Müşfiq XƏLİLOV / BƏRAƏT GECƏSİ

    PDF faylını alÇapE-poçt

      Share

           Uca Allah biz müsəlmanlara fəziləti böyük olan bir çox gün və gecələr ehsan etmişdir. Bu gecələrdən biri də Şaban ayının on beşinci gecəsi olan mübarək Bəraət gecəsidir.

         Günahlardan təmizlənmək, Allahın əfvinə sığınmaq mənasına gələn Bəraət hədisi-şəriflərdə duaların qəbul ediləcəyi günlərdən sayılmışdır. Bundan əlavə, bu gecəyə hökm və təqdir gecəsi, rəhmət və məğfirət gecəsi də deyilmişdir. İslam alimləri bu gecənin fəzilətlərini bu cür açıqlamışlar.

           Bu gecə təqdir və hökm gecəsidir. Bu gecədə bir il içərisində baş verəcək hadisələr, əcəllər, ruzilər, xəstəliklər, əməllərlə əlaqəli məsələlər mələklərə yazdırılır. Ruzilərə aid qisim Mikailə (ə.s), müharibələr və zəlzələlər kimi məsələlər Cəbrailə (ə.s) əməllərə aid qisim İsrafilə (ə.s) və əcəllərə aid qisim isə Əzrailə (ə.s) verilir.

           Bu gecə rəhmət və məğfirət gecəsidir. Necə ki, Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Şübhəsiz ki, Allah-Təala, Şaban ayının gecə yarısı, dünya səmasına rəhmətlə nəzər edərək Kəlp qəbiləsinin qoyunlarının tüklərinin sayından daha çox  kimsəni əfv edər[1].

           Digər bir hədisi-şərifdə isə belə buyurulur:

           Şaban ayının yarısı olunca, gecəsini ibadət ve itaətlə keçirin. Gündüzündə də oruc tutun. Çünki, Allah Təala bu gecə günəşin batışından etibarən dünya səmasına rəhmətlə təcəlli edər və belə buyurar: 

           -Yoxdurmu əfv diləyən, onu əfv edim? Yoxdurmu ruzi istəyən, ona ruzi verim. Yoxdurmu xəstələnən, ona şəfa verim.

           Uca Allahın bu səslənişi səhərə qədər davam edər[2].

           Allah Rəsulu (s.ə.s) başqa bir hədisi-şərifində isə belə buyurmuşdur:

         Allah-Təala Şaban ayının ortasında qullarının vəziyyətinə baxar, müşrik və kinli olanlardan başqa, digər qullarının bütün günahlarını bağışlayar[3].

           Digər bir hədisi-şərifdə isə belə buyurur:  

           Bu gecə Şaban ayının on beşinci gecəsidir. Allah-Təala bu gecədə Bəni Kəlb qəbiləsinin qoyunlarının tüklərinin sayı qədər insanı cəhənnəmdən azad edər. Ancaq Uca Allah bu gecədə özünə şərik qoşanların, müsəlmanlara qarşı kin və düşmənçilik bəsləyənlərin, qohum-əqrabaları ilə əlaqəni kəsənlərin, ana və atalarına üsyan edənlərin üzünə baxmaz[4].

           Elə isə gəlin rəhmət və məğfirət gecəsi olan Bəraət gecəsində həyatımız boyu etdiyimiz səhvləri düzəltmyə qərar verək. Dua və niyazlarla Allaha sığınaq. Ömrümüzün hesabını apararaq, xətalarımızı düzəltməyə çalışaq. Çoxlu namaz qılaq, Quran oxuyaq, Peyğəmbərimizə (s.ə.s) salət və salam gətirək. Kin və düşmənçiliyi buraxıb qardaş kimi yaşayaq. Böyüklərimizi, qohum-əqrabamızı, din qardaşlarımzı ziyarət edək. Keçmişlərimizi rəhmətlə anaq. İmkan daxilində yoxsullara yardım edək. Qarşıdan gələn Ramazan ayına indidən hazırlaşaq. Unutmayaq ki, insan yalnız Allaha qulluq etdiyi zaman insandır. Mübarək Bəraət gecəsinin sizə və bütün möminlərə xeyirlər gətirməsini Rəbbimizdən niyaz edər, yazıma bir qüdsi hədisi-şərifin mənasıyla bitirirəm. Uca Allah belə buyurur:

           Ey insanoğlu, dua etmək səndən, qəbul etmək Məndəndir. Əfv diləmək səndən, əfv etmək Məndəndir. Tövbə etmək səndən, bağışlamaq Məndəndir. Şükr etmək səndən, çoxaltmaq Məndəndir. Səbir etmək səndən, yardım etmək Məndəndir[5].


      [1] İbni-Macə, Tirmizi, Əhməd, Ət-Tac c. 2, s. 93.

      [2] İbni-Macə, Ət-Tac, c. 2, s. 93.

      [3] İbni-Macə, Əhməd, Ət-Tac c. 2, s. 93.

      [4] Ət-Tərgib vət-Tərhib c. 2, s. 239.

      [5] Ət-Tərgib vət-Tərhib c. 2, s. 79, Nö: 34. 

       

      • Hits: 1117 clicks

      Tecox component by www.teglo.info