, əqlin özünü də məhz O yaradaraq insanlara bəxş etmişdir, eyni zamanda Özünün sonsuz qüdrəti ilə dünyaya hakim olmuşdur, Onun heç bir fayda və ya mənfəətə də ehtiyacı yoxdur. Buna görə də biz Onu heç vaxt zülm etməyən adil hesab edirik. Çünki Allah-Təalanın ilahi dərgahında zülmə yer yoxdur.

           Bu dünyada edilən heç bir yaxşlıq cavabsız, pisliklər isə cəzasız qalmaz. El arasında gözəl bir məsəl var: “Yaxşılığı et, at dənizə. Balıq bilməsə də Xaliq bilər”. Həqiqətən də belədir. Yəqin hər birimiz bunu etiraf edə bilərik ki, həyatımızda elə anlar olub ki, onları biz möcüzə adlandırırıq. Heç bir işıq olmayan zülmətdə birdən aydınlanan nurun şahidi olmuşuq. Bütün bu hadisələrdən sonra öz-özümüzə çox demişik əlbəttə: bu necə ola bilərdi? Axı bu mümkünsüzdür. Bunu heç kim edə bilməzdi. Amma oldu. Bəli elə əsas məsələ, olması mümkün olmayana inanmaq və onun failini dərk etməkdir. İşimiz yaxşı alınmırsa, hər tərəfdə qarşımıza bir maneə çıxırsa, bütün xırdalı-böyüklü müsibətlər bizi haqlayırsa günahı başqasında deyil, özümüzdə axtarmalıyıq. Çünki bu dünyada ədalətsiz heç nə baş vermir. Əgər bir yerdə bir müsəlman körpənin canına haqsız yerə qıyılırsa günahı başqa yerdə yox, elə məhz özümüzün əməllərində və məsuliyyətsizliyimizdə axtarmalıyıq.

      Biz də sadəcə ətrafımızdakılara deyil, bizi yaradan Allahımıza qarşı da sərhəddimizi biləcəyik. İstədiyimiz zaman Onun qoyduğu qadağaları pozub istədiyimiz zaman icra etməyəcəyik. Varlıq yoxluq arasında qıvrılarkən həqiqi imanımız qurtaracaq bizi zülmətin içərisindən. Onsuz da nə qədər sağlığımız, nə qədər var dövlətimiz olsa da ölümə doğru yol almışıq. Ölümün bizi harada gözlədiyini bilməsək də, ölümü hər yerdə gözləməliyik.

           Və son olaraq onu deyim ki, həyatın mənasını başa düşmək o qədər də çətin deyil. Bunun sadə bir yolu var:

           Ya yaxşı ol, həyat sənə xoş olsun...

           Ya pislik et, yaşadığın boş olsun...

           Vəssalam...

      • Hits: 791 clicks

      Tecox component by www.teglo.info